Bu gün Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və gənclər iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Dövlət Suverenliyi Gününün qeyd olunmasının xalqımızın tarixində əldə edilmiş mühüm nailiyyətlərin bir daha xatırlanması baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının tarixi Zəfər olduğunu vurğulayıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu və Azərbaycan Ordusunun inkişafı siyasəti Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və ardıcıl şəkildə davam etdirilib. Məhz bu məqsədyönlü siyasətin nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad edib. 19–20 sentyabr 2023-cü il tarixlərində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi bütün ölkə ərazisində tam bərpa olunub. Əldə olunan bu tarixi Zəfərlər Azərbaycan xalqının milli iradəsinin, dövlət-xalq birliyinin və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin nəticəsidir.
Sonra çıxış edən şəhid Elmir Kərimovun anası Gülşən xanım Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsindən, ölkəmizin ərazi bütövlüyünün bərpasından, bu istiqamətdə həyata keçirilən ardıcıl siyasətdən, şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edib.
Tədbirin sonunda Balakən rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında ədəbi-bədii kompazisiya nümayiş olunub. Vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Vətənə, dövlətə və milli dəyərlərimizə bağlılıq hisslərini özündə əks etdirən musiqi proqramı tədbirə xüsusi ovqat qatıb.
Yeni Balakən

















Leave a Reply