Balakən rayonunda “Min ildə bir dəfə doğulan kəs, tarixdə əbədi yaşayacaqdır” başlığı altında tədbir keçirilib
11 dekabr 2025-ci il tarixdə keçirilən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ŞZRMİ-nin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva çıxış edərək Heydər Əliyevin milli dövlətçilik tarixindəki rolundan danışıb və gənc nəslin bu irsdən faydalanmasının vacibliyini xüsusi vurğulayıb.
Balakən rayon Mədəniyyət Mərkəzinin işçiləri və könüllülərinin iştirakı ilə xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyat dastanı” poeması əsasında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. “Min ildə bir dəfə doğulan kəs, tarixdə əbədi yaşayacaqdır” adlı kompozisiya Ulu öndərin zəngin həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsində müstəsna xidmətlərini və xalq yaddaşında əbədi yaşayan irsini bədii ifadələrlə təqdim edib.
Tədbirdə həmçinin Şəfəq Hacıyevanın fortepianoda müşayiəti ilə gənc vokalist Vasif Qasımovun ifasında Sevil Əliyevanın “Əziz anam” mahnısı təqdim olunub və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində iştirakçılar Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş kitab sərgisi ilə də tanış olublar.
Zöhrə Bakeyeva







