Şəhid Valideynlərinin Görüşü

Şəhid Valideynlərinin Görüşü

Şəhid Valideynlərinin Görüşü: Birliyin və Zəfərin Ən Müqəddəs Səhifəsi

Müharibələr acı, kədər və itki deməkdir. Bu acılara dözmək üçün gərək zəfər qazanılsın, qələbə çalınsın. II Qarabağ Müharibəsi Azərbaycan tarixində məhz belə bir dönüş nöqtəsi oldu. Şəhidlərimizin, qazilərimizin, igid döyüşçülərimizin qızıl qanı və şirin canı ilə yazılan bu səhifə xalqımıza torpaqlarını, kimliyini, dəyərlərini və birliyini qaytardı. Amma bu zəfəri bizə bəxş edən oğullar geri dönmədilər. Onları unudulmaz edən isə əbədi olaraq bizə qaytardıqları milli birliyimizdir.

Bu birliyi bu gün ən yüksək səviyyədə yaşadanlar şəhid valideynləridir. Onların səbir və fədakarlığı, övladlarının yolunu gözləyən gözləri, ürəklərində daşıdıqları dərd, xalqımızın gücünü və birliyini daha da möhkəmləndirir.

Naxçıvandan olan şəhid atası Səməd Vəliyev – hansı ki, hələ də oğlunun yolunu gözləyir, məzarı belə yoxdur – Bakılı şəhid atası Bəylər Əkbərov və Zaqataladan şəhid anaları Balakənə gələrək şəhid valideynləri ilə görüşdülər. Onlar öncə Şəhidlər Xiyabanını ziyarət edərək ruhlara fatihə bağışladılar, məzarlar başında dərdlərini bölüşdülər. Ardınca Hənifə kəndində şəhidimiz Cavid Yüzbaşıyevin, Qazma kəndində isə I Qarabağ müharibəsi şəhidi Arzu Süleymanovun məzarlarını ziyarət etdilər, valideynləri və yaxınları ilə görüşdülər.

Bu görüş bir daha göstərdi ki, şəhidlərimizin ruhu bizi birləşdirir, onların valideynləri isə bu birliyin canlı simvoludur. Onların hər addımı, hər sözü, hər göz yaşı xalqımızın yaddaşında müqəddəs bir iz qoyur. Bu izlər gələcək nəsillərə vətən sevgisini, milli birliyi və şəhidlərə ehtiramı ötürəcək.

                                                                  Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir