Balakən rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illik yubileyinə həsr edilən silsilə tədbirlər çərçivəsində rəngarəng bir mədəniyyət bayramı yaşandı. Mayın 22-də Rayon İcra Hakimiyyəti, Mədəniyyət Mərkəzi və MİHİ Balakən rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Rəqslərin sehri” adlı rəqs müsabiqəsinin nəticələri elan olundu.
Müsabiqənin I və II turunda 76 nəfər gənc və yeniyetmə iştirak etmiş, 5 duet, 3 qrup və 7 solo çıxış olmaqla 4 nominasiya üzrə ümumilikdə 35 nəfər istedadlı iştirakçı mükafatlandırılmışdır. Qaliblərə kubok, medal və diplomlar münsiflər heyəti tərəfindən təqdim olunaraq onların zəhməti və istedadı yüksək qiymətləndirildi.
Tədbir çərçivəsində uğur qazanan iştirakçılar öz rəqs nömrələrini bir daha səhnədə nümayiş etdirərək tamaşaçılara unudulmaz anlar yaşatdılar. Rəngarəng çıxışlar, milli geyimlər və musiqi ilə müşayiət olunan performanslar tədbiri əsl bayrama çevirdi.
Balakən ictimaiyyəti tərəfindən böyük maraqla izlənilən müsabiqə həm gənclərin yaradıcılıq potensialını üzə çıxardı, həm də Heydər Əliyevin mədəniyyətə verdiyi önəmin bariz nümunəsi kimi yadda qaldı. Bu günün sevinci bir daha göstərdi ki, Balakən gəncliyi milli-mənəvi dəyərlərə bağlıdır və onları incəsənət vasitəsilə yaşatmağa hazırdır.
Yeni Balakən









