İyunun 12-də Balakən Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında keçirilən konfransda Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev konfransı açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub. Konfransda Balakən Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev hesabat məruzəsi dinlənilib.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Qurumun rəsmisi tədbirin əhəmiyyətinə toxunaraq, ölkəmizdə ağsaqqal institutuna verilən yüksək dəyərin cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını qeyd edib.
Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.




























