Bayram Sevinci Şəhid Ailəsinin Evində Bölüşüldü

Bayram Sevinci Şəhid Ailəsinin Evində Bölüşüldü

Qurban bayramı Balakəndə bu il də paylaşma, bölüşmə və birlik ruhu ilə başladı. Bayramın ilk günündə Mahamalar kəndindən olan Vətən müharibəsi şəhidi Hacıyev Qurban Əsəbəli oğlunun ailəsi ziyarət olundu. Qurban bayramının ən ülvi məqamlarından biri paylaşmaq, bölüşmək və birlik hissini yaşatmaqdır. Bu müqəddəs günlərdə imkansız ailələrin qapısını döymək, onların evinə bayram ovqatı gətirmək həm dini, həm də mənəvi borcumuzdur. Xüsusilə şəhid ailələri – Vətən uğrunda canından keçmiş igidlərin əmanəti olan bu ailələr – hər zaman diqqət və qayğıya layiqdirlər. Vətən müharibəsi şəhidi Hacıyev Qurban Əsəbəli oğlunun ailəsi həm şəhid ailəsi, həm də rayonun ən kasıb ailələrindən biridir

Şəhidin anası, Balakən rayon Mənzil İstismarı Müəssisəsində sosial işçi kimi çalışan Hacıyeva Nərgiz xanım, qapısına gələn bayram qonaqlarını səmimi qarşılayırdı. Müəssisənin rəisi Ramil Mirəliyev və müavini İzafi Akqubayev ailəyə qurban payı və bayram sovqatı təqdim edərək, bayram sevincini onlarla bölüşdülər.

Görüş sadəcə bir rəsmi ziyarət deyildi – evin içində bayramın əsl ovqatı hiss olunurdu. Ramil müəllim ailənin gündəlik problemləri ilə maraqlanaraq, onların maddi vəziyyətini diqqətlə dinlədi. O, şəhid ailəsinin daim diqqətdə saxlanılacağını, bu gəlişlərin sonuncu olmayacağını vurğuladı. “Şəhid ailələrinin qapısı yalnız bayramlarda deyil, hər zaman açılmalıdır” – deyə o bildirdi.

Nərgiz xanımın gözlərində həm sevinc, həm də kövrəklik vardı. O, oğlunun xatirəsinin unudulmadığını, ailəsinin diqqətdə saxlanıldığını görməkdən qürur duyurdu. Bayram süfrəsi sadə olsa da, səmimiyyət və minnətdarlıqla dolu idi.

Bu ziyarət bir daha göstərdi ki, Qurban bayramının mahiyyəti yalnız qurban kəsmək deyil, həm də paylaşmaq, sevindirmək və birlik yaratmaqdır. Şəhid ailəsinə göstərilən diqqət və hörmət həm dövlətin, həm də cəmiyyətin mənəvi borcudur.

                                                                                                    Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir