10 Noyabr-Vahidin ad gunu

Vahidin ad günü

“Vahid Həmişə Bizimlədir” – Şəhidin Doğum Günündə Xatirə Tədbiri

10 noyabr 2025-ci il tarixində Balakən Şəhidlər Xiyabanında şəhid Vahid Əlisoltanovun doğum günü münasibətilə anım tədbiri keçirildi. Beş ildir ki, Vahid doğum gününü cənnətdə qeyd edir, biz isə onun məzarı başında, dualarla, xatirələrlə və qürurla.

Tədbirdə Vahidin ailə üzvləri, Balakən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti həyata keçirən Turan Dibirov və əməkdaşları, millət vəkilinin köməkçisi Yusif Mirzəyev, şəhid ailələri, qazilər, din xadimləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Məzar önünə gül dəstələri düzüldü, ruhuna dualar oxundu. Gənclər və məktəblilər Vahidin qəhrəmanlığını əks etdirən şeirlər səsləndirdilər, rəhbərlik və şəhid valideynləri duyğulu çıxışlar etdilər.

Balakən Cümə Məscidinin dini ayinlərini icra edən Rövşən İbrahimov şəhidlərimizin ruhuna Quran ayələri oxudu. Ardınca Turan Dibirov Vahid Əlisoltanovun vətənə olan sevgisindən, fədakarlığından və gənclərə örnək olan həyat yolundan danışdı. Abşeron rayonundan tədbirə qatılan şəhid Qadir Heydərovun atası Ədalət Heydərovun çıxışında acı ilə yanaşı, qürur və fəxarət hissləri də duyulurdu. Oğlunun yüksəklərə dikdiyi Azərbaycan bayrağına baxan məğrur duruşu, şəhidlik zirvəsinin böyüklüyünü bir daha göstərdi.

Ədalət ata tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi. Turan Dibirov isə cavab olaraq Prezident İlham Əliyevin Qarabağla bağlı çıxışlarını xatırladaraq vurğuladı ki, bu zəfər şəhidlərin canı, qazilərin qanı bahasına qazanılıb. O, həmçinin qeyd etdi ki, dövlət başçısının gündəlik iş qrafiki ilə müqayisədə bizim etdiklərimiz sadəcə borcumuzun yerinə yetirilməsidir.

Şəhid Kamalın anası Zümrüd müəllimə isə respublika üzrə şəhid analarının bir-biri ilə əlaqədə olduğunu, birliyə sahib olduqlarını vurğuladı. Bu birlik, övladlarının Vətəni birlikdə azad etməsinin təbii davamıdır.Sonda Tahir ata Turan müəllimə,Nəsib müəllimə,tədbirdə iştirak edən hər kəsə Vahidin doğum günündə onlarla birgə,yanında olduqlarına görə təşəkkür etdi.

Tədbir boyunca duyğulu anlar yaşandı – göz yaşları ilə yanaşı, qürur dolu baxışlar da vardı. Vahid Əlisoltanovun adı Balakənin yaddaşına qəhrəmanlıqla yazılıb. Onun doğum günü artıq təkcə ailəsinin deyil, bütün rayonun xatirə gününə çevrilib.

Vahid bu gün fiziki olaraq aramızda olmasa da, onun ruhu, adı və əməlləri hər birimizin qəlbində yaşayır. Biz onu unutmadıq, unutmayacağıq. Çünki Vahid təkcə bir şəhid deyil – o, Balakənin qüruru, Azərbaycanın igid oğludur.

Ruhun şad olsun, Vahid. Adınla fəxr edirik.

                                                                                 Yeni Balakən

P.S.Tədbirin bir gözəlliyi də vardı ehsan süfrəsiylə bağlı,bu həm də ilkdir.Digər vaxtlarda tədbirdən sonra evə gedilməliydi,şəhid valideyni 2000 manata yaxın pul xərcləməli,(toyuq yiyən üçün xüsusi) cürbəcür yeməklər bişirməli,salatlar hazırlamalı,sular,şirələr alınmalı,ev batmalı,qazan-qab-qaşıb,stəkan-bölmə kirlənməli,bütün bunlar yuyulub-təmizlənməli,ev səliqəyə salınmalı və sairə..Saymaqla,etməklə bitməz ki şəhid ailəsinin ehsan verəcəyəm deyə çəkdiyi çilə,əziyyət.Bütün bunlar daha olmayacaq.Şəhidlər Xiyabanında böyük,geniş talvar var.Talvarın altında  iki samovar qaynadıldı,qəşəng çay dənləndi.Yaxınlıqdakı mağazadan biraz qənd,xurma-bir oturumluq,iki cür xırda şirniyyatdan hərəsindən bir kilo və birdəfəlik-ədədi 5 qəpik olan stəkanlardan-istədiyin qədər,vəssalam-şüttamam.Ehsan süfrəsi çay-şirniyyatla olacaq.Bu qədər.Tahir ata, Validə ana bu ilki etdilər və çox gözəl də alındı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir