Balakəndə şəhid Cavanşir Həsənovla vida mərasimi keçirilib
Balakən rayonunda uzun illər itkin kimi qeydiyyatda olan I Qarabağ müharibəsi şəhidi Cavanşir İsrafil oğlu Həsənovun nəşi ailəsinə təhvil verilib və bu gün Şəhidlər xiyabanında dəfn olunub.
Vida mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
1967-ci ildə Balakənin Hənifə kəndində dünyaya gələn Cavanşir Həsənov könüllü olaraq Qarabağ müharibəsinə qatılıb. 1992-ci il iyunun 12-də Ağdam rayonu Surxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən qəhrəmanımızın taleyi uzun illər boyu ailəsi və yaxınları üçün bir ümid işığı olub. Bu gün həmin ümid gerçəyə çevrildi – şəhidimizin məzarı var, adı torpağında əbədiləşdi.
Şəhidin ailəsi üçün bu gün həm kədər, həm də qürur günü oldu. İllərlə yolunu gözlədikləri ata, övlad, qardaş nəhayət doğma torpağa qovuşdu. Onun oğlu – atasının adını daşıyan Cavanşir – atasını görməsə də, bu gün onun qəhrəmanlığını bütün Balakənlə birlikdə yaşadı.
Şəhid Cavanşir Həsənovun nəşinin tapılması və şəxsiyyətinin müəyyən olunması dövlətimizin şəhidlərimizə, itkin düşmüş soydaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Mərasimdən sonra rayon rəhbərliyi Şəhidlər xiyabanında aparılan yenidənqurma işləri ilə tanış olub, görüləcək işlər barədə tapşırıqlar verib.
Yeni Balakən








