Azərbaycan Respublikasında “Kənd təsərrüfatı işçiləri günü”nün təsis edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini nəzərə alaraq və kənd təsərrüfatı işçilərinin əməyini yüksək qiymətləndirərək qərara alıram:
1. Hər il noyabr ayının 1-i Azərbaycan Respublikasında “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Zəhmətə hörmət, torpağa sevgi – Balakən kənd təsərrüfatı işçiləri peşə bayramlarını birlik və qürurla qeyd etdilər.
1 noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı münasibətilə Balakən rayonunda təntənəli tədbir keçirildi. Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən kənd təsərrüfatı işçiləri Dağüstü parkda bir araya gələrək bu əlamətdar günü birlikdə qeyd etdilər.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin səlahiyyətlərini icra edən və rayona rəhbərlik edən Turan Dibirov da iştirak etdi. O, tədbir iştirakçıları ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydu və xatirəsini ehtiramla andı.
Daha sonra Turan Dibirov çıxış edərək kənd təsərrüfatı sahəsində çalışan əməkçiləri peşə bayramı münasibətilə təbrik etdi. O, Balakən rayonunun qarğıdalı, tütün və baramaçılıq sahələrində respublika miqyasında ön sıralarda yer aldığını vurğuladı. Rayonun kənd təsərrüfatı işçilərinin ölkə iqtisadiyyatına verdiyi töhfələrdən danışaraq onların zəhmətini yüksək qiymətləndirdi.
Rayon rəhbəri həmçinin Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının bölgədə yayılmış Ağ Amerikan kəpənəyi və Qəhvəyi mərmər bağacığına qarşı apardıqları uğurlu mübarizə tədbirlərini qeyd etdi. Kənd təsərrüfatının həyatımızdakı strateji əhəmiyyətini vurğulayan Turan Dibirov bu sahədə çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.Kollektivin 47 il əmək stajı olan Solmaz xanım rayon rəhbəri Turan Dibirova onlara göstərdiyi diqqətə,qayğıya görə,təbrikə gəldiyi və peşə bayramında onlarla birlikdə olduğu üçün kollektiv adından təşəkkür etdi.
Tədbirin sonunda iştirakçılar xatirə olaraq kollektiv foto çəkdirdilər.
Bu bayram yalnız bir peşənin deyil, torpağa bağlılığın, zəhmətə verilən dəyərin bayramıdır. Balakənin kənd təsərrüfatı işçiləri bir daha sübut etdilər ki, əkinin, biçinin, mübarizənin arxasında böyük ürək və vətən sevgisi dayanır. Onların əməyi ilə torpaq yaşar, bölgə inkişaf edər, gələcək qurular.
Yeni Balakən











