Balakən rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər yaddaşlarda dərin iz buraxır. Bu tədbirlərin ən təsirli məqamlarından biri isə rayon Mədəniyyət Mərkəzində nümayiş olunan “Qarabağnamə” tamaşası oldu.
İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsasında hazırlanan tamaşa Mədəniyyət Mərkəzinin bədii rəhbəri Zöhrə Bakeyeva tərəfindən səhnələşdirildi. Tamaşadan əvvəl foyedə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi ziyarət olundu, bu isə tədbirə xüsusi mənəvi rəng qatdı.
Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən üzrə nümayəndəsi Şəfəq Hacıyeva çıxışında Ulu Öndərin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğıdan danışaraq vurğuladı ki, “Qarabağnamə” tamaşasının məhz bu günə həsr olunması təsadüfi deyil, milli-mənəvi dəyərlərimizin yaşadılmasına bir töhfədir.
Səhnədə Arzu Ocaxverdiyev, Qürbət Muradov, Nərgiz Hacıyeva, Nazim Manafov və dram dərnəyinin üzvləri – Kəmalə Qurbanova, Vüqar Mikayılov, Rasim Sərkərov, Rəfail Nəbiyev, Namiq Novruzov, Ramazan Mollaçıyev, Ramazan Abalov, Zamin Yüzbaşiyev, Nani Cavadova və Səadət Cerçiyeva obrazları böyük ustalıqla canlandırdılar. Tamaşaçılar onların ifasını alqışlarla qarşıladı, səhnədəki hər bir söz, hər bir duyğu salonda dərin rəğbət doğurdu.
Tamaşanın sonunda Heydər Əliyevin “Qarabağnamə” haqqında fikirlərinin yer aldığı videoçarx nümayiş olundu. Bu məqam tamaşanın emosional təsirini daha da gücləndirdi, izləyicilərə həm tarixi, həm də mənəvi bir mesaj verdi.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbir iştirakçıları ilə görüşərək onlara fəaliyyətlərində uğurlar arzuladı. Sonda yaradıcı heyətlə xatirə şəkli çəkildi.
Yeni Balakən









