İnsanın həyatını nizamlayan, ona düzən verən ilk növbədə inancıdır. İnsan inandığı kimi yaşar, bildiyi kimi edər. Bizim inancımız isə Allahdan, Onun bizə Qurani-Kərimdə bildirdiklərindəndir. Din – bir həyat tərzi, bir yaşam biçimidir. Yaradanın bizə buyurduğu din – İslamdır. İslam dini başdan ayağa gözəlliklərlə doludur.
Bu gözəlliklərdən biri də minilliklərdir yaşadılan Qurban bayramıdır. Həzrəti İbrahimin övladı İsmayılla imtahana çəkildiyi o sınağın müsbət cavabı Allah tərəfindən bayramla mükafatlandırıldı. Yeddi min ilə yaxın tarixi olan Qurban bayramı bu gün də dünyanın hər yerində müsəlmanlar tərəfindən sevgi, sayğı və paylaşma ilə qeyd olunur. Maddi nemətlər paylaşdıqca azalır, mənəvi dəyərlər isə paylaşdıqca çoxalır. Sevinclər də bu qəbildəndir.
Bu gün səhər saatlarında Balakən Cümə Məscidində bayram namazı qılındı. Balakənin müxtəlif yerlərindən gələn möminlər bir araya gələrək bayram xütbəsini dinlədilər. İbadətdən sonra din qardaşları bir-birini təbrik etdi, ən xoş arzularını dilə gətirdi. Hər kəs Allahdan neçə-neçə belə bayramları qarşılamağı, birlik və bərəkət içində yaşamağı dilədi.
Qurban bayramı – yalnız qurbanlıq heyvanların kəsilməsi deyil, həm də mənəvi dəyərlərin, yardımlaşmanın, qardaşlığın bayramıdır. Bu gün Balakən Cümə Məscidində yaşanan mənzərə bir daha göstərdi ki, İslamın ruhu – sevgi, paylaşma və həmrəylikdir.
Bayramınız mübarək olsun! Allah hər bir evə bolluq, hər bir ürəyə sevinc bəxş etsin.
Yeni Balakən








