İyunun 12-də Balakən rayon Mədəniyyət Mərkəzində musiqi və rəqs bayramı yaşandı. Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı regionlarda mədəniyyətin əlçatanlığının artırılması proqramı çərçivəsində möhtəşəm qastrol konserti ilə çıxış etdi.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bu layihə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritet istiqamətlərinə uyğun olaraq, ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması və regionlarda mədəni həyatın zənginləşdirilməsini hədəfləyir.
Konsertdə Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, müxtəlif idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət iştirak edirdi. Ansamblın ifasında səslənən milli musiqi inciləri, xalq mahnıları və rəqslər tamaşaçılara unudulmaz anlar yaşatdı, zalda alqışlar uzun sürə davam etdi.
Bu qastrol konserti bir daha sübut etdi ki, Azərbaycan mədəniyyəti yalnız paytaxtda deyil, regionlarda da yüksək səviyyədə təqdim olunur. Balakənlilər üçün bu musiqi axşamı həm milli irsin təntənəsi, həm də mədəniyyətin birləşdirici gücünün parlaq nümunəsi oldu.
Yeni Balakən








