Balakən rayonunun Nəriman Nərimanov adına Mahamalar kənd tam orta məktəbinin qarşısında yaranmış acınacaqlı yol vəziyyəti həm valideynlərin, həm də məktəb kollektivinin ciddi narahatlığına səbəb olub. Hər gün övladını məktəbə aparıb-gətirən valideyn A. Elməddinin redaksiyamıza ünvanladığı müraciət bir daha göstərir ki, bəzi problemlər illərlə göz önündə olsa da, hələ də həllini gözləyir.
Məktəbin giriş qapısının qarşısından keçən avtomobil yolunun asfalt örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Yolun müxtəlif hissələrində əmələ gələn dərin çuxurlar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, sürücüləri təhlükəli manevrlər etməyə məcbur edir. Yağışlı günlərdə isə vəziyyət daha da ağırlaşır. Çuxurlar su ilə dolduğundan piyadalar, xüsusilə məktəblilər palçıq və gölməçələr içərisində hərəkət etməyə məcbur qalırlar.
Ən narahatedici məqam isə odur ki, söhbət adi bir küçədən deyil, yüzlərlə şagirdin hər gün istifadə etdiyi məktəb yolundan gedir. Təhsil ocağının qarşısındakı piyada hissəsinin və yol örtüyünün bu vəziyyətdə qalması uşaqların təhlükəsizliyi baxımından ciddi risk yaradır. Kiçik yaşlı məktəblilərin avtomobillərlə dolu, dağılmış və çuxurlu yolda hərəkət etməsi hər an xoşagəlməz hadisələrin baş verməsi ehtimalını artırır.
Valideynlər haqlı olaraq sual edirlər: məktəbə aparan yolun təhlükəsizliyi kimə həvalə olunub? Təhsil müəssisəsinə gedən yolun bu vəziyyətə düşməsi və uzun müddət diqqətdən kənarda qalması aidiyyəti qurumların məsuliyyətini gündəmə gətirir. Axı gələcəyimiz olan uşaqların rahat və təhlükəsiz məktəbə gedib-gəlməsi ən vacib məsələlərdən biri sayılmalıdır.
Mövcud vəziyyət yalnız nəqliyyat problemi deyil. Dağılmış asfalt örtüyü, toz, palçıq və su gölməçələri şagirdlərin sağlamlığına da mənfi təsir göstərir. Yağışlı havalarda ayaqqabıları və geyimləri palçığa bulaşan uşaqlar günlərini narahat və diskomfort şəraitdə keçirməli olurlar.
Sakinlər və valideynlər ümid edirlər ki, aidiyyəti qurumlar məsələyə laqeyd qalmayacaq, ən azı dərin çuxurların doldurulması və yolun müvəqqəti təmir olunması istiqamətində təxirəsalınmaz tədbirlər görüləcək. Çünki söhbət yalnız yolun abadlaşdırılmasından deyil, məktəblilərin təhlükəsizliyindən və sağlamlığından gedir.
Redaksiyadan
Məktəb yollarının təhlükəsizliyi hər zaman prioritet məsələ olmalıdır. Mahamalar kənd tam orta məktəbinin qarşısındakı yolun acınacaqlı vəziyyətinin qısa zamanda aradan qaldırılacağına və aidiyyəti qurumların problemin həlli üçün operativ addımlar atacağına ümid edirik. Uşaqların məktəbə təhlükəsiz gedib-gəlmək hüququ heç bir halda gözardı edilməməlidir.
Yeni Balakən













Leave a Reply