Balakəndə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib
Bu gün Balakən Rayon Mədəniyyət Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid anaları və xanımları, övladları, həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər. Şəhid ailəsinin üzvlərinə rayon icra hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim olunub.
Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artmasından bəhs edib. Bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın simasında dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Rayon rəhbəri qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, hər birinə cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulayıb.
Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlar Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub.
Həmçinin tədbirdə şəhid anası Gülşən Kərimova və şəhid atası Şəmsəddin Tuhumov çıxış edərək qadınların cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və sağlam ailə institutunun formalaşmasında mühüm rol oynadıqlarını qeyd ediblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbir Balakən Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam etdirilib.
Eyni zamanda rayon rəhbəri Natiq Ağayev rayon icra hakimiyyətində çalışan xanım əməkdaşları təbrik edib, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Yeni Balakən








