Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

🕊️ Vətən müharibəsi şəhidi Vahid Əlisoltanovun əziz xatirəsi ehtiramla yad edilib

🕊️ Vətən müharibəsi şəhidi Vahid Əlisoltanovun əziz xatirəsi ehtiramla yad edilib

Balakəndə bu gün bir daha Vətən sevgisinin, şəhidlik zirvəsinin ucalığına şahidlik edildi. 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Vahid Əlisoltanovun məzarı başında keçirilən anım mərasimi həm hüzn, həm də qürur dolu anlarla yadda qaldı.

Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları,mədəniyyət işçiləri, məktəb direktorları, qazilər, şəhid ailələri və rayon ictimaiyyəti bir araya gələrək Vahid Əlisoltanovun ruhuna dualar oxudular. Onun döyüşlərdə göstərdiyi igidlikdən, vətənpərvərliyindən danışıldı. Vurğulandı ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Bu sözlər bir daha sübut etdi ki, şəhid ailələrinə olan ehtiram dövlətimizin və xalqımızın ən ali borcudur.

Vahid Əlisoltanov 1994-cü ilin noyabrında Balakənin Gərəkli kəndində dünyaya göz açmışdı. Uşaqlıq illərini kəndin saf havasında, məktəb illərini M.Müşfiq adına tam orta məktəbdə keçirmişdi. Gənclik illərində isə Vətən sevgisini hərbi xidmətlə sübut etdi. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Füzuli və Qubadlı uğrunda döyüşlərdə iştirak etdi. 24 oktyabrda Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Onun adı Azərbaycan Ordusunun şərəfli tarixinə yazıldı. “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Vətənə xidmətə görə” ordeni onun igidliyinin rəsmi təsdiqi oldu. Lakin ən böyük mükafatı xalqın yaddaşında əbədi yaşamaqdır.

Balakənin Şəhidlər Xiyabanında uyuyan Vahid Əlisoltanovun məzarı bu gün bir daha sübut etdi ki, şəhidlərimizin ruhu xalqımızın yolunu işıqlandırır. Onların fədakarlığı sayəsində azad edilən torpaqlarda bu gün quruculuq işləri gedir, həyat yenidən çiçəklənir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir