Ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində müharibə veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsi daim gücləndirilir. Prezidentin imzaladığı fərman və sərəncamlar bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir…
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və ailələrinin hörmətlə yad edilməsi məqsədilə birinci Qarabağ müharibəsində şəhid olmuş Qərbi Azərbaycan kökənli Pənahov Pənah Məhəmməd oğlunun ailəsi ziyarət edilib.
Ziyarətdə Qərbi Azərbaycan İcmasının Balakən rayon nümayəndəsi Yaşar Məmmədov, Balakən şəhər nümayəndəsi, İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva, Gərəkli kənd Bələdiyyəsinin sədri Ceyran Tağıyeva və “Yeni Balakən” qəzetinin redaktoru Ramazan Abalov iştirak ediblər.
Görüş zamanı şəhidin anası Nəcibə Pənahova oğlu haqqında xatirələrini bölüşərək, onun 1993-cü ildə hərbi xidmətə çağırıldığını, xidmət dövründə göstərdiyi igidlik və qəhrəmanlıqları, 1994-cü ilin fevral ayında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində döyüş zamanı düşmən tərəfindən vurularaq şəhid olduğunu qeyd edib.
Şəhid Pənahov Pənah hörmət və ehtiramla yad olunub. Ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Yeni Balakən









