Balakən rayonunun Roçəhməd kəndində keçirilən səyyar qəbul sadəcə bir görüş deyildi — bu, rəhbərlə xalq arasında səmimi ünsiyyətin, qarşılıqlı hörmətin və etimadın bariz nümunəsinə çevrildi. Rayon rəhbəri Natiq Ağayev kənd sakinlərini dinləyərək onların gündəlik həyatına dair səsləndirdikləri məsələlərə diqqətlə yanaşdı, bir çox problemlərin həllinə dərhal köklü çözüm gətirdi.
Roçəhməd kənd sakinlərinin fəallığı, açıq sözlülüyü və rayon rəhbərinə olan inamı tədbirin ruhunu daha da gücləndirdi. Onların fikirlərində bir məqam aydın görünürdü: rəhbərin fəaliyyəti sadəcə idarəçilik deyil, həm də insanlıq, dövlət adamlığı və vətəndaşa qayğı üzərində qurulub.
Bu təəssüratın ən poetik ifadəsini isə kəndin tanınmış pedaqoqu, məktəb direktoru Gülbiçə Hüseynova səsləndirdi. O, tədbirin sonunda söz alaraq rəhbərə həsr etdiyi şeiri oxudu. Hüseynovanın misralarında Natiq Ağayevin obrazı “işıq adam”, “mayak adam”, “dayaq adam” kimi təqdim olunurdu. Bu poetik kəlamlar sadəcə bir müəllimin duyğuları deyildi — kəndin, xalqın rəhbərə olan sevgisinin səmimi ifadəsi idi.
Şeirində “Vətənə xidmətdən heç yorulmayın” deyən müəllim, əslində bütün Roçəhməd kəndinin dilini ifadə edirdi. Çünki xalqın sevgisini qazanmaq hər rəhbərin bacardığı iş deyil. Bu sevgi yalnız səmimiyyət, dürüstlük və xalqa bağlılıqla mümkündür.
Tədbir bir daha göstərdi ki, Balakən rayonunda rəhbərlə xalq arasında etimad körpüsü möhkəmlənir. İnsanların dilindən səslənən minnətdarlıq, şeirə çevrilən duyğular isə bu körpünün ən gözəl bəzəyidir.
ADAM
Vətənə xidmətdən heç yorulmayın,
Əqidəsi parlaq nur,işıq adam.
Qayğı da,inam da güvəndən gəlir,
Xalqına,elinə ay aşıq Adam.
Zirvələrə yollar dağlardan keçir,
Həqiqət donunu haqq özü biçir.
Doğrunu,düzlüyü əyridən seçir
Ümmanda görünən ey mayak Adam.
Yaxşı əməlinlə bir iz qoyaraq,
Gəlsin ünvanına xoş söz,xoş soraq.
Adına and içsin bu yurd,bu torpaq,
Hər oğul qızına ey dayaq Adam.
Bu çətin işində durub şərəflə,
Hər günün,hər anın keçsin zəfərlə.
Anam təki doğma Balakənimlə,
Fəxr edək bir büsat yarat ey Adam.
Gülbiçə Hüseynova
Yeni Balakən









