Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının 33-cü ildönümü qeyd olunub

YAP 33

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP rayon təşkilatının sədri Azad Balayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, partiya fəalları, gənc və veteran üzvlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Məruzə ilə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev partiyanın yaranma zərurətindən, keçdiyi mühüm tarixi mərhələlərdən, rayon təşkilatının fəaliyyəti və qazandığı uğurlardan geniş bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən və bu siyasətin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən danışıb.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiya üzvlərini və fəallarını təbrik edib. O, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın siyasi həyatında müstəsna rolundan, dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki xidmətlərindən söz açıb. Rayon rəhbəri bildirib ki, partiyanın təsisçisi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynamaqda davam edəcəkdir.

Tədbirdə həmçinin Balakən rayonu üzrə gənclər və idman sektorunun məsləhətçisi Nurlan Şibliyev, Nizami adına şəhər 1 saylı tam orta  ümumtəhsil məktəbinin müəllimi Leyla Hacıyeva,  R.Səmədov adına şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Züleyxa Dibirova,  Vətən müharibəsinin iştirakçısı Osman Əliyev və partiya veteranı Ruqiyyə Seyidova çıxış edərək YAP-ın keçdiyi şərəfli yoldan, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan və əldə olunan nailiyyətlərdən danışıblar.

Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, partiyanın fəaliyyətində xüsusi xidmətləri olan veteran üzvlər qiymətli hədiyyələrlə təltif olunublar.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

                                                                                               Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir