Xalqın hörmətini qazanan xidmət adamı.

Maqamedov Hacı Seyfullah oğlu – sədaqətli əmək, nümunəvi insanlıq.

Müxtəlif peşə sahələrində bəziləri işləri ilə, bəziləri isə şəxsiyyətləri ilə tanınır. Amma nadir hallarda bu iki xüsusiyyət bir insanda ahənglə birləşir. Balakənin tanınmış siması,görüşdüyü insanın üzündə təbəssüm yarada bilən,bir çoxumuzun ərkyana Hacı dayı deyə müraciət etdiyimiz, Maqamedov Hacı Seyfullah oğlu bu cür nadir nümunələrdəndir. O, 1961-ci il yanvarın 1-də (01.01.1961) anadan olub.Nizami adına şəhər 1 saylı tam orta məktəbi bitirib,1980-ci ildə hərbi xidmətə yollanıb.Hərbi xidmətdən qayıtdıqdan sonra Kənd Təsərrüffatı Texnikumunda iqtisadçı ixtisası üzrə qiyabi təhsil alıb.Ailəli,iki övlad atası,iki də nəvə babasıdır.

1983-cü ildən Balakən rayon Hərbi Komissarlığında təlimatçı,baş təlimatçı,şöbə rəisinin köməkçisi,hal hazırda isə qeydiyyat şöbəsinin müfəttişi vəzifəsində çalışır.İşini,iş yerini,kollektivini,xalqa xidmət etməyi sevəndir.İş yerinin,binanın,invertarların təmiz saxlanılmasından tutmuş 1941-45-ci il müharibəsi iştirakçılarının vəsiqələrinin bərpası,sənədlərinin qaydaya salınması,Çernobıl,Əfqanıstan veteranlarının,1992-ci il Qarabağ müharibəsi veteranlarının sənədlərinin bərpası,qaydaya salınması və bu kimi məsuliyyətli işlər Hacı müəllimin fəaliyyətində öz səliqə səhmanı,dəsti xətti ilə görünən və görülən işlərdəndir. Uzun illər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsində xidmət edən Hacı müəllim peşəkarlığı, təvazökarlığı və səmimi münasibəti ilə həm kollektivin, həm də vətəndaşların dərin rəğbətini qazanıb.

Onun əmək fəaliyyəti sadəcə statistik göstəricilərlə ölçülməz. Bu, illərlə formalaşan insan münasibətləri, dərin etimad və yüksək etik davranışlarla dolu bir yolun hekayəsidir. İşə zamanında və məsuliyyətlə yanaşması, vətəndaş müraciətlərinə göstərdiyi diqqət və səbir, onu dövlət-məmur münasibətlərinin uğurlu nümunəsinə çevirib.

Rəhbər və vətəndaşlar nə deyir?

Şöbə rəisi:
“Hacı müəllim kollektivimiz üçün təkcə təcrübəli əməkdaş deyil, həm də dayaqdır. Onun həm gənclərə yön verdiyi yanaşması, həm də prinsipial mövqeyi bütün iş prosesində özünü göstərir. Onunla çalışmaq özü bir məktəbdir.”

Qabaxçöllü vətəndaş:
“Mən ilk dəfə müraciət edəndə tərəddüd içində idim. Amma Hacı müəllimin səmimiyyəti, diqqətlə dinləməsi və problemi qısa zamanda həll etməsi məni çox sevindirdi. Onun kimi məmurlar dövlətə və insanlara ümid bəxş edir.”

Gənc əməkdaş:
“Hər gün ondan nəsə öyrənirik. Yalnız işgüzarlığı deyil, insanlara yanaşması, sakitliyi və mədəni davranışı bizi də dəyişdirir. O bizim üçün bir örnək, istiqamətdir.”

Söhbətimizin sonunda Hacı müəllimdən onun barəsində “Yeni Balakən” qəzetində gedəcəyi yazı haqda fikrini soruşuram:

Alqışlayıram.Təqdirə layiqdir.Yazı sadəcə mənim barəmdə,şəxsim haqda olduğu üçün demirəm,ümumiyyətlə uzun müddət işləyən,xidməti,iş təcrübəsi olan,vətəndaş rəğbətini,xalq sevgisini qazanmış insanları tanıtmaq,onları unutmamaq üçün tarixin yaddaşına qeyd edərək saxlamaq,əbədiləşdirmək,uzun illərə dayalı iş və həyat təcrübəsindən istifadə etmələri, yeni,gənc nəsillərə,əməkdaşlara bir yol,cığır,örnək olaraq göstərmək,təbliğ etmək baxımından yerində və əvəzsizdir.”Yeni Balakən”in bu cürə yanaşması,diqqəti,səmimiyyəti üçün təşəkkür edirəm.
Yol göstərən izlər..

Hacı müəllimin portreti yalnız zahiri nüfuz deyil, həm də onun xarakterinin bir güzgüsüdür: sakit, ciddi, dinləməyi bacaran və heç vaxt insanlarla münasibətdə etik çərçivələri pozmayan. Onun fəaliyyəti – həm rəsmi vəzifə, həm də insani missiyadır.

Gələcək nəsillər bu cür nümunələrlə yetişdikcə, cəmiyyət daha da güclənəcək. Onun həyatı və fəaliyyəti bir daha sübut edir ki, istedad, zəhmət və vicdan birləşəndə, ortaya unudulmaz izlər çıxır.

Ramazan Abal

26 iyun 2025-ci il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir