Category: Xəbərlər

Balakən rayonunda Dövlət Suverenliyi Günü qeyd edildi.

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib. 

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak etdilər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirildi.

Tədbiri giriş nitqi ilə açan icra başçısı İslam Rzayev  Dövlət Suverenliyi Gününün əhəmiyyətindən danışaraq qeyd edib ki, bu il Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Dövlətimizin bugünkü gücü və qalib mövqeyi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və həmin siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində formalaşıb. 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli Ordumuzun qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Şanlı bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. 

Rayon rəhbəri bildirib ki, 2024-cü il 19 sentyabr tarixdə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunmağa başlayıb. Bu günün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin zirvəsidir. Xalqımızın 30 ildən artıq davam edən mübarizəsinin məntiqi yekunu, həm də qəhrəmanlıqla yazılan tariximizin rəsmi dövlət səviyyəsində əbədiləşdirilməsidir. 20 sentyabr – Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür.

Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev tariximizin bu əlamətdar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını qeyd edərək, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıb. Əldə edilən qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunduğunu bildirib.

Tədbir rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdi.

                                        Yeni Balakən

18 Sentyabr Milli Musiqi Günü. Balakəndə Musiqi Bayramı: Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş möhtəşəm tədbir.

Afişa
0

18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında və bu münasibətilə də hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. O cümlədən Balakəndə də.

Bu gün Balakən Uşaq İncəsənət məktəbində  “18 Sentyabr Milli Musiqi Günü “,dahi bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə konsert  proqramı təşkil olunaraq böyük tədbir keçirildi. Balakən UİM-nin tədbirləri həmişə  yüksək səviyyədə,gözəl olur.Bu da növbəti gözəlliklərdən idi.Bu il Üzeyir bəyin anadan olmasının 140 illiyi münasibətilə Balakən Uşaq İncəsənət Məktəbində keçirilən tədbir, həm məzmunu, həm də emosional dərinliyi ilə yadda qaldı.Məktəbin müəllim və şagird kollektivinin ifalarında dahi bəstəkarın əsərlərindən parçalar,ona həsr olunmuş şeirlər səsləndirildi,rəqs nömrələri təqdim edildi.Tambur ustası Eldar Hatıyev və onun yetirməsinin ifasında səslənən haylalar isə tədbirə folklor nəfəsi gətirdi.

Məktəbin direktoru Arifə xanım Tağıyevanın təşkilatçılığı,işgüzarlığı,qabiliyyəti,rəhbərliyi sayəsində Balakən UİM nəinki reqionda, hətta respublikada öncülərdəndir..

Baxmayaraq ki,bu gün reqionun bütün rayonlarında milli musiqi günüylə əlaqədar tədbirlər keçirilirdi,Şəki –Zaqatala Reqional Mədəniyyət İdarəsi tam heyətlə Balakən Uşaq İncəsənət məktəbinin qonağı və “Milli Musiqi Günü” tədbirinin iştirakçısı idilər.

Üzeyir Hacıbəylinin irsi bu gün də yaşayır, gənc nəsillərə ilham verir. Balakən Uşaq İncəsənət Məktəbində keçirilən tədbir bu irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edən parlaq nümunədir. Musiqi təkcə səslərdən ibarət deyil – o, ruhun dilidir. Balakəndə bu dil bu gün çox gözəl danışdı…

Qarahacılı kənd tam orta məktəbində Bilik Günü sevinci

Qarahacılı məktəbi bilik günü
2

15 sentyabr – yeni dərs ilinin başlanğıcı Qarahacılı kənd tam orta məktəbində bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Katex ərazi dairəsində yerləşən bu məktəbdə Bilik Günü tədbiri balaca şagirdlərin sevincinə, müəllimlərin qüruruna və valideynlərin ümidinə çevrildi.

201 şagirdin təhsil aldığı məktəbdə bu il 9 nəfər birinci sinifə qədəm qoyub. Katexdəki 5 məktəbi nəzərə alsaq, bu rəqəm bölgə üçün tamamilə normaldır. Məktəbin uğurları isə təkcə bu günlə məhdudlaşmır – 2025-ci ilin məzunlarından 13 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunaraq Qarahacılı məktəbinin təhsil uğurlarına yeni səhifə əlavə ediblər.

 Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükutla başladı. Məktəbin yeni təyin olunmuş direktoru Samirə xanım Varansova tədbiri açaraq qonaqları, müəllim və şagird kollektivini salamladı. O, çıxışında yeni kollektivindən ümidli olduğunu, birlikdə böyük uğurlara imza atacaqlarına inandığını vurğuladı.

 Tədbirdə iştirak edən siyasi rəhbər, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, şəhid atası Azər Təmirov və təhsil sektorunun nümayəndəsi Lamiyə Xoşbəxova da çıxış edərək Qarahacılı məktəbinin şagird və müəllimlərini yeni dərs ili münasibətilə təbrik etdilər, onlara təhsildə və tədrisdə uğurlar arzuladılar.

  Samirə xanım Varansova bu vəzifəyə gəlməzdən əvvəl Nəsimi adına Balakən şəhər 2 saylı tam orta məktəbin direktoru kimi fəaliyyət göstərib. Həmin məktəbin bir çox uğurları məhz onun rəhbərliyi dövrünə təsadüf edir. Şəhər məktəbində qazandığı hörmət və idarəetmə təcrübəsi ilə Samirə müəllimənin Qarahacılı kənd məktəbinə də yeni nəfəs, yeni inkişaf mərhələsi gətirəcəyinə inanırıq.

Bu gün Qarahacılı məktəbi yeni bir başlanğıcın astanasındadır. Samirə xanımın rəhbərliyi ilə bu təhsil ocağının daha böyük uğurlara imza atacağına, bölgənin nümunəvi məktəblərindən birinə çevriləcəyinə ümid edirik.

Yeni dərs ili mübarək, Qarahacılı məktəbi! Uğurlarınız daim olsun!

Balakən rayonu İmadəddin Nəsimi adına şəhər 2 saylı tam orta məktəbdə Bilik Günü qeyd olundu.

Təbrik edir
0

15 sentyabrda Balakən şəhərində yerləşən İmadəddin Nəsimi adına 2 saylı tam orta məktəbdə Bilik Günü münasibətilə təntənəli tədbir keçirildi. 748 şagirdin təhsil aldığı bu məktəbdə yeni dərs ilinin başlanması münasibətilə Dövlət Himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktor səlahiyyətlərini icra edən İlahə Şirinova tədbiri açaraq məktəbin uğurlarından danışdı,bu il məktəbi btirən məzunlardan ali məktəblərə qəbul üçün sənəd verənlərin böyük əksəriyyətinin tələbə adını qazandığını bildirdi. Daha sonra sözü qonaqlara verdi.Tədbirdə iştirak edən qonaqlardan Balakən RİH başçısının birinci müavini Turan Dibirov çıxışında özünün də bu məktəbin məzunu olduğunu,bu il bir övladının 4-cü sinifi bitirdiyini,digər övladının isə birinci sinifə qədəm qoyduğunu bildirərək şagirdlərə və müəllimlərə uğurlar arzuladı..

Digər qonaqlardan Təhsil Sektorunun nümayəndəsi Günel Hacıyeva,qocaman müəllimlərdən Akif Məmmədli,igid,qəhrəman şəhidimiz Cavid Yüzbaşıyevin anası Aynur xanım Bayramova çıxış edərək yeni dərs ilində şagirdləri,müəllimləri təbrik etdilər..

Məktəbin 6-cı sinif şagirdi,bu ilki SASMO bilik yarışmasının qalibi Leyla Əlizadənin çıxışı alqışlarla qarşılandı.

Bu il Nəsimi adına şəhər 2 saylı tam orta məktəbdə 1-ci sinifə qədəm qoyan 94 uşaq şagird

adını alaraq məktəb həyatına başladı..

Balakəndə Bilik Günü coşqu ilə qeyd olundu

15 sentyabr – Bilik Günü münasibətilə Balakənin bütün ümumtəhsil müəssisələrində ilk zəng səsləndi. Kimisi bir sinif yuxarı keçdi, kimisi isə ilk dəfə məktəb həyatı ilə tanış oldu. Bu gün, şagirdlərin, müəllimlərin və valideynlərin yaddaşında sevinc dolu anlarla qalacaq.

2200-dən çox şagirdin təhsil aldığı Nizami Gəncəvi adına Balakən şəhər 1 saylı tam orta məktəbdə də Bilik Günü münasibətilə təntənəli tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbiri məktəbin direktoru Şəfiqə Tütünçüyeva açaraq məktəbin son illərdəki uğurlarından bəhs etdi. O, olimpiada və müsabiqələrdə fərqlənən şagirdləri iştirakçılara təqdim edərək onların nailiyyətlərini vurğuladı.

Tədbirdə iştirak edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və Təhsil Sektorunun müdiri Mehparə Murtuzəliyeva yeni dərs ilinə başlayan şagirdləri və müəllimləri təbrik edərək onlara uğurlar arzuladılar. Şagirdlərin ifasında səslənən mahnılar, şeirlər və rəqs nömrələri alqışlarla qarşılandı.

Qonaqlar müsabiqə qalibləri ilə xatirə şəkli çəkdirdikdən sonra bir neçə sinfin, o cümlədən 4a rus sinfinin ilk dərsində iştirak etdilər. Sinif rəhbəri Esmira Firudin qızı ilk dərsi Azərbaycan Respublikasının Konstitusiyasına həsr edərək, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edildiyini vurğuladı və bu mövzu ilə bağlı şagirdlərə geniş məlumat verdi.

Yeni dərs ili Balakəndə ümid və sevinc dolu notlarla başladı.


Xeyirxahlar-sevindirdiklərinin sevinciylə sevinənlərdir.

Balacanın gözündəki sevinci
0

Xeyirxahlıq, qarşılıq gözləmədən edilən bir dua kimidir; bəzən bir təbəssüm, bəzən bir əl uzatmaqla baş verir.Yazmaqda məqsədim,belə gözəllikləri sizin də yaşamanız,xeyirxahlığı təbliğ və təşviq etməkdir.

Bir neçə gün sonra 2025-2026 dərs ili başlayır.Artıq hər bir ailədə məktəb qayğıları  başlayıb,ələxsus da kasıb,imkansız təbəqədə bu daha çox hiss olunur.Məktəbli forması,ayaqqabı,çanta,dəftər-qələm,çalışma kitabları və sairə,bütün bunlara əməlli-başlı məbləğ gərəkir..Bu məbləği borc-xərc,nisyə edib tapsanda almağa keyfiyyətli mal tapmırsan.Qalırsan “kitayski”,5 gün sonra qızaran mallara möhtac.
Hər il,hər dəfə ənənəvi xeyirxah davranışı ilə kasıbları,imkansız ailələrin məktəbli balalarını sevindirən Balakənin hörmətli millət vəkili Nəsib Məhəməliyev bu il də ənənəsinə sadiq qalaraq yüzlərlə məktəblini, öz hesabına alaraq göndərdiyi məktəbli formalarını hədiyyə edərək sevindirdi.Hədiyyə edilən məktəbli geyimləri keyfiyyətli,qəşənq formalar idi.Ölkədə keyfiyyətli məktəbli formalarının rəqibsiz ünvanı “BTE”(Bakı Tikiş Evi),köhnə adıyla “Volodarski” fabrikidir.Deputatımız tərəfindən sevindirilən o kasıb balaları məhz elə bu brenddən geyinəcəklər bu il məktəbə.
Bununla yanaşı, bu gün həm də millət vəkili seçkilərində Nəsib müəllimin Meşəşambul sakinlərini söz verdiyi və təşəbbüskarı olduğu 1.8 km-dən çox asfalt yolun inşasına başlanıldığının şahidi olduq.
Nə qədər vaxt idi ki, Qaysa Folklor Evinin ¼ hissəsi təbiətin şıltaqlığı nəticəsində dağılmış,təmiri isə nağıla-nəğməyə dönmüşdü.Axırda sakinlər Nəsib müəllimə müraciət etmiş, o da təmirin xərcini üstlənmişdi.Bu gün verilən o söz də yerinə yetirilərək artıq Qaysa Folklor Evi dağılmış hissəsi həm içəridən,həm çölündən təmir edilib kənd sənətsevərlərin istifadəsinə verilmişdir.
Xeyirxahların ilk mükafatı-sevindirdiklərinin üzündəki təbəssümdür. Xeyirxahlıq, nə varla ölçülür, nə də şöhrətlə — o, ürəyin səxavətindən doğan saf bir niyyətdir.Allah niyyətinizi qəbul etsin,əvəzini bol-bol versin,qəlbi mərhəmət dolu xeyirxah İnsan,darda olanların Dostu.Amin.
Xeyirxahlıq, qarşılıq gözləmədən edilən bir dua kimidir; bəzən bir təbəssüm, bəzən bir əl uzatmaqla baş verir.Yazmaqda məqsədim,belə gözəllikləri sizin də yaşamanız,xeyirxahlığı təbliğ və təşviq etməkdir.
Ramazan Abal

Bu il 600 baldan yuxarı nəticə göstərən 10 məzunumuz

Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş balakənli məzunlardan 295 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 47 nəfəri 500-dən, 10-u isə 600 baldan yuxarı nəticə göstərib.
“Yeni Balakən” 600-dən yuxarı bal toplamış fəxrimiz tələbələri adları,şəkilləri,balları,onları yetişdirən müəllim heyətinin,pedoqoji kollektivinin çalışdığı orta və daxil olduqları ali məktəbin adlarıyla birgə təqdim edir..

Süni intellekt və musiqinin vəhdəti

Süni intellekt və musiqi
1

Bu gün Balakən Uşaq İncəsənət Məktəbində “Süni intellekt və musiqinin vəhdəti” adlı təlim-dərs xarakterli tədbir keçirildi.

Tədbirdə İncəsənət məktəbinin və digər təhsil müəssisələrinin nümayəndələriylə yanaşı Balakən RİH-dən Aynur xanım və digər qonaqlar iştirak etdilər.Tədbiri ev sahibi olaraq qonaqları salamlayaraq Balakən UİM-in direktoru Arifə Tağıyeva açdı.

Bakıdan gələn Azərbaycanın Xalq Artisti,Bakı Musiqi Akademiyasının baş elmi işçisi,dosent Zümrüd Məmmədova,Beynəlxalq müsabiqələr laureatı,Qara Qarayev təqaüdçüsü, Bakı Musiqi Akademiyasının doktorantı,gənc bəstəkar,bəstəkarlar ittifaqının üzvü İlahə Qismət və bir çox kino musiqilərinin müəllifi, Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin müəllimi,gənc bəstəkar Azər Hacıəsgərli Balakən UİM-də “Süni intellekt və musiqinin vəhdəti” adlı ustad dərsi keçdilər.Dəsr sonunda iştirakçılara dərsdən suallar verildi,doğru cavab verənlər hədiyyələrlə mükafatlandırıldılar.

Yeni Balakən

XUTRA RAMAZAN – 77

3

Bu günlərdə həmyerlimiz,tanınmış şair,Azərbaycan YB-nin üzvü,”Qızıl Qələm” mükafatı laureatı Xutra Ramazanın 77 yaşı tamam olur.Bu münasibətlə onunla görüşüb müsahibə aldıq.

-Ramazan müəllim,doğum gününüz münasibətilə sizi təbrik edirik,sizə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.Şərəfli ömür yolu keçibsiniz.Bütün mənalı həyatınızı Vətənə,dövlətimizə və xalqımıza həsr etmisiniz.Bu gün dönüb geriyə baxanda hansı hissləri yaşayırsınız?

-Bəli,Allah Təalanın verdiyi ömrün ahıl payımı da yaşamaq mənə nəsib olub.Həyatımdan razıyam.Ömrümü hədər keçirməmişəm.Cəmiyyətə əməyimin və əməlimin töhvəsini verməyə çalışmışam.Çox şadam ki,əvəzində insanların hüsn-rəğbətini hiss etmişəm.Bu,məni daha məsuliyyətlə və həvəslə yazıb-yaratmağa sövq edir.

-Həyat və yaradıcılığınız haqqında məlumat verməyinizi istərdik.

-Mən 1948-ci il avqustun 17-də Balakən rayonu Şərif kəndində anadan olmuşam.Orta təhsilimi Qabaxçöldə yerləşən Xalatala orta məktəbində almışam.1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun fizika-riyaziyyat fakultəsini bitirib doğma kəndimə riyaziyyat müəllimi göndərilmişəm.Əvvəl təlim – tərbiyə işləri üzrə direktor müavini,sonra həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşam.Hal-hazırda təqaüddəyəm və bədii yaradıcılıqla məşğul oluram.

2018-ci ildən AYB-nin üzvü,7 kitab müəllifiyəm.Respublikanın 20-dən çox mətbu orqanlarında və televiziya kanallarında çıxış edirəm.Haqqımda filmlər çəkilib.23 poemanın müəllifiyəm.

Yaradıcılığım vətənə,doğma torpağıma,gözəlliklər məskəni bölgəmizin füsunkar təbiətinə və bu təbiətin özü qədər gözəl,saf insanlarına olan sevgidən qaynaqlanır.Məhəbbət mövzusu onun bütün təzahürləri ilə əsərlərimin ana xəttini təşkil edir.

İki dildə-Azərbaycan və Avar dillərində yazıb-yaradan Azərbaycanın avar oğluyam.Fəaliyyətimlə bu iki millət arasında canlı körpü yaradıram.

-Şair,bildiyimə görə Qarabağ mövzusunu,xüsusən 1-ci və 2-ci Vətən müharibələri ilə bağlı geniş yaradıcılıq işləriniz var.

-Əlbəttə 30 illik ağrısını yaşadığımız, həsrətin cəkdiyimiz doğma Qarabağ hər bir vətənpərvər  yazarın, o cümlədən mənim də daimi mövzümdur. Bu baxımdan, vətənə, onun ayrılmaz hissəsi olan Qarabağa hədsiz sevgi və can yanğısı ilə qələmə aldığım coxsaylı poema və şeirlər arasında 44 günlükVətən müharibəsini tərənnüm edən əsərlərim xüsusi yer tutur. Sonadək qələmə sarılıb cəbhədə fədakarlıqla döyüşən əsgərlərin sırasında oldum. Qanını mürəkkəb edərək vətən oğullarının qəhramanlığını yazdım. Qısa zaman kəsiyində vətən uğrunda səhid olan igidlərin, gəhramanların, qazilərin döyüş yoluna həsr etdiyim “Qartallar Şuşaya uçur” kitabını arsəyə gətirdim.ı Kitab böyük maraq və sevgi ilə qarşaılandı. Kitaba ön sözü yazan böyük şair-publisist, “Kredo” qazetinin Baş redaktoru, Beynalxalq Rəsul Rza laureatı Əli Rza Xələfli kitabı “Sözün Möhtəşəm abidəsi” adlandırır.

-Yaradıcılığınıza bələd olanlar sizi bahar və gözəllik şairi adlandırır. Şeirlərinizdən bahar təravəti gəlir. Lirikanız çox məlahətli səslənir. Baharı çox sevirsiniz, eləmi?

-Əlbəttə mən anamız təbiətin bakirə qızı olan baharın vurğunuyam, bizi əhatə edən hər şeydə-təbiətdə, insanlarda bahar gözəlliyini görürəm. Baharın gəlişini səbirsizliklə gözləyirəm.İlk bənövşəni görəndə qəlbimə ən ülvi duyğular dolur. Bu duyğular məni ilhama cağırır.

Bahar mənim üçüm tərifə alınmayan ilahi gözəllikdir:

Qoy sözlərim qonsun gülə-çiçəyə,

Bahar ətri gəlsin nəğmələrimdən.

Açım ürəyimi hər gözəlliyə,

Əzəldən gözəllik aşigiyəm mən.

Məni yaşadan da, şeirimə qanad verən də bahardır, gözəllikdir. Yazıram ki,insanlara bu gözəlliyi tövhə verim, sevinc bəxş edim.

İnanıram ana təbiətin füsünkar gözəlliyi, birdə insanların mənəvi gözəlliyi dünyamızı xilas edəcəkdir.

-Ramazan müəllim,siz istedadlı şair olmaqla yanaşı,adlı-sanlı müəllimsiz.Çoxsaylı yetirmələriniz hər sahədə çalışır,bir çoxları davamçılarınızdır.Rəhbərlik etdiyiniz məktəbin xoş sədaları hələ də yayılmadadır.Sizcə müəllim və şair məfhumları bir-biri ilə necə uzlaşır?

-Qismətimə mənəvi dünyamızın təmənnasız sakini olmaq düşüb.Ziyalı adını şərəflə daşıyıram,bununla qürur duyuram.Müəllim adı müqəddəsdir,o,bir yanar günəşdir ki,ziyası bəşər övladının zəkasını nurlandırır.Əslində şair və müəllim anlayışları bir-birini tamamlayır.Çünki hər ikisi yaradıcı fəaliyyətə bağlıdır.Biri zehnin memarıdır,o biri qəlbin.Məşhur alman alimi Veyerştrus deyirdi:”Qəlbən şair olmayan əsl riyaziyyatçı olmaz”.Əgər müəllim kamil insan tərbiyə etmək qayğısıyla yaşayırsa,şair olan isə ürəklərdə humanizm və məhəbbət toxumları səpməyə can atır.Doğma olan hər şeyi tərənnüm etmək necə də gözəldir!

Bütün bunların müqabilində şair zaman-zaman cəmiyyətdən diqqət və qayğı görür.Azərbaycan Xalq Cümhuriyyətinin və Heydər Əliyevin 100 illik medalları ilə təltif olunmuşam.Mahmud Kaşqari adına beynəlxalq fondun və digər mükafatları almışam.

Mən xalqıma və dövlətimə əmin-amanlıq,rifah və əbədi xöşbəxtlik arzulayıram.

-Dəyərli müsahibə üçün təşəkkür edirəm.Uğurlarınız bol olsun!

                                                                           Ramazan Abal.

HANSINDAN DEYİM

Çoxdur bizim yerin zövqü-səfası,

Наnsından söz açım, hansından deyim?

Yaxından, uzaqdan gələr sədası,

Çəmənin, çiçəyin nazından deyim.

Bu dilbər məkana cənnət dedilər,

Təbiət adına afət dedilər,

Qızıl payızına nemət dedilər,

Mən isə bakirə yazından deyim.

Qayaya kök atan qoşa qovaqdan,

Daşlardan süzülən zümrüd bulaqdan,

Dağların qoynunda yaşıl yaylaqdan,

Zirvəsində qarlı qışından deyim.

Bu gözəl diyara zinətdir insan, –

Avarla azəri bir ürək, bir can.

Söz açım mərdindən, qəhrəmanından,

Hünərvər oğlundan, qızından deyim.

Hər evin qapısı qonaq-qaralı,

Analar, gəlinlər əli sayalı,

Dərmandı süfrənin qaymağı,balı,

Sülhülü dadından, duzundan deyim.

Ramazan vurğundur gözəl hüsnünə,

Ulu keçmişinə, hər xoş gününə.

Min hava üstündə köklənib yenə

Sinəmin sözündən, sazındam deyim.

Yol Mədəniyyətdir

Küçələri təmiz saxlayaq
6

Yol bizi evdən işə, işdən evə, sivilizasiyaya, gələcəyə aparır. Yol yalnız asfalt deyil – o, həm də mədəniyyətin, ictimai şüurun, vətəndaş məsuliyyətinin göstəricisidir. Bəs biz bu mədəniyyətə necə yanaşırıq?

Küçələrə münasibətimiz: Təəssüf ki, narahatedici.
Gündəlik istifadə etdiyimiz küçələrdə təmizlik qaydalarına riayət edirikmi? Təəssüf ki, cavab çox zaman “xeyr” olur. Bəzi sakinlər içdikləri sərinləşdirici içkilərin qabını, yedikləri paketli qidanın qalıqlarını, tum qabıqlarını küçəyə atmaqda heç bir problem görmürlər. Halbuki küçələrdə müəyyən aralıqlarla yerləşdirilmiş zibil qabları mövcuddur – sadəcə bir neçə addım atmaq kifayətdir.
Şəhərin yükünü artıran kənd zibilləri.
Daha da narahatedici hal – kənddən şəhərə zibil gətirib atan sakinlərdir. Onsuz da şəhərin kommunal yükü ağırdır. Kənd sakini həyətində kiçik bir quyu qazaraq qida artıqlarını ora ata, yandırıla bilənləri isə üzərində yandıra bilər. Bu, həm təbiətə, həm də şəhər xidmətlərinə hörmət olar.
Zibil maşınına “dağ” düzəldənlər.
Şəhərdə zibil maşını gələcəyini bilib qapı önünə bir balaca paket qoyursan, amma bir neçə saat sonra görürsən ki, həmin paketin ətrafına nə gəldi, necə gəldi zibil atılıb – balaca paket dağa dönüb. Hətta maşından keçərkən kiçik bir paketin üstünə böyük bir zibil torbası atıldığını dəfələrlə müşahidə etmişik.
Zibil qabları var, amma istifadə olunmur.
Zibil qabının içi boş və yaxud yarı boş olduğu halda, paketlər yerə atılır. Bu, sadəcə tənbəllik deyil – bu, ictimai məsuliyyətin olmamasıdır.
Küçələri kim təmizləyir?
O zibilləri kim yığır? Günün qızmar istisində, qışın şaxtasında, yazın yağışında küçələrimizi təmizləyənlər – ehtiyac ucbatından çalışan analarımız, bacılarımız, qız-gəlinlərimizdir. Onların zərif cinsin nümayəndələridir. Bizim küçələrimizin səliqəsi onların zəhməti ilə qorunur.
Yağış sularının daşıyıcı quyularının üstü – metalloma satılan barmaqlıqlar
Küçələrdə su toplanmasın deyə yeraltı borular, üstü metal barmaqlıqlarla örtülmüş kvadrat quyular vardı. İndi o quyuların üzərindəki barmaqlıqlar yoxdur. O quyuların içi küçəyə atılan zibillərlə doludur.Deyilənə görə, dəmir yığıb satanlar bu barmaqlıqları söküb metalloma veriblər. Küçədə sahibsiz gördükləri bu elementlərin əslində işlək və vacib olduğunu yəqin ki bilirdilər. Metallom alıcıları da bu cür elementləri qəbul etməməli, geri qaytarmalıdır.
Nəticə: Küçələrimizə sahib çıxaq.
Bu küçələr bizimdir. Bu yollar bizi gələcəyimizə aparır. Onları təmiz saxlamaq, qorumaq, zəhmət çəkən qadınlarımızın əməyinə hörmət etmək bizim borcumuzdur. Küçəyə atılan hər bir zibil, əslində, cəmiyyətə atılan sayğısızlıqdır.
Ramazan Abal