Natiq Ağayev sahibkarların yanında, maneələr tarixə qovuşur
Bu gün Balakən RİH-in inzibati binasında iş adamları və sahibkarlarla rayon rəhbəri Natiq Ağayevin görüşü oldu. Son 14 ildəki görüşlərdən fərqli olaraq bu dəfə tədbirdə xeyli sayda iş adamı və sahibkar iştirak edirdi. Təbii ki, səbəb də bəlli idi: hər zamankı kimi seçilmiş bir neçə nəfər, daim “yüklənənlər” deyil, görüş elanını eşidib gələn hər kəs iştirak etmişdi. Hətta o qədər çox idi ki, zal adam tutmurdu, koridorda kürsü qoyub oturmuşdular.
Unutmayaq ki, son 14 ildə Balakənin quruculuq işlərində cənab Prezidentin ayırdığı böyük məbləğli vəsaitlə görülən işlər istisna olmaqla, qalan işlərin az qala tamamını Balakənin iş adamları və sahibkarları “yüklənmə” yolu ilə həyata keçiriblər.
Tədbiri Natiq müəllim iştirakçıları salamlayaraq açdı. Rəhbər əvvəlki vəziyyətdən tam hali olduğunu göstərərək çıxışına iş adamlarını əmin etməklə başladı:
• Tam arxayın, əmin şəraitdə işinizi quracaq, fəaliyyət göstərəcəksiniz.
• Heç kim sizə münasibətdə neqativ hallara yol verməyəcək, haqsız və əsassız tələblər irəli sürülməyəcək.
• Əvvəlki eybəcər istəklər, “yükləmələr” olmayacaq, iş adamlarına heç bir maneə yaradılmayacaq.
O, xaricdəki iş adamlarını da dəvət edərək Balakənə investisiya qoymağa çağırdı. Qanun çərçivəsində işlərini qurmaq üçün hərtərəfli dəstək veriləcəyini, hüquqi məsləhətlərdən tutmuş bilik səviyyəsində köməklik göstəriləcəyini vurğuladı.
Sonra söz Şəki-Zaqatala Regional Məşğulluq Filialının Təhlil və Tərəfdaşlarla İş şöbəsinin müdiri Vaqif Əsədullayevə verildi. O, iş adamlarına təqdim olunan güzəştlərdən, məşğulluğun təminində müəyyən kateqoriyalara tanınan imtiyazlardan, iş mühitinin inkişafı üçün yaradılan şəraitdən danışdı və bildirdi ki, sahibkarlar müraciətlərini elektron hökumət portalı üzərindən də edə bilərlər.
Təkliflər və müzakirələr
Natiq müəllim əlavə etdi ki, iş adamlarına avadanlıqlar ona görə veriləcək ki, onlar müəyyən sayda işçi götürsünlər. O, iş yerlərinin açılması və iş şəraitinin yaradılması üçün bir çox istiqamətlər göstərdi. Bəzi məmurlara isə yerindəcə xəbərdarlıq edərək süründürməçiliyə yol verməməyi, iş adamlarına ciddi və həssaslıqla yanaşmağı tapşırdı.
Sahibkar Musalxan İbrahimov elektrik problemi ilə üzləşdiyini bildirdi və turizmin inkişafını təklif etdi. Natiq müəllim cavabında Balakəndə turizmin inkişafının vacib sahələrdən olduğunu, Katex şəlaləsi istiqamətində marşrutun açılmasının gündəmdə olduğunu, quru sərhədlərin açılması ilə turizmin beşqat artacağını qeyd etdi. Elektrik problemi ilə bağlı isə deputat Nəsib müəllimlə də görüşdüklərini,çox böyük dəstək verəcəyini və yaxın zamanda çatışmazlıqların aradan qaldırılacağını vurğuladı. Şəhərdə su və kanalizasiya xətlərinin mərhələli şəkildə yenilənəcəyi də bildirildi.
Sahibkar Vidadi Baydarov Balakən parkından və kanat yolunun məşhur dövründən söz açaraq hazırda kanatın işləmədiyini,rayona turist marağının azaldığını qeyd etdi. O, Balakən çayı boyunca Salban kəndinə qədər park-bulvar salınmasını təklif etdi və layihədə iştirak etməyə hazır olduğunu bildirdi.
Sizin gəlişiniz qış fəslinə təsadüf etsədə,bahar havası hiss olunur-deyə sözə başlayan iş adamı Məhəmməd Bazarov isə torpaq koordinatları, bağbanların maarifləndirilməsi və bağçılıq işinə peşəkar dəstəyin göstərilməsi ilə bağlı məsələləri səsləndirdi. Bununla bağlı rəhbərlə ayrıca görüşmək istədiyini bildirdi.Görüş istəyi müsbət qarşılandı.
Başçı sahibkarlara qanuni ət kəsimi yerlərinin yaradılmasını təklif etdi. Bu, həm qiymətlərin ucuzlaşmasına, həm də həkim nəzarətində gigiyenik şəraitdə ətin emalına səbəb olacaq.
Sahibkarların rəyləri
İş adamı Mahir Caniyev görüşü maarifləndirici adlandıraraq xeyli bilgi əldə etdiyini bildirdi. Əfqan Balayev isə Natiq Ağayevdən razı qaldığını, iş adamlarının incidilməyəcəyinə inandığını və yeni rəhbərə, onun timsalında ölkə başçısına güvənərək sahibkarlıq fəaliyyətini davam etdirəcəklərini vurğuladı.
Natiq müəllim gələcəkdə tikiləcək obyektlərin və görüləcək işlərin müasir görünüşlü, Balakən memarlığına və şəhərsalmanın tələblərinə uyğun, keyfiyyətli şəkildə olmasının vacibliyini qeyd etdi. O, görüşdən məmnun qaldığını bildirərək sahibkarlara uğurlar arzuladı.
Yeni Balakən
Daha çox foto üçün üstdəki facebook işarəsinə tıkla








