Qarahacılı kənd tam orta məktəbində Bilik Günü sevinci

Qarahacılı məktəbi bilik günü

15 sentyabr – yeni dərs ilinin başlanğıcı Qarahacılı kənd tam orta məktəbində bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Katex ərazi dairəsində yerləşən bu məktəbdə Bilik Günü tədbiri balaca şagirdlərin sevincinə, müəllimlərin qüruruna və valideynlərin ümidinə çevrildi.

201 şagirdin təhsil aldığı məktəbdə bu il 9 nəfər birinci sinifə qədəm qoyub. Katexdəki 5 məktəbi nəzərə alsaq, bu rəqəm bölgə üçün tamamilə normaldır. Məktəbin uğurları isə təkcə bu günlə məhdudlaşmır – 2025-ci ilin məzunlarından 13 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunaraq Qarahacılı məktəbinin təhsil uğurlarına yeni səhifə əlavə ediblər.

 Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükutla başladı. Məktəbin yeni təyin olunmuş direktoru Samirə xanım Varansova tədbiri açaraq qonaqları, müəllim və şagird kollektivini salamladı. O, çıxışında yeni kollektivindən ümidli olduğunu, birlikdə böyük uğurlara imza atacaqlarına inandığını vurğuladı.

 Tədbirdə iştirak edən siyasi rəhbər, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, şəhid atası Azər Təmirov və təhsil sektorunun nümayəndəsi Lamiyə Xoşbəxova da çıxış edərək Qarahacılı məktəbinin şagird və müəllimlərini yeni dərs ili münasibətilə təbrik etdilər, onlara təhsildə və tədrisdə uğurlar arzuladılar.

  Samirə xanım Varansova bu vəzifəyə gəlməzdən əvvəl Nəsimi adına Balakən şəhər 2 saylı tam orta məktəbin direktoru kimi fəaliyyət göstərib. Həmin məktəbin bir çox uğurları məhz onun rəhbərliyi dövrünə təsadüf edir. Şəhər məktəbində qazandığı hörmət və idarəetmə təcrübəsi ilə Samirə müəllimənin Qarahacılı kənd məktəbinə də yeni nəfəs, yeni inkişaf mərhələsi gətirəcəyinə inanırıq.

Bu gün Qarahacılı məktəbi yeni bir başlanğıcın astanasındadır. Samirə xanımın rəhbərliyi ilə bu təhsil ocağının daha böyük uğurlara imza atacağına, bölgənin nümunəvi məktəblərindən birinə çevriləcəyinə ümid edirik.

Yeni dərs ili mübarək, Qarahacılı məktəbi! Uğurlarınız daim olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir