Bu gün böyük sevinc və qürur hissi yaşayırıq. Gəncimiz Cerçiyeva Səadət Rusiya Federasiyasının Adıgey Respublikasında keçirilən beynəlxalq “Adıgeyin Ulduzları” festival-müsabiqəsində Azərbaycanı layiqincə təmsil edərək I dərəcəli lauryatı adına layiq görülmüşdür.Bu qələbə təkcə Səadətin deyil, onun ailəsinin, müəllimlərinin, məktəbinin və bütövlükdə Azərbaycanımızın uğurudur. Səadət öz istedadı, zəhməti, əzmkarlığı və vətən sevgisi ilə göstərdi ki, Azərbaycan gəncləri dünyanın hər yerində uğur qazana və ölkəmizi layiqincə təmsil edə bilirlər.
İki il əvvəl bu layihəyə qatılaraq “Şuşa, sən qayıtdın” şeiri ilə vətənpərvərliyini nümayiş etdirən və II yerə layiq görülən Səadət həmin gündən özünə bir məqsəd qoymuşdu: “Mən Azərbaycanıma birincilik gətirməliyəm!” Bu il o, daha böyük əzm və inamla yenidən müsabiqəyə qatıldı. “Qələbə dastanı” şeiri ilə çıxış edən Səadət I yerə layiq görülərək hamımızı sonsuz sevincə qərq etdi. Qələbə xəbərini alanda sevinc göz yaşları içində: “Mən birincilik gətirdim!” – dedi və əlavə etdi: “Söz verirəm ki, Vətənimi hər zaman, hər yerdə layiqincə təmsil edəcəyəm.”
Bu gənc qızın qəlbindəki Vətən sevgisi həqiqətən sonsuzdur. Onun bu sözləri və uğuru hər birimiz üçün böyük qürur mənbəyidir. Səadət uzaq Rusiyada Azərbaycan bayrağını yüksəklərdə dalğalandıraraq, “Biz qalib ölkəyik, qalib ölkənin qalib gəncləriyik!” sözlərini qürurla səsləndirdi və qazandığı qələbəni xalqımıza ərməğan etdi.
Əziz Səadət, sənin uğurun təkcə öz uğurun deyil, bütün Azərbaycan gənclərinin uğurudur. Yolun daim açıq, zirvələrin daha uca olsun! Vətəninə olan sevgin və əzmin səni daha böyük qələbələrə aparsın!
Yeni Balakən










































