Balakənin Turizm Potensialı – İtirilmiş İmkanlar və Yeni Üfüqlər

Ramazan Abal

Balakən rayonunun sərhəd kəndlərindən birində, dağların ətəyində oturub söhbət etdiyimiz yaşlı bir sakin belə deyirdi: “Bu dağların havası, bulaqların suyu, insanların qonaqpərvərliyi – hamısı Allahın bizə verdiyi nemətdir. Amma biz bu neməti dünyaya tanıda bilmirik.” Onun sözlərində həm qürur, həm də bir az təəssüf vardı.
Balakən Azərbaycanın şimal-qərb qapısıdır. Buradan ölkəyə girən hər bir qonaq ilk təəssüratını bu torpaqdan alır, çıxan isə son xatirəsini buradan aparır. Yaşıllıqlar içində gizlənmiş dağ çayları, gur şəlalələr, sərin bulaqlar və mehriban insanlar Balakəni unudulmaz edir. Lakin bu gözəlliklər hələ də tam dəyərləndirilmir.
Rayonun turizm sahəsində geri qalmasının səbəblərindən biri illər əvvəl atılmış yanlış addımlardır. Ərazisinin böyük hissəsi Balakənə aid olduğu halda “Zaqatala qoruğu” adlandırılması bölgənin turizm cazibəsini zəiflətdi. Bu gün qoruq adı altında minlərlə insan öz torpaqlarındakı təbiət gözəlliklərindən məhrumdur. Bir gənc kənd sakini deyir: “Bizim torpağımızın yarısı qoruğa düşüb. Qonaq gəlir, dağlara çıxmaq istəyir, amma icazə yoxdur. Bu, həm bizim, həm də turistlərin ürəyini sındırır.”
Halbuki Balakən ekoturizm üçün ideal məkandır. Dağ kəndlərində geniş evlər, rahat otaqlar, hər cür şərait mövcuddur. Bu evlər turistlər üçün ailəvi istirahət mərkəzinə çevrilə bilər. Qonaqların ödədiyi məbləğlər yerli əhalinin rifahını yüksəldər, xidmətlərin çeşidini və keyfiyyətini artırar. Bir dəfə qazanc əldə edən insanlar bu sahəni daha da inkişaf etdirmək üçün yeni ideyalar ortaya qoyar.
Turizmin inkişafı üçün ilk növbədə düşüncəsizlik nəticəsində yaranmış əngəllər aradan qaldırılmalıdır. Aidiyyatı qurumlar bu sahəyə sistemli yanaşmalı, turizm xidməti göstərmək istəyənlərə biliklər öyrədilməlidir. Rayonumuzda turizm sahəsində təhsil almış gənclər bu işə cəlb olunmalı, məktəblərdə turizm mövzusunda inşalar yazdırılaraq şagirdlərdə bu potensialın varlığı təbliğ edilməlidir.
Yerli insanların ideyaları qlobal təcrübələrlə birləşdirilməli, iqtisadi dəstək mexanizmləri – vergi güzəştləri, aşağı faizli biznes kreditləri, həvəsləndirici tədbirlər – tətbiq olunmalıdır. Bir sahibkarın sözləri bunu təsdiqləyir: “Əgər dövlət bizə az faizli kredit versə, mən kəndimdə kiçik turizm mərkəzi quraram. Qonaqlar həm təbiəti görər, həm də kənd həyatını yaşayar.”
Balakən yalnız füsunkar təbiəti ilə deyil, həm də böyük turizm potensialı ilə Azərbaycanın incisi ola bilər. Bu sahəyə diqqət yetirilsə, rayonun sosial-iqtisadi inkişafı sürətlənər, işsizlik aradan qalxar, yerli əhalinin rifahı yüksələr. Balakənin dağları, bulaqları, şəlalələri və mehriban insanları dünyanın hər yerindən gələn turistlər üçün unudulmaz xatirələrə çevrilər.
Balakən bu gün bir yol ayrıcındadır: ya yanlış addımların yaratdığı əngəllərlə geri qalacaq, ya da düzgün qərarlarla Azərbaycanın turizm mərkəzinə çevriləcək. Seçim bizimdir, amma təbiət artıq öz sözünü deyib – Balakən gözləyir…
Ramazan Abal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir