Balakən rayonunun Şərif kəndində bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri – Sarkayev Nəcməddin Əli oğlunun anım günü keçirildi.
Tədbir şəhidin məzarı önündə, Şərif kənd qəbiristanlığında baş tutdu. Mərasimə Balakən Rayon İcra Hakimiyyətinin müvəqqəti səlahiyyətli rəhbəri Turan Dibirovun başçılığı ilə RİH nümayəndələri, din xadimləri, YAP Balakən təşkilatının və ASAN xidmətin əməkdaşları, Qabaxçöl Polis Bölməsi, şəhid ailələri, qazilər, məktəb kollektivi və kənd ictimaiyyəti qatıldı.
Çıxış edən Turan Dibirov Nəcməddin Sarkayevin Vətənə olan sevgisindən, dövlətə sədaqətindən və cəbhədə göstərdiyi rəşadətdən danışaraq onun bizə zəfəri bəxş edən igidlərdən biri olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin şəhidlərə olan ehtiramından və şəhid ailələrinə göstərilən diqqətdən də söz açdı.
Qabaxçöl Polis Bölməsinin rəisi Vilayət müəllim şəhidin anası Tinay müəlliməyə yaxınlaşaraq duyğulu bir çıxış etdi: “Ana, ağlama, başını dik tut. Sənin oğlun qəhrəmandır.” Bu sözlər tədbir iştirakçılarının qəlbində dərin iz buraxdı.
Tinay müəllimə oğlunun döyüş yoldaşlarının xatirələrindən danışarkən, Nəcməddinin qorxmazlığı və hünəri bir daha qürur hissi oyatdı. Əsgər yoldaşlarının “Nəcməddin, bir az istirahət edək, sonra yenə döyüşərik” sözlərinə o, “Yox, bütün postları almalıyıq, düşməni məhv etməliyik” cavabını vermişdi. Gün ərzində bir neçə postu, o cümlədən bir erməni generalının olduğu mövqeni ələ keçirən Nəcməddin, sonuncu post uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu. Lakin onun arzusu gerçəkləşdi: Vətən torpağı işğaldan azad edildi.
Şəhidin atası Əli Sarkayev tədbir iştirakçılarına təşəkkür edərək, oğlunun xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.
Tədbir şəhidin evində təşkil olunan ehsan süfrəsi ilə başa çatdı. Bu mərasim bir daha göstərdi ki, xalqımız öz qəhrəmanlarını unutmur, onların xatirəsini yaşadır və gələcək nəsillərə örnək kimi təqdim edir.
Ramazan Abal
Daha çox foto üçün üstdəki Facebook ikonuna toxun









