Balakən rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amin Novruzovun anım mərasimi keçirilmişdir. Şəhidlər Xiyabanında keçirilən tədbirdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Turan Dibirov, hüquq – mühafizə orqanlarının rəhbərləri, idarə və müəssə rəhbərləri, Amin Novruzovun döyüş yoldaşları və rayon əhalisi iştirak etmişdir.
Tədbir Şəhidlər Xiyabanında şəhidlərin ruhuna oxunan dualarla başladı. Daha sonra rayon Mərkəzi Cümə məscidinin nümayəndəsi Rövşən İbrahimov şəhidlərin əziz xatirəsi üçün müqəddəs Qurani – Kərimdən ayələr oxudu. Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Turan Dibirov Amin Novruzovun igidliyi haqqında danışdı. Turan Dibirov qeyd etdi ki, Amin Novruzov öz canını vətən yolunda fəda edərək şəhidlik mərtəbəsinə yüksəlmişdir. Bu igid bütün Azərbaycan xalqının yaddaşında ədəbi qalacaqdır. Turan Dibirov dövlətimizin şəhid ailələri və qazilərə olan diqqətindən söz açaraq bu məsələnin birbaşa cənab prezidentin diqqətində olduğunu söylədi. Daha sonra tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin baş idarə rəisi, general – mayor Zaur Zeynalov ilk öncə Dövlət Sərhəd Xidmətinin rəisi, general – polkovnik Elçin Quliyevin salamlarını çatdırdı. Daha sonra çıxış edən general Amin Novruzovun döyüş yolundan söz açaraq onun igidliyinin gənc sərhədçilər üçün nümunə olduğunu söylədi. Qəhrəman şəhidin hər zaman nümunəvi xidməti ilə seçildiyini, onun xüsusi olaraq hər zaman öz döyüş yoldaşları arasında fərqləndiyini qeyd etdi. General Azərbaycan dövlətinin hərbçilərə olan dəstəyindən söz açdı. Dövlətimizin hər zaman şəhid ailələrinin, müharibə veteranlarının yanında olduğunu bildirdi. Zaur Zeynalov qeyd etdi ki, Amin Novruzov kimi igidlərin döyüş yolu böyük bir məktəbdir və onun adı daim yaşayacaqdır. Çıxış edən şəhidin atası Tacəddin Novruzov göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə və DSX rəhbərliyinə öz təşəkkürünü bildirdi. Oğlunu yad etmək üçün gələnlərə təşəkkür edən şəhid atası Aminin hər zaman igidlik ruhunda olduğunu, vətən üçün canını verməyə hazır olduğunu bildirdi. Aminin böyük idealları olduğunu, vətənin bütövlüyü, torpaqların azad edilməsi arzusunu isə bütün ideallardan yüksəkdə durduğunu bildirdi. Tədbirdə çıxış edən Kortala kənd məscidinin imamı Həbib əfəndi rayonda vətən müharibəsi qəhrəmanı adına layiq görülən 5 nəfərin olduğunu, Amin Novruzovun isə uca Allahın ən böyük mərtəbəsinə, şəhidlik zirvəsinə yüksəldiyini qeyd etdi. Daha sonra şəhidin qardaşı, DSX – nın giziri Qabil Novruzov çıxış etdi. O, qeyd etdi ki, hərbiçilər hər zaman şəhidlərin igidliyindan danışırlar. Onun üçün öz qardaşının igidliyindən danışmaq başqa bir qürurdur. Qabil Novruzov qeyd etdi ki, qardaşının igidliyi gənc əsgərlər üçün bir örnəkdir. Anım mərasimi şəhidin evində ehsan süfrəsinin verilməsi ilə başa çatdı.
Tarixçi-Politoloq Zeynal Əmralıyev




Daha çox foto üçün üstdəki Facebook ikonuna tıkla









