Balakəndə V Xurma festivalı keçirildi

Xurma Festivalı

Oktyabrın 29-da Balakən rayonunun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan xurmaçılığın daha geniş təbliğ edilməsi məqsədilə V Xurma festivalı keçirildi.

               Balakənlilər tarixən məhsul yığımını, məhsul bolluğunu böyük sevinc hissi ilə, şənliklər keçirərək qeyd ediblər. 2017-ci ildə rayonda ilk dəfə Xurma festivalı keçirilməklə gözəl ənənənin təməli qoyulub.

Qoz-fındığı, tərəvəzi, meyvəsi ilə tanınan Balakən beşinci dəfə Xurma festivalına ev sahibliyi edib. Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Aqrar İnnovasiya Mərkəzinin, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşan festivalda nazirlik və dövlət qurumlarının nümayəndələri, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak etdilər.

Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən festivalın rəsmi açılış mərasiminin əvvəlində qonaqlar şərbət, çörək və meyvələrdən hazırlanmış xonça ilə qarşılanıblar. Festival iştirakçıları parkın ərazisində xurma ağacları əkdilər.

Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin  qonaqlar kənd təsərrüfatı məhsullarının satışı yarmarkası ilə tanış olublar, Balakən mətbəxinin nümunələrindən dadıblar, folklor kollektivlərinin çıxışı festivalın ab-havasına xüsusi rəng qatdı.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirib ki, xurma festivalının keçirilməsi Balakən rayonu üçün xüsusi önəm daşıyan layihədir. Festival Balakəndə kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Festival yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxımından da böyük əhəmiyyət daşıyır. Xurma festivalının keçirilməsi, eyni zamanda, milli adət-ənənələrinin, qonaqpərvərliyinin, rayonun turizm imkanlarının tanıdılmasında, xurmanın, ondan hazırlanan məhsulların təbliğində önəmli rol oynayır. Diqqətə çatdırılıb ki, Balakən rayonu xurma istehsalına görə respublikada öncül yerlərdən birini tutur. Hazırda rayonda 838 hektar xurma bağı var.

Qeyd edilib ki, son illər rayonda özəl sərmayələr hesabına meyvələrin, o cümlədən xurmanın qurudulmuş formada istehsalı ilə məşğul olan “Balxurma” və “Balacans” Konserv zavodlarının nəzdində “Balakan Foods” müəssisələri yaradılıb. Müəssisəsində istehsal üçün meyvələr rayonun və digər rayonların sakinlərinin şəxsi xurma sahələrindən yığılır. Tam gigiyenik, ekoloji cəhətdən təmiz xurma məhsulları daxili və xarici bazarlara ixrac edilir.

Tədbirdə həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə heyətinin sədri Qadir Yusifov çıxış edərək, bu gün ölkəmizdə qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçiliyin mühüm rol oynadığını, Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında xurmanın xüsusi yer tutduğunu vurğulayıb, festivalın işinə uğurlar arzuladılar.

V Xurma festivalı respublikanın və yerli tanınmış incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə başa çatdı.

                                                                     Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir