Yol Mədəniyyətdir

Küçələri təmiz saxlayaq

Yol bizi evdən işə, işdən evə, sivilizasiyaya, gələcəyə aparır. Yol yalnız asfalt deyil – o, həm də mədəniyyətin, ictimai şüurun, vətəndaş məsuliyyətinin göstəricisidir. Bəs biz bu mədəniyyətə necə yanaşırıq?

Küçələrə münasibətimiz: Təəssüf ki, narahatedici.
Gündəlik istifadə etdiyimiz küçələrdə təmizlik qaydalarına riayət edirikmi? Təəssüf ki, cavab çox zaman “xeyr” olur. Bəzi sakinlər içdikləri sərinləşdirici içkilərin qabını, yedikləri paketli qidanın qalıqlarını, tum qabıqlarını küçəyə atmaqda heç bir problem görmürlər. Halbuki küçələrdə müəyyən aralıqlarla yerləşdirilmiş zibil qabları mövcuddur – sadəcə bir neçə addım atmaq kifayətdir.
Şəhərin yükünü artıran kənd zibilləri.
Daha da narahatedici hal – kənddən şəhərə zibil gətirib atan sakinlərdir. Onsuz da şəhərin kommunal yükü ağırdır. Kənd sakini həyətində kiçik bir quyu qazaraq qida artıqlarını ora ata, yandırıla bilənləri isə üzərində yandıra bilər. Bu, həm təbiətə, həm də şəhər xidmətlərinə hörmət olar.
Zibil maşınına “dağ” düzəldənlər.
Şəhərdə zibil maşını gələcəyini bilib qapı önünə bir balaca paket qoyursan, amma bir neçə saat sonra görürsən ki, həmin paketin ətrafına nə gəldi, necə gəldi zibil atılıb – balaca paket dağa dönüb. Hətta maşından keçərkən kiçik bir paketin üstünə böyük bir zibil torbası atıldığını dəfələrlə müşahidə etmişik.
Zibil qabları var, amma istifadə olunmur.
Zibil qabının içi boş və yaxud yarı boş olduğu halda, paketlər yerə atılır. Bu, sadəcə tənbəllik deyil – bu, ictimai məsuliyyətin olmamasıdır.
Küçələri kim təmizləyir?
O zibilləri kim yığır? Günün qızmar istisində, qışın şaxtasında, yazın yağışında küçələrimizi təmizləyənlər – ehtiyac ucbatından çalışan analarımız, bacılarımız, qız-gəlinlərimizdir. Onların zərif cinsin nümayəndələridir. Bizim küçələrimizin səliqəsi onların zəhməti ilə qorunur.
Yağış sularının daşıyıcı quyularının üstü – metalloma satılan barmaqlıqlar
Küçələrdə su toplanmasın deyə yeraltı borular, üstü metal barmaqlıqlarla örtülmüş kvadrat quyular vardı. İndi o quyuların üzərindəki barmaqlıqlar yoxdur. O quyuların içi küçəyə atılan zibillərlə doludur.Deyilənə görə, dəmir yığıb satanlar bu barmaqlıqları söküb metalloma veriblər. Küçədə sahibsiz gördükləri bu elementlərin əslində işlək və vacib olduğunu yəqin ki bilirdilər. Metallom alıcıları da bu cür elementləri qəbul etməməli, geri qaytarmalıdır.
Nəticə: Küçələrimizə sahib çıxaq.
Bu küçələr bizimdir. Bu yollar bizi gələcəyimizə aparır. Onları təmiz saxlamaq, qorumaq, zəhmət çəkən qadınlarımızın əməyinə hörmət etmək bizim borcumuzdur. Küçəyə atılan hər bir zibil, əslində, cəmiyyətə atılan sayğısızlıqdır.
Ramazan Abal




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir