Yaşıllıq sahələrinin inkişafına xidmət edən yeni layihə
Balakən rayonunda yaşıllaşdırma işlərinin daha səmərəli təşkili və yerli bitki materiallarının yetişdirilməsi məqsədilə yeni istixana fəaliyyətə başlayıb. Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev rayon ərazisində yaradılmış istixanada görülən işlərlə tanış olub, burada yaradılan şərait, bitkilərin yetişdirilməsi prosesi və gələcək fəaliyyət istiqamətləri ilə maraqlanıb.
Məlumata görə, uzunluğu 20 metr, eni 8 metr olan istixanada 6 mindən çox müxtəlif növ və sortlu dibçək güllərinin yetişdirilməsi nəzərdə tutulur. Layihə Balakən Bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib. İstixananın fəaliyyəti, bitkilərin yetişdirilməsi, qorunması və aqrotexniki qulluq işləri isə Balakən Rayon Yaşıllaşdırma İdarəsi tərəfindən təşkil olunacaq.
Fəslə uyğun istilik sistemi ilə təchiz edilən istixanada bitkilərin sağlam inkişafı üçün bütün zəruri şərait yaradılıb. Ərazi daimi su təminatı ilə təmin olunub, Yaşıllaşdırma İdarəsinin bağbanları tərəfindən bitkilərə mütəmadi aqrotexniki qulluq göstərilir.
İstixana ilə tanışlıq zamanı rayon rəhbəri görülən işlərin əhəmiyyətini vurğulayaraq, yaşıllıq sahələrinin genişləndirilməsi, dekorativ bitkilərin yetişdirilməsi və abadlıq-gözəllik işlərində yerli imkanlardan daha səmərəli istifadə olunmasının vacibliyini qeyd edib. O, eyni zamanda bitkilərin yetişdirilməsində aqrotexniki qaydalara ciddi əməl olunması, qulluq işlərinin keyfiyyətinin yüksəldilməsi və mövcud resurslardan maksimum faydalanılması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verib.
Qeyd olunub ki, gələcəkdə bu tip istixanaların sayının artırılması nəzərdə tutulur. Həmçinin burada yalnız dibçək güllərinin deyil, həmişəyaşıl və müxtəlif sortlu dekorativ ağacların yetişdirilməsinin təşkili planlaşdırılır. Bu təşəbbüs rayon ərazisində yaşıllıq zolaqlarının genişləndirilməsinə, park və küçələrin daha estetik görkəm almasına, abadlıq işlərinin davamlı və sistemli şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcək.
Mütəxəssislərin fikrincə, Balakəndə yaşıllıqların qorunması, artırılması və şəhər mühitinin daha da gözəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində yaradılan bu cür istixanalar yerli bitki materiallarının yetişdirilməsi, yaşıllaşdırma işlərinin effektivliyinin artırılması və rayonun ekoloji mühitinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Yeni Balakən





















Leave a Reply