Politoloq sebebleri açıqladı

Zeynal Əmrəliyev

İCRA BAŞÇILARININ YERİ NİYƏ DƏYİŞDİRİLDİ ? – ZƏRURİ SƏBƏBLƏR VƏ MÜHÜM GÖZLƏNTİLƏR

Prezident İlham Əliyev müxtəlif bölgələrə yeni rəhbərlər təyin etdi. Fuad Nəcəfli Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edildi. Mahiyyət etibarı ilə səlahiyyətli nümayəndəlik xüsusi nümayəndəliklə birlikdə yeni regional idarəetmə modeli idi. Bu həm kadrlar, həm yeni yaradılan sistem üçün bir imtahandır. Görünür ki, Fuad Nəcəfli bu imtahandan keçə bilmədi. Son zamanlar Muxtar Respublikadan olan bəzi ictimaiyyət nümayəndələri problemlərlə bağlı öz narazılıqlarını ifadə edirdilər. Eyni zamanda Fuad Nəcəflinin Muxtar Respublikadakı qurumların fəaliyyətinə müdaxiləsi də hiss edilirdi. Məsələn, Naxçıvanda bəzi qurumların, o cümlədən Ali Məclisin rəhbəri yoxdur. Bu ümumi idarəetmə sisteminə mənfi təsir göstərən amildir. Yəni təyin edilən səlahiyyətli nümayəndə Ceyhun Cəlilov isə nisbətən gənc və daha mülayim kadr imici yaradır. Cəlilov Azərbaycanın ASAN Xidmətlə bərabər ən uğurlu lahiyyərltindən olan DOST Xidmətin rəhbərliyində çalışıb. Sonradan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, daha sonra isə Muxtar Respublikasının Baş Naziri olub. Həm yeni idarəçilik metodunu mənimsəyib, həm də Naxçıvanın idarəçiliyində yaxından iştirak edib. Eyni zamanda muxtar respublika əhalisinin problemlərini bu sahəyə rəhbərlik etmiş şəxs olaraq dərindən bilir ki, bu önəmli faktdır. Çünki Naxçıvanda əhalinin sosial məsələlərinin və idarəetmənin sağlamlaşdırılmasına ciddi şəkildə ehtiyyac var. Ceyhun Cəlilov bu baxımdan uğurlu kadrdır. Dövlət başçısı eyni zamanda Elşən Həsənlinin Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da Sərəncam imzaladı. Elşən Həsənli bu təyinata qədər Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1 – ci müavini olub. İcra strukturlarında yetişmiş kadrdır. Eyni zamanda bu sahədə icra başçılarının strukturun öz daxilindən gəlməsi ənənəsini də qoya bilər. İlham Əliyev həmçinin Elxan İbrahimovu Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin etdi. Elxan İbrahimov Azərbaycanda Qərb təhsilli yeganə rayon rəhbəridir. Dövlət başçısının onu paytaxtın mərkəzinə təyin etməsi son zamanlar Bakıda keçirilən beynəlxalq tədbirlərin təşkili baxımından əhəmiyyətlidir. İnnovativ və geniş xaric dil bilgisi olan kadrların paytaxt rayonlarına rəhbər təyin edilməsi həm Bakının idarəetməsinin müasirləşdirilməsi, həm də xarici tədbirlərin daha səmərəli keçirilməsinə yardım edəcəkdir. Prezident İlham Əliyev Vüqar Novruzovu Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə, Orxan Mürsəlovu isə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Göyçay rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı. Hər iki icra başçısının başqa rayonlara təyinat alması onların əvvəl işlədiyi bölgələrdə etimadı doğrultduğunu göstərir. Dövlət başçısı eyni zamanda Elvin Paşayevi Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Qax rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı. Elvin Paşayev Kənd Təsərrüfatı Nazirliyindən gəlmiş kadrdır. Bölgələrdə bu sahələrin dirçəldilməsinə ciddi ehtiyac var. Qaxda həbs edilmiş icra başçısı Musa Şəkiliyevin dövründə buraxılmış kobud səhvlərə görə aqrar sahənin inkişafı xeyli geridə qalırdı. Yeni icra başçısının ilk işi ehtimal ki, Qaxda kənd təsərrüfatı sahəsinin canlandırılması olacaq. Prezident İlham Əliyev həmçinin Natiq Ağayevin Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı. Natiq Ağayev uzun illər təhlükəsizlik orqanlarında çalışıb, 2022 – ci ildə Göyçaya icra başçısı təyin edilib. Əvvəlki icra başçısı İslam Rzayevin dövründə buraxılan olduqca ciddi səhvlər, bir çox sahədə baş qaldıran nöqsanlar rayonda DTX – nın əməliyyat keçirməsi və icra başçısının həbs edilməsi ilə nəticələndi. Qeyd edim ki, Natiq Ağayev Balakən tarixində icra başçısı təcrübəsi olan ilk rayon rəhbəri kimi tarixə düşəcək. Azərbaycan müstəqillik qazandıqdan sonra Balakənə heç vaxt başqa rayonda təcrübəsi olan icra başçısı təyin edilməyib. Bu isə rayon idarəçiliyinə daha peşakar yanaşmanın göstərilməsi baxımından önəmlidir. Natiq Ağayevin Balakəndə mövcud olan bir çox problemi yerinə qoyacağı, sağlam mühit yaradacağı da şübhəsizdir. Yeni icra başçısının Göyçayda göstərdiyi müsbət nəticə, haqqında söylənilən yüksək fikirlər bu fikirlərin formalaşması üçün ciddi zəmin hazırlayır.

Politoloq-tarixçi

Zeynal Əmralıyev

P.S.Bəziləri deyir ki,rayona nə tez başçı qoyuldu..İdarəetmə heç nəyi,heç kimi gözləmir.İlin sonuna yaxın bütün rəhbərlik yerləri tam səlahiyyətlilərlə dolu olmalıdır,çünki noyabr ayı və büdcə işləri gələn ilin, 2026-cı ilin büdcə proqnozlarının,dəqiqləşmələrinin rayon və şəhərlərdən mərkəzə təqdim olunduğu,rayon rəhbərlərinin imzasıyla təsdiq olunduğu ay və işlərdəndəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir