Azərbaycanın şimal-qərb bölgəsində incəsənətin və yaradıcılığın ünvanlarından biri olan Balakən Uşaq İncəsənət Məktəbi illərdir ki, rayonda, bölgədə və respublika səviyyəsində keçirilən mötəbər tədbirlərin fəal iştirakçısı kimi tanınır. Öz dəsti-xətti, peşəkar müəllim kollektivi və istedadlı şagirdləri ilə seçilən bu sənət ocağı növbəti dəfə maraqlı və mənəvi dəyəri yüksək olan bir təşəbbüsə imza atdı. Məktəbin kollektivi Zəfər və Dövlət Bayrağı Günləri münasibətilə Qarabağa ekskursiya təşkil edərək bu müqəddəs günləri zəfərlə azad olunmuş torpaqlarımızda qeyd etdi.
“Yeni Balakən” qəzetinin əməkdaşı kimi, fəaliyyətini daim diqqətdə saxladığımız bu sənət ocağını səfər boyu müşayiət etmək mənə də nəsib oldu. Qarabağın azad edilmiş torpaqlarında qürurla addımlamaq, qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan Zəfərin izlərini öz gözlərinlə görmək, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda həyata keçirilən geniş quruculuq işlərinə şahid olmaq tamam başqa hisslər yaşadır.
Səfərin ilk dayanacağı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri oldu. Cəmi bir gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə ziyarət etdikləri məkanlarda olmaq hər bir iştirakçı üçün xüsusi qürur mənbəyi idi. Şuşada aparılan abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olan ekskursiya iştirakçıları tarixin canlı salnaməsi olan bu şəhərin küçələrini gəzərək onun hər daşında, hər divarında yaşayan milli ruhu hiss etdilər. Xüsusilə Bakının məşhur Tarqovusunu xatırladan Qarabağ küçəsi şəhərə fərqli gözəllik və rəng qatırdı.
Şuşanın füsunkar cazibəsi bizi zamanın axarından ayırmışdı. Saatların necə keçdiyini hiss etmədən yolumuzu Qarabağın döyünən ürəyi sayılan Xankəndinə saldıq. Burada nahardan sonra şəhərin küçələrini addım-addım gəzərək onun yenilənən simasının şahidi olduq. Hər addımda dövlətimizin qayğısını, Prezident İlham Əliyevin şəhərin bərpasına nə qədər diqqət və həssaslıqla yanaşdığını görmək mümkün idi. Vaxtilə erməni işğalı dövrünün yaratdığı viranə görüntülərdən əsər-əlamət qalmayıb. Qarabağ sürətlə dirçəlir, yaşayır və nəfəs alır. Küçələrdə uşaq səsləri eşidilir, yeni həyat başlayır. Artıq doğum şəhadətnamələrində doğum yeri kimi Şuşa, Xankəndi, Ağdam yazılması hər bir azərbaycanlı üçün qürurverici həqiqətdir.
Xankəndidə ekskursiya iştirakçılarına ən unudulmaz anlardan birini isə nahardan sonra yaşanan səmimi görüş bəxş etdi. Restoranda fəaliyyət göstərən DJ-in səs avadanlığında Balakənin musiqi nümunələri səsləndirildi, milli rəqslərimiz nümayiş olundu. Bu musiqilər ətrafdakılarda böyük maraq yaratdı, insanlar rəqslərə qoşuldu, sanki hər kəs bir ailənin üzvünə çevrildi. “Yenə gələcəksinizmi?” sualı ilə ayrılan insanların səmimiyyəti göstərdi ki, mədəniyyət və incəsənət insanların qəlblərini birləşdirən ən güclü körpüdür.
Axşam saatlarında Xankəndidən ayrılaraq Xocalıya üz tutduq. Burada Azərbaycan və Türkiyə prezidentlərinin ziyarət etdikləri Xocalı Soyqırımı Memorial Kompleksi ilə tanış olduq. Xocalı torpağında həm soyqırım qurbanlarının, həm 20 Yanvar şəhidlərinin, həm Ümummilli Lider Heydər Əliyevin, həm də Azərbaycanımızın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdik, onların ruhuna dualar oxuduq.
Bu səfər bir daha göstərdi ki, Qarabağ artıq təkcə Zəfərin deyil, həm də dirçəlişin, birliyin və gələcəyin ünvanıdır. Balakən Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri isə bu torpaqlardan yalnız xatirələrlə deyil, həm də vətən sevgisini daha da gücləndirən duyğularla geri döndülər. Qarabağı görmək, onun yenidən doğuluşuna şahid olmaq hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Zəfərlə qayıdan bu torpaqlarda həyat yenidən çiçəklənir və bu çiçəklənmənin şahidi olmaq gələcək nəsillərə danışılacaq ən qiymətli xatirələrdən biridir.
Ramazan Abal
“Yeni Balakən” qəzeti

















Leave a Reply