Dövlət idarəçiliyində səmərəlilik və ictimai etimad məsələsi hər zaman əsas prioritetlərdən biri olub. Xüsusilə məmur fəaliyyətinin nəticəyönümlü olması, vəzifə səlahiyyətlərindən düzgün istifadə və cəmiyyət qarşısında məsuliyyət anlayışı müasir idarəçilik modelinin ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə bu mövzulara xüsusi diqqət ayırması dövlətin idarəetmədə şəffaflıq və məsuliyyət prinsipinə verdiyi önəmi bir daha ortaya qoyur. Dövlət başçısının etimadı doğrultmayan məmurlarla bağlı sərt mövqeyi mövcud nəzarət mexanizmlərinin effektivliyi və onların gələcəkdə daha da gücləndirilməsi ilə bağlı müzakirələri aktuallaşdırır.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev yenibalaken.az-a bildirib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə cəmiyyəti narahat edən bütün məsələlərə aydınlıq gətirib və görülmüş işlərlə bağlı fikirlərini şəffaf şəkildə ictimaiyyətlə bölüşüb:
“Dövlət başçısı bəzi məmurların neqativ fəaliyyəti, göstərilən etimadı doğrultmamaları, tutduqları vəzifələrdə sui-istifadə hallarına yol vermələri barədə danışarkən növbəti dəfə mesajlarını ictimaiyyətə çatdırdı. Kimliyindən və təyinat müddətindən asılı olmayaraq, hər kəsin yol verdiyi nöqsanlara görə cəzalandırılacağı barədə kəskin xəbərdarlıq etdi. Xalqımız cənab Prezidentin bu istiqamətdə, ümumiyyətlə, cəmiyyətin saflaşmasına yönəlmiş bütün addımlarını dəstəkləyir və yüksək qiymətləndirir.
Kimsə düşünməsin ki, qanunları kobud şəkildə poza, statusuna görə insanları incidə, təhqir və ya şantaj edə bilər. Yaddan çıxarılmamalıdır ki, XXI əsr informasiya əsridir. Dövlətin əlində kifayət qədər nəzarət mexanizmləri və texniki imkanlar mövcuddur. Nəyisə gizlətmək qeyri-mümkündür. Etimadı doğrultmayan məmurların ifşası an məsələsidir. Bunu başa düşməmək, Prezidentin dəfələrlə publik şəkildə etdiyi xəbərdarlıqları qulaqardına vurmaq ən böyük ağılsızlıqdır”.
Millət vəkili əlavə nəzarət mexanizmlərinin tətbiqinə gəldikdə isə bildirib ki, burada ən effektiv rolu vətəndaş cəmiyyəti institutları oynaya bilər:
“Təbii ki, korporativ maraqlardan uzaq, ədalətli, obyektiv və qərəzsiz yanaşma sərgilənərsə. Digər bir nəzarət mexanizmi isə parlament xətti ilə konstruktiv şəkildə həyata keçirilə bilər. Hər bir deputat seçildiyi dairənin problemləri ilə bağlı tam məlumatlıdır və seçicilər üçün əlçatandır. Ən əsası isə, mənim düşüncəmə görə, inzibati və digər imperativ metodlardansa, vicdanlı olmaq lazımdır. Əgər məmurda vicdan yoxdursa, onun nə dövlətə, nə də millətə heç bir xeyri dəyməyəcəkdir. Vicdan ən böyük nəzarətçidir”.
Deputatların icra başçılarının fəaliyyətlərinə münasibəti necədir? – sualına millət vəkili də ali icra hakimiyyəti ilə qanunvericilik orqanı arasında sistemli və işlək mexanizm formalaşdırıldığını deyib:
“Qanunverici orqanla ali icra hakimiyyəti orqanları arasında kifayət qədər sistemli və işlək mexanizm formalaşdırılıb. Zamanında belə bir təkliflə müraciət etmişdim ki, icra və qanunverici orqanlar arasında məsələlərin operativ həllini istəyiriksə və cənab Prezidentin parlament qarşısında qoyduğu məsələlərin icrasının operativ təmin olunmasını istəyiriksə, Prezidentin parlamentdə daimi nümayəndəsi təyin olunsun. Belə bir təcrübə bir çox ölkələrdə var və kifayət qədər effektiv fəaliyyət göstərir.
Milli Məclisin Aparatında icra hakimiyyəti ilə əlaqəli şöbə formalaşdırılıb. Əvvəllər belə bir şöbə yox idi. Deputatların qaldırdıqları məsələlərə operativ reaksiya verilir. Aidiyyəti üzrə, profil qurumlara yönəldilən məsələlər mərkəzi icra hakimiyyəti orqanlarına göndərilir. Bu da parlamentlə icra hakimiyyətləri arasında münasibətlərin işlək olduğunu göstərir”.
Yerli icra hakimiyyətləri ilə münasibətlərlə bağlı isə N.Məhəliyev bunları qeyd edib:
“Bu məsələ fərdi qaydada tənzimlənir. Hər yerdə eyni cür ola bilməz. Daha çox kadrların hazırlığından, peşəkarlığından, dünyagörüşündən və proseslərə yanaşmasından asılıdır. Elə yerlər var ki, rayon rəhbərləri kifayət qədər sanballı, ağıllı və məsələlərə obyektiv yanaşmaları ilə seçilən şəxslərdir. Onlar ümumi işlərin irəli getməsində maraqlıdırlar. Belə olan halda deputatlar üçün də işləmək rahat olur.
Yerli icra hakimiyyətlərinin rəhbərləri adekvat insanlardırsa, deputatlar tərəfindən qaldırılan məsələlərə uyğun reaksiya verir və ümumi işi şəxsi maraqlardan yox, dövlət maraqlarından çıxış edərək həyata keçirirlərsə, bu zaman işləmək çox rahat olur. Təəssüf ki, hər yerdə belə deyil. Elə hallar var ki, həmkarlarımın dediklərinə və səsləndirdikləri fikirlərə əsaslanaraq söyləyə bilərəm: bəzi yerlərdə başçılar sadəcə öz maraqlarından çıxış edir və ya qısqanclıqla yanaşırlar. Belə hallar da mövcuddur.
Mənim təcrübəmdə vəziyyət bir qədər fərqlidir. Çünki mən 16 ilə yaxın icra başçısı olmuşam və kifayət qədər problemlər barədə məlumatlıyam. Ona görə də seçicilərimin problemlərilə bağlı istər yerli, istərsə də mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırır və bir çox hallarda onların həllinə nail oluram. Burada subyektiv amillər də nəzərə alınmalıdır. Mən bu məsələlərdə daha çox təcrübəli olduğum üçün belədir.
Bizim yaşadığımız dövr informasiya əsridir. Heç bir məsələ gizli qala bilməz. İndi insanlar deyilənlərdən çox, görülən işlərə inanırlar. Burada formalaşmış prinsiplər də var. Mənim düşüncəmə görə, problemi görməzlikdən gəlmək və ya təxirə salmaq onun həlli deyil. Əksinə, bu, problemlərin günbəgün ağırlaşmasına gətirib çıxarır. Ona görə də hesab edirəm ki, problem varsa, o, mütləq həllini tapmalıdır.
Qaldırdığım məsələlərin hamısı icra oluna bilməz. Burada institutlaşma ilə bağlı problemlər də var, icra hakimiyyətlərinin əlində kifayət qədər səlahiyyətlər də yoxdur. İcra başçısının peşəkarlığı ondan ibarətdir ki, insanlara ‘bu məsələ məndən asılı deyil’ deməklə kifayətlənməsin, açıq şəkildə izah etsin ki, məsələ konkret hansı orqandan asılıdır və özü də çalışsın ki, həmin problemin həllinə nail olsun”.
Nəsib Məhəməliyev,Milli Məclisin deputatı









