📚 Balakəndə Bilik Günü: Yeni Tədris İlində İlk Addımlar
15 sentyabr – Bilik Günü bütün ölkədə olduğu kimi Balakən rayonunda da böyük coşqu ilə qeyd olundu. Bu gün yalnız yeni dərs ilinin başlanğıcı deyil, həm də savadlanma bayramı kimi hər bir şagirdin, müəllimin və valideynin yaddaşında xüsusi iz buraxdı. Ən çox sevinci isə birincilər yaşadı – məktəb binasına ilk addımlar, sinif otaqlarına maraqlı baxışlar, müəllim qarşısında ilk oturuşlar, valideynlərin qürur dolu baxışları bu günün bayram ovqatını daha da gücləndirdi.
🌟 Qarahacılı Məktəbinin Uğurları
Rayonun nümunəvi təhsil ocaqlarından olan Qarahacılı kənd ümumtəhsil məktəbi bu il də uğurları ilə seçildi. Samirə xanımın rəhbərliyi altında məktəb zirvələrə yüksəlməkdədir. 12 nəfərlik buraxılış sinifindən 7 nəfərin ali, 3 nəfərin isə orta ixtisas məktəblərinə qəbul olunması təhsilimizin gücünü göstərir. Yeni tədris ilində isə 19 uşaq birinci sinfə qədəm qoyaraq ilk dəfə parta arxasında əyləşdi. Onların təməli sağlam qoyulacaq və bu uğurları davam etdirəcəklərinə inam böyükdür.
🌱 Sarıbulaqda İlk Müəllim Sevinci
Sarıbulaq kənd tam orta məktəbində də Bilik Günü bayram ab-havasında keçdi. 18 uşaq şagird adını qazanaraq ilk müəllimləri Xatirə Baradova ilə tanış oldu. Xatirə müəllimə savadlı və fədakar pedaqoq kimi bu uşaqların təhsil yolçuluğuna rəhbərlik edəcək. Valideynlərin sevinci, uşaqların həyacanı bir-birinə qarışaraq məktəbin həyətində bayram ovqatı yaratdı.
Balakəndə Bilik Günü bir daha onu göstərdi ki, təhsil yalnız bilik qazanmaq deyil, həm də gələcəyin möhkəm təməlini qurmaqdır. Birincilərin sevinci, valideynlərin qüruru, müəllimlərin fədakarlığı bu günün ən gözəl mənzərəsi oldu. İnanırıq ki, bu gün məktəbə qədəm qoyan balaca şagirdlər sabah rayonumuzun fəxri, ölkəmizin qüruru olacaq. Yeni Balakən












Leave a Reply