Sarıbulaqda ilk addımlar: Xatirə müəllimənin sinfi dərsə başladı

Məktəbəqədər hazırlıq sinfi

Bu gün, oktyabrın 1-i, respublikamızın bütün ümumtəhsil məktəblərində məktəbəqədər hazırlıq siniflərində dərslər başladı. Beş yaşı tamam olmuş balacalar ilk dəfə parta arxasında əyləşdilər — kimisi maraqla, kimisi həyəcanla, kimisi də anasından ayrılmaq istəmədiyindən göz yaşlarıyla. İlk dəfə müəllim qarşısında oturmaq, ilk dəfə “müəllim” sözünü eşitmək, ilk dəfə sinif yoldaşları ilə tanış olmaq — bu gün onların həyatında unudulmaz bir başlanğıc oldu.

Bu başlanğıclardan biri də M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində yaşandı. Baradova Xatirə müəllimənin sinif rəhbəri olduğu məktəbəqədər hazırlıq sinfi bu gün ilk dərsini keçdi. Sinif otağında balacaların maraqlı baxışları, valideynlərin sevinc və həyəcan dolu gözləri, müəllimənin qürurla dolu ürəyi bir araya gəldi. Valideynlər əlindən tutub məktəbə gətirdikləri övladlarının parta arxasında oturuşundan, ilk addımlarından fərəh duyur, gələcək arzularının ilk pilləsinə qədəm qoyduqlarını hiss edirdilər.

Xatirə müəllimə üçün bu gün ikiqat bayram idi. Bu onun müəllimlik həyatında ilk sinifi idi. İllərdir arzuladığı, kəndin balalarına bilik, təlim və tərbiyə vermək istədiyi o müqəddəs an nəhayət gerçəkləşdi. Müəllimlik peşəsinin şərəfini, məsuliyyətini və sevgisini ürəyində daşıyan Xatirə müəllimə bu sinifi öz vəsaiti ilə zövqlə bəzəmiş, balacaları sevgi ilə qarşılamışdı.

Valideynlərin dəstəyi bu uğurun arxasında dayanan ən böyük güc idi. Onlar Xatirə müəllimənin savadına, pedaqoji bacarığına inanaraq təkidlə övladlarının onun sinfində olmasını istəmişdilər. Hətta əgər bu sinif ona verilməzsə, uşaqlarını başqa məktəbə aparacaqlarını bildirmişdilər. Bu həm müəlliməyə olan inamın, həm də təhsilə olan dərin bağlılığın göstəricisi idi.

“Bəziləri”, savadsız və laqeydlər ucbatından peşəkar müəllimlərə sinif verilmirdi. Amma bu gün Sarıbulaqda həm valideynlərin, həm də Xatirə müəllimənin arzuları gerçəkləşdi. Bu sinif — sevgi ilə bəzədilmiş, inamla qurulmuş, gələcəyə ümidlə açılmış bir qapıdır.

Bu günün sevinci, bu sinifin başlanğıcı — gələcəyin uğurlarının müjdəçisidir. Körpə fidanlar Xatirə müəllimənin qayğısı ilə böyüyəcək, məktəbin uğurlarında onun da imzası olacaq. Və bir gün bu balacalar böyüyəndə, ilk müəllimlərini — Xatirə müəlliməni — sevgi ilə xatırlayacaqlar…

                                                                                Ramazan Abal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir