Şərəfli şair ömrü
Bu günlərdə həmyerlimiz,tanınmış şair,Azərbaycan YB-nin üzvü,”Qızıl Qələm” mükafatı laureatı Xutra Ramazanın 77 yaşı tamam olur.Bu münasibətlə onunla görüşüb müsahibə aldıq.
-Ramazan müəllim,doğum gününüz münasibətilə sizi təbrik edirik,sizə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.Şərəfli ömür yolu keçibsiniz.Bütün mənalı həyatınızı Vətənə,dövlətimizə və xalqımıza həsr etmisiniz.Bu gün dönüb geriyə baxanda hansı hissləri yaşayırsınız?
-Bəli,Allah Təalanın verdiyi ömrün ahıl payımı da yaşamaq mənə nəsib olub.Həyatımdan razıyam.Ömrümü hədər keçirməmişəm.Cəmiyyətə əməyimin və əməlimin töhvəsini verməyə çalışmışam.Çox şadam ki,əvəzində insanların hüsn-rəğbətini hiss etmişəm.Bu,məni daha məsuliyyətlə və həvəslə yazıb-yaratmağa sövq edir.
-Həyat və yaradıcılığınız haqqında məlumat verməyinizi istərdik.
-Mən 1948-ci il avqustun 17-də Balakən rayonu Şərif kəndində anadan olmuşam.Orta təhsilimi Qabaxçöldə yerləşən Xalatala orta məktəbində almışam.1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun fizika-riyaziyyat fakultəsini bitirib doğma kəndimə riyaziyyat müəllimi göndərilmişəm.Əvvəl təlim – tərbiyə işləri üzrə direktor müavini,sonra həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşam.Hal-hazırda təqaüddəyəm və bədii yaradıcılıqla məşğul oluram.
2018-ci ildən AYB-nin üzvü,7 kitab müəllifiyəm.Respublikanın 20-dən çox mətbu orqanlarında və televiziya kanallarında çıxış edirəm.Haqqımda filmlər çəkilib.23 poemanın müəllifiyəm.
Yaradıcılığım vətənə,doğma torpağıma,gözəlliklər məskəni bölgəmizin füsunkar təbiətinə və bu təbiətin özü qədər gözəl,saf insanlarına olan sevgidən qaynaqlanır.Məhəbbət mövzusu onun bütün təzahürləri ilə əsərlərimin ana xəttini təşkil edir.
İki dildə-Azərbaycan və Avar dillərində yazıb-yaradan Azərbaycanın avar oğluyam.Fəaliyyətimlə bu iki millət arasında canlı körpü yaradıram.
-Şair,bildiyimə görə Qarabağ mövzusunu,xüsusən 1-ci və 2-ci Vətən müharibələri ilə bağlı geniş yaradıcılıq işləriniz var.
-Əlbəttə 30 illik ağrısını yaşadığımız, həsrətin cəkdiyimiz doğma Qarabağ hər bir vətənpərvər yazarın, o cümlədən mənim də daimi mövzümdur. Bu baxımdan, vətənə, onun ayrılmaz hissəsi olan Qarabağa hədsiz sevgi və can yanğısı ilə qələmə aldığım coxsaylı poema və şeirlər arasında 44 günlükVətən müharibəsini tərənnüm edən əsərlərim xüsusi yer tutur. Sonadək qələmə sarılıb cəbhədə fədakarlıqla döyüşən əsgərlərin sırasında oldum. Qanını mürəkkəb edərək vətən oğullarının qəhramanlığını yazdım. Qısa zaman kəsiyində vətən uğrunda səhid olan igidlərin, gəhramanların, qazilərin döyüş yoluna həsr etdiyim “Qartallar Şuşaya uçur” kitabını arsəyə gətirdim.ı Kitab böyük maraq və sevgi ilə qarşaılandı. Kitaba ön sözü yazan böyük şair-publisist, “Kredo” qazetinin Baş redaktoru, Beynalxalq Rəsul Rza laureatı Əli Rza Xələfli kitabı “Sözün Möhtəşəm abidəsi” adlandırır.
-Yaradıcılığınıza bələd olanlar sizi bahar və gözəllik şairi adlandırır. Şeirlərinizdən bahar təravəti gəlir. Lirikanız çox məlahətli səslənir. Baharı çox sevirsiniz, eləmi?
-Əlbəttə mən anamız təbiətin bakirə qızı olan baharın vurğunuyam, bizi əhatə edən hər şeydə-təbiətdə, insanlarda bahar gözəlliyini görürəm. Baharın gəlişini səbirsizliklə gözləyirəm.İlk bənövşəni görəndə qəlbimə ən ülvi duyğular dolur. Bu duyğular məni ilhama cağırır.
Bahar mənim üçüm tərifə alınmayan ilahi gözəllikdir:
Qoy sözlərim qonsun gülə-çiçəyə,
Bahar ətri gəlsin nəğmələrimdən.
Açım ürəyimi hər gözəlliyə,
Əzəldən gözəllik aşigiyəm mən.
Məni yaşadan da, şeirimə qanad verən də bahardır, gözəllikdir. Yazıram ki,insanlara bu gözəlliyi tövhə verim, sevinc bəxş edim.
İnanıram ana təbiətin füsünkar gözəlliyi, birdə insanların mənəvi gözəlliyi dünyamızı xilas edəcəkdir.
-Ramazan müəllim,siz istedadlı şair olmaqla yanaşı,adlı-sanlı müəllimsiz.Çoxsaylı yetirmələriniz hər sahədə çalışır,bir çoxları davamçılarınızdır.Rəhbərlik etdiyiniz məktəbin xoş sədaları hələ də yayılmadadır.Sizcə müəllim və şair məfhumları bir-biri ilə necə uzlaşır?
-Qismətimə mənəvi dünyamızın təmənnasız sakini olmaq düşüb.Ziyalı adını şərəflə daşıyıram,bununla qürur duyuram.Müəllim adı müqəddəsdir,o,bir yanar günəşdir ki,ziyası bəşər övladının zəkasını nurlandırır.Əslində şair və müəllim anlayışları bir-birini tamamlayır.Çünki hər ikisi yaradıcı fəaliyyətə bağlıdır.Biri zehnin memarıdır,o biri qəlbin.Məşhur alman alimi Veyerştrus deyirdi:”Qəlbən şair olmayan əsl riyaziyyatçı olmaz”.Əgər müəllim kamil insan tərbiyə etmək qayğısıyla yaşayırsa,şair olan isə ürəklərdə humanizm və məhəbbət toxumları səpməyə can atır.Doğma olan hər şeyi tərənnüm etmək necə də gözəldir!
Bütün bunların müqabilində şair zaman-zaman cəmiyyətdən diqqət və qayğı görür.Azərbaycan Xalq Cümhuriyyətinin və Heydər Əliyevin 100 illik medalları ilə təltif olunmuşam.Mahmud Kaşqari adına beynəlxalq fondun və digər mükafatları almışam.
Mən xalqıma və dövlətimə əmin-amanlıq,rifah və əbədi xöşbəxtlik arzulayıram.
-Dəyərli müsahibə üçün təşəkkür edirəm.Uğurlarınız bol olsun!
Ramazan Abal.
HANSINDAN DEYİM
Çoxdur bizim yerin zövqü-səfası,
Наnsından söz açım, hansından deyim?
Yaxından, uzaqdan gələr sədası,
Çəmənin, çiçəyin nazından deyim.
Bu dilbər məkana cənnət dedilər,
Təbiət adına afət dedilər,
Qızıl payızına nemət dedilər,
Mən isə bakirə yazından deyim.
Qayaya kök atan qoşa qovaqdan,
Daşlardan süzülən zümrüd bulaqdan,
Dağların qoynunda yaşıl yaylaqdan,
Zirvəsində qarlı qışından deyim.
Bu gözəl diyara zinətdir insan, –
Avarla azəri bir ürək, bir can.
Söz açım mərdindən, qəhrəmanından,
Hünərvər oğlundan, qızından deyim.
Hər evin qapısı qonaq-qaralı,
Analar, gəlinlər əli sayalı,
Dərmandı süfrənin qaymağı,balı,
Sülhülü dadından, duzundan deyim.
Ramazan vurğundur gözəl hüsnünə,
Ulu keçmişinə, hər xoş gününə.
Min hava üstündə köklənib yenə
Sinəmin sözündən, sazındam deyim.