Balakən rayonunda şəhidlərin əziz xatirəsinə həsr edilmiş voleybol üzrə bələdiyyə və təşkilatlar arasında rayon turnirinə start verilib. Yarış Balakən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman, Təhsil sektorları və Rayon Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxışında Natiq Ağayev şəhidlərin və şəhid ailələrinin cəmiyyətimiz üçün ən ali dəyər olduğunu vurğulayıb, turnir iştirakçılarına uğurlar arzulayıb. Digər çıxış edənlər – Sarxan Hacıyev, şəhid valideynləri Aynur Bayramova və Şəmsəddin Tuhumov – şəhidlərin qəhrəmanlığının hər birimiz üçün örnək olduğunu, bu turnirin isə onların xatirəsinə olan sonsuz ehtiramın ifadəsi olduğunu bildiriblər.
Turnirin keçirilməsində məqsəd şəhidlərin xatirəsini yad etməklə yanaşı, gənc nəslə qəhrəmanlıq nümunəsini çatdırmaq, sağlam həyat tərzini təbliğ etmək, komanda ruhunu inkişaf etdirmək və iştirakçıların fiziki hazırlığını yüksəltməkdir.
Yarışda ümumilikdə 20 komanda mübarizə aparır. İlk oyun Qazma və Balakən bələdiyyələrinin komandaları arasında keçirilib və Qazma bələdiyyəsi qalib gəlib. Turnir 25 aprel 2026-cı il tarixində yekunlaşacaq.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Bu turnir həm idman bayramı, həm də şəhidlərimizin ruhuna ehtiramın parlaq nümunəsi kimi yadda qalacaq.
Yeni Balakən









