“Külə dönmüş arzular” səhnədə

“Külə dönmüş arzular” səhnədə
1

Balakəndə narkomaniyaya qarşı güclü mesaj: “Külə dönmüş arzular” səhnədə

Balakən, 28 yanvar – Balakən Rayon İcra Hakimiyyəti yanında Narkotiklərlə Mübarizə Komissiyası və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə nümayiş etdirilən “Külə dönmüş arzular” tamaşası narkomaniyaya qarşı mübarizənin vacibliyini bir daha gündəmə gətirdi.

Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında hazırlanan tamaşa, Mədəniyyət Mərkəzinin bədii rəhbəri Zöhrə Bakeyevanın quruluşunda səhnəyə qoyuldu. Tamaşada narkomaniyanın insan həyatını necə məhv etdiyini, arzuları necə külə çevirdiyini bədii dillə əks etdirən səhnələr tamaşaçılarda dərin təsir oyatdı.

Tədbir çərçivəsində məktəblilərin çəkdiyi rəsm əsərləri və mövzuya dair kitab sərgisi nümayiş etdirildi. Bu əsərlər gənc nəsli düşündürmək, onları sağlam həyata yönləndirmək məqsədi daşıyırdı. Ardınca çıxış edən ŞZRMİ-nin Balakən rayon üzrə nümayəndəsi Şəfəq Hacıyeva narkomaniyaya qarşı mübarizənin dövlətin əsas prioritetlərindən biri olduğunu vurğuladı. O, gəncləri sağlam həyat tərzinə çağıraraq, hər kəsi bu sosial bəlaya qarşı birgə mübarizəyə səslədi.

Səhnədə həyat dərsi

Mədəniyyət işçiləri Qürbət Muradov, Kəmalə Qurbanova, Vüqar Mikayılov, Rəfail Nəbiyev, Mədinə Çukayeva və dram dərnəyinin üzvləri – Zamin Yüzbaşiyev, Xacay Əhmədiyeva, Hikmət Qarayev, Ayxan Sahibovun ifasında təqdim olunan obrazlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Tamaşa narkomaniyanın faciəvi nəticələrini bir ailənin, bir gəncin taleyi üzərindən göstərərək, hər kəsə “sağlam seçim – sağlam gələcək” mesajını verdi.

Tamaşadan sonra narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş film nümayiş etdirildi. Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbirin sonunda çıxış edərək, bu təşəbbüsün gənclərin maarifləndirilməsində mühüm rol oynadığını qeyd etdi və təşkilatçılara təşəkkürünü bildirdi.

Son söz

Balakəndə keçirilən bu tədbir bir daha göstərdi ki, narkomaniyaya qarşı mübarizə yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin ortaq vəzifəsidir. “Külə dönmüş arzular” tamaşası gənclərə sağlam həyatın dəyərini, yanlış seçimlərin isə necə faciələrə yol aça biləcəyini bədii dillə çatdırdı.

Sonda səslənən təşəkkürlər və arzular bir mesajı gücləndirdi: sağlam gənclik – güclü gələcək deməkdir. Balakən ictimaiyyəti bu çağırışı ürəkdən qəbul edərək, narkomaniyaya qarşı mübarizədə həmrəy olduğunu bir daha nümayiş etdirdi.

                                                                  Yeni Balakən

Azərbaycan liderinin fikirləri AP və AŞPA-nın nəticə çıxarması üçün bir mesajdır-Nəsib Məhəməliyev

Azərbaycan liderinin fikirləri AP və AŞPA-nın nəticə çıxarması üçün bir mesajdır-Nəsib Məhəməliyev
0

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bütün beynəlxalq platformalarda, konfrans və forumlarda iştirakı, oradakı çıxışları yadda qalan olur, mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bir qayda olaraq bu kimi görüşlərdə həm ölkəmizin maraqlarını sərgiləyir, onu nümayiş etdirir, həm də dünyanı düşündürən, qlobal miqyasda artmaqda olan təhdidlər, təhlükələrin aradan qaldırılması istiqamətində səmərəli təkliflər, təşəbbüslərlə çıxış edir. Bu baxımdan Davos İqtisadi Forumu da əhəmiyyətli platforma rolunu oynayır”.

  “Məlum olduğu kimi Azərbaycan Prezidenti yanvarın 19-dan etibarən Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə işgüzar səfərdədir. Səfərin ilk günündən dövlət başçısı çoxsaylı görüşlər keçirib, bir sıra iclaslarda iştirak edib. Kifayət qədər zəngin keçən görüşlərdə Cənab İlham Əliyev dialoq və görüşlər vasitəsilə regional və qlobal məsələlərə dair rəsmi Bakının mövqeyini beynəlxalq ictimaiyyətə çatdırır, tərəfdaş ölkələrlə qarşılıqlı anlaşmanı dərinləşdirir. Bu görüşlər beynəlxalq münasibətlərdə etimadın formalaşmasına və strateji tərəfdaşlıqların inkişafına zəmin yaradır.
Bu forumun əsasən iqtisadi mahiyyət daşıdığını nəzərə alsaq, burada keçirilən görüşlər ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından böyük imkanlar aça bilər. Prezidentin aparıcı şirkətlərin və maliyyə institutlarının rəhbərləri ilə apardığı danışıqlar da məhz bu məqsədə xidmət edir.  Bir sözlə prezidentin Davosdakı fəal fəaliyyəti ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfə verir. 
Cənab İlham Əliyevin bu kimi platformalarda aktiv iştirakı, təşəbbüskarlığı istər-istəməz beynəlxalq medianın da diqqətini ölkə başçımıza çevirir. Elə “Euronews” televiziyasına müsahibə də məhz bu marağın, diqqətin göstəricisi idi. Bu və ya digər beynəlxalq forum və konfranslarda Azərbaycan liderindən xarici media qurumlarının telekanallarının müsahibə alması artıq ənənə halını alıb. 
Dövlət başçısı sözügedən telekanala müsahibə zamanı hər zaman olduğu kimi hər şeyi açıq şəkildə ifadə etdi. Həm ölkəmizin mövqeyi, milli maraqları, gələcəyə baxışını ortaya qoydu, həm də ənənəsinə sadiq qalaraq bəlli dairələrə öz mesajını verdi.  Xüsusilə, dövlət başçısı Avropa Parlamentinin qərəzli, qeyri-obyektiv yanaşmasına diqqət çəkərək bildirdi ki, rəsmi Bakı artıq AP-nin hansısa qərar və qətnamələrinə reaksiya vermir. Çünki, dövlət başçısının dediyi kimi Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Bu sıraya Avropa Şurası Parlament Assambleyası da daxildir. Əslində Azərbaycan liderinin bu fikirləri AP və AŞPA-nın öz fəaliyyətindən nəticə çıxarması üçün bir mesajdır. Hər nə qədər buna inamımız az olsa da, hər halda dövlət başçısının qeyd etdiyi kimi ümid edirik ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.

 Zayed İnsan Qardaşlığı Mükafatına Cənab İlham Əliyevin layiq görülməsi gözlənilən idi. Çünki Azərbaycan lideri bütün istiqamətdə olan fəaliyyətləri ilə həmin mükafatı almağı haqq edir: “Bir qayda olaraq sözügedən mükafat dünyada sülhün, tolerantlığın, multikultural dəyərlərin və dinlərarası dialoqun təşviqinə verdiyi töhfələrlə seçilən şəxslərə və qurumlara təqdim olunur. Bütün bu qeyd edilən müsbət keyfiyyətləri Cənab İlham Əliyev özündə cəmləşdirir. İlham Əliyev hələ Dağlıq Qarabağ münaqişəsi mövcud olduğu illərdə problemin sülh yolu ilə həllinə tərəfdar olub, hər zaman danışıqlar vasitəsilə məsələnin həllindən yana olub. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizdən sonra da İlham Əliyev sülh tərəfdarı kimi çıxış edir. Baxmayaraq ki, bir qayda olaraq qalib ölkə sülhə meyilli olmur, daha çox güc amilinə üstünlük verir. Lakin Azərbaycan Prezidenti regiona daimi, qalıcı sülhün gəlməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasına ciddi şəkildə çalışır. 
Digər tərəfdən İlham Əliyevin rəhbərliyi altında ölkəmiz qalib dövlət olmaqla yanaşı, eyni zamanda multikultural və dini tolerant ölkə kimi də tanınır. Multikulturalizm və dini tolerantlığın qorunması İlham Əliyevin fəaliyyətinin əsas ana xəttini təşkil edir. Bu siyasət də öz növbəsində beynəlxalq aləm tərəfindən ciddi şəkildə izlənilir və öz layiqli qiymətini alır.
Heç kimə sirr deyil ki, İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan multikulturalizm və dini tolerantlıq sahəsində özünəməxsus bir model formalaşdırıb. Müsəlmanların, xristianların, yəhudilərin və digər dini icmaların əsrlərdir sülh şəraitində birgə yaşadığı Azərbaycan bu dəyərləri dövlət siyasəti səviyyəsinə yüksəldib. Məscidlərin, kilsələrin və sinaqoqların bərpası və qorunması, dini icmalara dövlət dəstəyinin göstərilməsi Azərbaycanın təkcə regional deyil, qlobal miqyasda tolerant cəmiyyət nümunəsi kimi qəbul olunmasına səbəb olub. Həm sadaladığımız amillər, həm Azərbaycanın Şərqlə Qərb arasında körpü rolu oynaması, eyni zamanda Cənab İlham Əliyevin qlobal dialoqa verdiyi töhfə və Bakının İslam dünyası ilə Avropa arasında mühüm dialoq platformasına çevrilməsi Azərbaycan liderinə Zayed İnsan Qardaşlığı Mükafatının verilməsini şərtləndirən amillərdəndir”.
                                               

                                                                                   Milli Məclisin deputatı Nəsib Məhəməliyev

Balakəndə növbəti vətəndaş qəbulu

Balakəndə növbəti vətəndaş qəbulu
0

Bu gün  Balakən rayonunda  “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Balakən və Zaqatala sakinlərini qəbul edib.

Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Balakən rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.Sonra rayon rəhbəri qonağı Heydər Əliyev Mərkəzi ilə tanış edib.

Rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

                                                                         Yeni Balakən

Balakən Rayon İcra Hakimiyyəti Aparatının Strukturu

Balakən RİH binası
1

İcra hakimiyyətinin başçısı

  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:  

Natiq Nuşravan oğlu Ağayev BalakənRayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2025-ci il

RİH başçısının birinci müavini-Vakant

Başçının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri

Dibirov Turan Eldar oğlu – 1986-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olmuşdur.

2007-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını iqtisadiyyat və idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili almışdır.

Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının müsabiqə və müsahibə mərhələsindən uğurla keçərək, Balakən Rayonu Gənclər və İdman İdarəsində gənclərlə iş üzrə aparıcı məsləhətçi vəzifəsi ilə başlayıb.  2011-ci ildə Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sosial-iqtisadi məsələlər şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub. Beş il bu vəzifədə işlədikdən sonra qulluqda yüksəliş yolu ilə Balakən Rayon İcra Hakimiyyəti  başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində müdir müavini vəzifəsinə təyin olunub. Altı il bu vəzifədə çalışdıqdan sonra 26.09.2022-ci il tarixdə qulluqda yüksəliş yolu ilə Balakən Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini vəzifəsinə təyin olunub.  19.01.2026-cı il tarixdən Balakən Rayon İcra Hakimiyyəti  başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

2011-ci ildən YAP-nın üzvüdür. Evlidir, 2 övladı var.

Başçının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri-Vakant

RİH başçısının köməkçisi-Vakant

Böyük məsləhətçi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi – Əfəndiyeva Gültac Rauf qızı

 Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi

Ərazi-təşkilat məsələləri sektoru

Şöbə müdirinin müavini-sektor müdiri – Vakant

Baş məsləhətçi – Mamedov Abid Şaban oğlu

Böyük məsləhətçi – Abbasov Rəhim İsbəndiyar oğlu

Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru

Sektor müdiri – Vakant

Böyük məsləhətçi – Ağayev Ağa Elman oğlu

Məsləhətçi – Nuriyev Şamil Nazim oğlu

İctimai-siyasi və humanitar məsələlər sektoru

 Sektor müdiri – Nəcəfov Fariz İftixar oğlu

Baş məsləhətçi – Pəhlivanov Emil Nürəddin oğlu

Aparıcı məsləhətçi- Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu – Əliyeva  Arzu Araz qızı

Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi

Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru

Şöbə müdirinin müavini-sektor müdiri – Əhmədov Araz Sabir oğlu

Baş məsləhətçi (əhali ilə görüşün təşkilatçısı) – Hüseynov Anar Qurban oğlu

Aparıcı məsləhətçi (operator) – Bağırov Aqil Aslan oğlu

Məsləhətçi – Abdullayev Kamal Səyavuş oğlu

Memarlıq-tikinti məsələləri sektoru

Şöbə müdirinin müavini-sektor müdiri (baş memar) – Vakant

Böyük məsləhətçi – Omarov Daniya Abdulla oğlu

Aparıcı məsləhətçi – Vakant

 Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi

Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri-Hacıxanova Nərgiz Nəbiyullah qızı

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektoru

Sektor müdiri – Vakant

Məsləhətçi (dəftərxana işinin aparıcısı) – Kərimov Eltun Rəhim oğlu

Məsləhətçi  (vətəndaşların  müraciətləri üzrə işin aparıcısı) – Xoçberov Aydın Məhəmməd oğlu

İnzibati işlər sektoru

Sektor müdiri-baş mühasib – Vakant

Aparıcı məsləhətçi (mühasib) – Murtuzov Elxan Zumrat oğlu 

Baş mütəxəssis-sürücü – Həşimov İlham Əşrəf oğlu

Baş mütəxəssis-sürücü – Hüseynov Mehman Nəriman oğlu

Baş mütəxəssis-komendant – Bayramov Yaquf Məhəmməd oğlu

Hüquq və kadr məsələləri sektoru

Sektor müdiri – Vakant

Məsləhətçi – Papaxov Mehman Məhəməli oğlu

Məsləhətçi – Qardaşova Pirdas Əli qızı

20 Yanvar faciəsi

20 Yanvar
0

Balakən rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən otuz altı il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir.

Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar qurbanlarının xatirəsi Balakən rayonunda dərin hörmətlə anılıb.

Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbər şəxsləri və kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri  Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin ruhuna dualar oxuyub, onların xatirəsini ehtiramla yad ediblər

Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.

                                                                    Yeni Balakən

20 Yanvar faciəsi

Nəsib müəllim
1

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında həm böyük bir faciə, həm də qəhrəmanlıq səhifəsi kimi qalır

Tarixən xalq olaraq başımıza gətirilən faciələrdən daha birinin ildönümü astanasındayıq. 36 il əvvəl Rus qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın, 20 Yanvar faciəsinin ildönümü ərəfəsindəyik.
          Yaxın və uzaq tariximizə nəzər yetirdikdə aydın şəkildə görürük ki, Azərbaycan xalqının başına gətirilən bütün bəlaların, faciələrin arxasından bu və ya digər formada bolşevik-daşnak işbirliyi və onların qurduğu planlar çıxıb. İstər 1918-ci ilin mart qırğınları olsun, istər 1920-ci ildə Xalq Cümhuriyyətinin süquta uğradılması, istərsə də XX əsrdə Azərbaycan xalqına yaşadılan digər müsibətlər, ən nəhayət 1990-cı ilin 20 Yanbar faciəsi.
          20 Yanvar qırğını ötən əsrin 90-cı illərində Azərbaycan xalqının üzləşdiyi ən faciəvi hadisələrdən biridir. Faciənin baş vermə səbəbi, onu doğuran məqamlar və nəticəyə nəzər yetirdikdə həmin qətliamın planın da bolşevik-daşnak ittifaqının davamı olaraq SSRİ-Ermənistan işbirliyi nəticəsində meydana gəldiyini görürük. Aydın olur ki, 20 Yanvar faciəsi təsadüfi hadisə deyildi, uzun illər boyu formalaşan siyasi, milli və geosiyasi proseslərin, xüsusilə də Ermənistanın Azərbaycana qarşı baş qaldıran işğalçılıq siyasətinin və Sovet imperiyasının ədalətsiz mövqeyinin nəticəsi idi.
         Belə ki, 1980-ci illərin sonlarında SSRİ-də baş qaldıran proseslər, “yenidənqurma” və “aşkarlıq” siyasəti erməni millətçi dairələrini Azərbaycana qarşı hərəkətə keçirdi. Moskvadan siyasi dəstək alan ermənilər Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa ərazi iddiaları irəli sürməyə başladılar. 1988-ci ildən etibarən Ermənistan SSR və Dağlıq Qarabağdakı erməni separatçıları açıq şəkildə ərazi iddiaları irəli sürür, mitinqlər keçirir, azərbaycanlı əhaliyə qarşı təzyiq və zorakılıqlar həyata keçirirdilər. Getdikcə artan erməni təxribatları və özünü büruzə verən düşmənçilik münasibəti nəticəsində yüz minlərlə azərbaycanlı Ermənistan ərazisindən deportasiya edildi, kəndlər yandırıldı, insanlar öz doğma torpaqlarından qovuldu. Bütün bunlar açıq-aşkar işğalçılıq və etnik təmizləmə siyasətinin təzahürü idi. O vaxtıki ittifaq rəhbərliyi Ermənistanın təcavüzkar siyasətinə lazımi hüquqi və siyasi qiymət vermək əvəzinə, hadisələrə ikili standartlarla yanaşması, ermənilərin separatçı çıxışlarının “xalq hərəkatı” kimi təqdim olunması Azərbaycan cəmiyyətində haqlı olaraq ciddi narazılıq doğurdu.
      Bu dövrdə SSRİ-də artıq siyasi, iqtisadi və ideoloji böhran hökm sürürdü. İttifaqın tərkibində olan xalqlar, o cümlədən Azərbaycan xalqı da azadlıq, suverenlik və milli hüquqlar tələbi ilə ayağa qalxmışdı. Həm bu, həm də Qarabağ problemi, daha dəqiq desək ermənilərin təcavüzkar siyasətinin baş qaldırması, buna qarşılıq olaraq isə mərkəzi hakimiyyətin ədalətsiz mövqeyi, milli ləyaqətin tapdalanması xalqın narazılığını daha da dərinləşdirirdi. Bakıda və respublikanın müxtəlif bölgələrində keçirilən kütləvi mitinqlər sovet rəhbərliyini ciddi şəkildə narahat edirdi. Mövcud problem yoluna qoymaq, xalqın tələbini nəzərə alaraq problem dialoq və siyasi yolla həlll etmək əvəzinə, Moskva ənənəvi cəza metodundan istifadə etməyə üstünlük verdi. Silahsız, din insanlara qarşı güc tətbiqini seçdi.
         1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. 20 Yanvar qırğınları nəticəsində ümumilikdə, 147 nəfər öldürüldü, 744 nəfər yaralandı. Bundan başqa 841 nəfər qanunsuz olaraq həbs edildi, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu. İttifaqın əli qanlı dəstələrinin əməliyyatı yalnız Bakı ilə kifayətlənmədi. Eyni zamanda rus qoşunları dinc xalqa qarşı vəhşiliyini paytaxtdan xeyli uzaqda olan Neftçala və Lənkəranda da davam etdirdi. Nəticədə hər iki rayondan ümumilikdə 8 nəfər qətlə yetirildi.
       20 Yanvar faciəsi məhz ona görə bolşevik-daşnak işbirliyinin davamı kimi xarakterizə edilir ki, Azərbaycan xalqına qarşı törədilən həmin qırğında da Moskva ermənilərdən geniş istifadə etmişdi. Belə ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, həmçinin keçmiş ittifaq dövlətinin müxtəlif subyektlərindəki hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
       20 Yanvar faciəsi Sovet imperiyasının öz vətəndaşlarına qarşı törətdiyi qanlı cinayət olmaqla yanaşı, Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxan Azərbaycan xalqının iradəsini qırmaq cəhdi idi. Lakin bu qanlı hadisə xalqın azadlıq əzmini daha da gücləndirdi.
        Eyni zamanda bu hadisə sovet sisteminin əsl mahiyyətini açıq şəkildə göstərdi. “Xalqlar dostluğu”, “insan hüquqları”, “sosialist humanizmi” kimi şüarların arxasında gizlənən qəddar üz həmin gecə bütün çılpaqlığı ilə üzə çıxdı. Tarixin acı ironiyası da elə burada idi ki, öz vətəndaşlarını qoruduğunu iddia edən dövlət, onları öz tankları ilə məhv etdi.
      20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında həm böyük bir faciə, həm də qəhrəmanlıq səhifəsi kimi qalır. Bu hadisə göstərdi ki, xalq öz torpaqlarını və milli hüquqlarını qorumaq uğrunda canından keçməyə hazırdır.
      Maraqlısı odur ki, 20 Yanvar hadisələrindən dərhal sonra Sovet İttifaqının rəsmi dairələri baş verənləri ört-basdır etməyə, hadisələri təhrif olunmuş şəkildə dünya ictimaiyyətinə təqdim etməyə çalışırdı. Belə bir şəraitdə Moskvada yaşayan Heydər Əliyev şəxsi həyatına qarşı baş verə biləcək təhlükələrə baxmayaraq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün cəsarətli addım atdı. 1990-cı il yanvarın 21-də Ulu Öndər SSRİ rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi qətliamı açıq şəkildə pisləyərək, Moskva şəhərində Azərbaycanın Daimi Nümayəndəliyində verdiyi bəyanatla bu hadisəyə ilk siyasi-hüquqi qiymətini vermiş oldu.
      Heydər Əliyev həmin bəyanatında Sovet rəhbərliyini, xüsusilə də Mixail Qorbaçovu Azərbaycan xalqına qarşı törədilən cinayətdə ittiham etdi. Heydər Əliyev, “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”,-deyə tələb etdi.
      Bu çıxış təkcə Azərbaycanın deyil, bütün Sovet məkanında azadlıq uğrunda mübarizə aparan xalqlar üçün cəsarət nümunəsi oldu. Ulu öndər öz mövqeyi ilə göstərdi ki, siyasi təzyiqlər və təhlükələr heç vaxt həqiqətin qarşısını ala bilməz.
       Heydər Əliyevin fəaliyyəti yalnız bəyanatla məhdudlaşmadı. O, beynəlxalq ictimaiyyətin diqqətini 20 Yanvar faciəsinə yönəltmək, bu qanlı hadisənin əsl mahiyyətini dünya mediasına çatdırmaq üçün ardıcıl və məqsədyönlü iş apardı. Məhz onun təşəbbüsü və siyasi iradəsi nəticəsində 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayət kimi dəyərləndirilməyə başlandı.
          20 Yanvar qətliamına hüquqi-siyasi qiymətin verilməsi də məhz Ulu Öndərin sayəsində mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi.
        1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu faciə Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi cinayət kimi tanındı. Eyni zamanda, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, Şəhidlər xiyabanının milli ziyarətgaha çevrilməsi də Heydər Əliyevin adı ilə bağlıdır.
            Bir sözlə, 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında Heydər Əliyevin xidmətləri misilsizdir. O, həm Sovet totalitar rejiminin ən sərt dövründə, həm də müstəqil Azərbaycan dövlətinin qurucusu kimi bu hadisəyə tarixi ədalət prizmasından yanaşdı. Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində 20 Yanvar faciəsi təkcə Azərbaycan xalqının yaddaşında deyil, beynəlxalq ictimaiyyətin şüurunda da qanlı imperiya cinayəti kimi yer aldı.
        Son 5 ilə qədər azadlıq, müstəqillik, torparlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhdilərimizi boynu bükük, qaməti əyilmiş şəkildə ziyarət edirdiksə, bu gün biz müqəddəs məkana, Şəhidlər Xiyabanına alnı açıq, başı dik gedirik. Şəhidlərimizi qürurla anırıq. Çünki onların da ruhu artıq şaddır. Ən böyük arzuları olan torpaqlarımız azaddır, suverendir. Şəhidlərimizin ən böyük arzusunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 2020-ci ildə Azərbaycan Ordusu reallaşdırdı. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, ərazilərimiz erməni işğalından azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır.

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı

Uzunmüddətli inkişaf hədəflərinə xidmət edən düşünülmüş dövlət siyasəti

N.Məhəməliyev
1

Azərbaycanda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, bütün kommunal sahələrə əlçatanlığının artırılması, xidmət növlərinin günümüzün tələbləri səviyyəsinə qaldırılması istiqamətində davamlı olaraq kompleks tədbirlər həyata keçirilir. Etiraf etmək lazımdır ki, bu istiqamətdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları xüsusi əhəmiyyət kəsb edib. 2004-cü ildən mərhələli şəkildə həyata keçirilən bu proqramların uğurlu icrası nəticəsində təkcə paytaxt deyil, eləcə də regionlarda, hətta ən ucqar dağ kəndlərində belə əhalinin uzun illər yığılıb qalan kommunal problemləri həllini tapıb, təbii qaz, elektrik enerjisi, içməli su kimi xidmətlər yaxşılaşdırılıb, yol infrastrukturu kimi həyati vacib məsələ həllini tapıb. Məhz həyata keçirilən uğurlu işlərin nəticəsidir ki, bu gün respublikanın ən ucqar dağ kəndi belə təbii qazla təmin edilib, elektrikləşdirilib, bir vaxtlar keçilməz olar kənd yolları belə yenidən qurulub, abadlaşdırılıb.
  Bir vaxtlar elektrik enerjisini qonşu ölkələrdən idxal etdiyimiz halda, bu gün əhali daxili mənbələrimiz, istehsal etdiyimiz elektrik hesabına enerji ilə təmin olunur. Paralel olaraq alternativ enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjiyə keçidin tətbiqi sahəsində atılan addımlar enerji təhlıükəsizliyimizin təmin olunmasında mühüm rol oynayır.
Əhalinin təbii qaza olan təlıbatının qarşılanması istiqamətində də ötən 20 ildən artıq müddətdə, daha dəqiq desək Dövlət Proqramlarının uğurlu icrası nəticəsində ciddi nəticələr əldə edilib. Məhz həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün əhalinin 96 faizi təbii qazla təchiz edilib. Vaxtilə qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermədiyi, qazı da xaricdən idxal etdiyimiz halda, bu gün mənzərə tamamilə fərqlidir. Bu gün dünyanın 10-dan çox ölkəsinə məhz Azərbaycan qazı satırıq. Sevindirici haldır ki, bu göstərici ildən-ilə artmaqdadır.
  Eyni ilə əhalinin içməli su təminatı istiqamətində də dövlət səviyyəsində ötən illər ərzində həm paytaxt, həm də regionlarda kifayət qədər işlər görülüb, içməli suya olan tələbat xeyli dərəcədə yaxşılaşdırılıb. Bu məqsədlə yeni sutəmizləyici qurğular inşa olunub, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, Kür çayının keçdiyi ərazilərdə sutəmizləyici qurğular inşa olunub. Bundan başqa son 20 il ərzində dörd böyük su anbarı inşa olunub və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etmək yerinə düşər. Prezident İlham Əliyevin dediyi kimi əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulub, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilib.
  Bütün bu tədbirlər əhalinin içməli su ilə təminatında mühüm rol oynasa da, lakin günümüzün reallığı, qlobal və yerli səviyyədə müşahidə edilən içməli su çatışmamazlığı, xüsusilə də ekoloji risklər və ətraf mühitdə baş verən mənfi tendensiyalar səbəbindən su hövzələrinin quruması bu sahəyə daha çox diqqət ayrılmasını zərurətə çevirir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə məhz həmin zərurətdən irəli gəlirdi.
  Əvvəla onu qeyd etmək lazımdır ki, sözügedən proqram təkcə paytaxt və ətraf ərazilər üçün deyil, bütövlükdə ölkənin regionlarını əhatə edir. Proqram əsas sosial xidmət sahələri üçün strateji təsirlərə malikdir.
Dövlət Proqramının əsas məqsədlərindən biri heç şübhəsiz ki, Bakı və Abşeron yarımadasında illərlə yığılıb qalmış su, kanalizasiya və yağış suları ilə bağlı problemləri sistemli şəkildə aradan qaldırmaqdır. Məhz bu problemlərin həlli dövlət büdcəsində fövqəladə və plansız xərclərin azalmasına, idarəetmədə sabitliyin təmin olunmasına şərait yaradacaq. Nəticə etibarilə, azad olunan maliyyə və inzibati resurslar regionların sosial-iqtisadi inkişafına yönəldilə biləcək.
Bakı və Abşeron üçün hazırlanmış Dövlət Proqramı faktiki olaraq ölkə üzrə su təsərrüfatının modernləşdirilməsi üçün nümunəvi model rolunu oynayır. Burada tətbiq olunacaq müasir texnologiyalar, rəqəmsal idarəetmə mexanizmləri, itkilərin minimuma endirilməsi və ekoloji standartlara uyğun yanaşmalar gələcəkdə regionlarda da tətbiq edilə bilər. Bu, gələcəkdə Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran və digər şəhərlərdə su və kanalizasiya sistemlərinin eyni standartlar əsasında yenidən qurulmasına yol açacaq. Nəticədə regionlar arasında kommunal xidmətlərin keyfiyyət fərqi azalacaq, vətəndaş məmnunluğu yüksələcək.
  44 günlük Vətən müharibəsidən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı quruculuq abadlıq işləri bölgədə su təsərrüfatının yenidən qurulması prosesində də özünü göstərir. Çünki işğal dövründə bütün yeraltı və yerüstü sərvətlər kimi su hövzələri də erməni terrorunun, vandaliziminin qurbanına çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib:Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda – Füzuli rayonunda “Köndələnçay” – üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq”.
   Bu bir danılmaz reallıqdır ki, güclü yağışlar zamanı şəhər nəqliyyatı və digər infrastruktur ciddi sınaqla üzləşir. Bu baxımdan yağış və tullantı sularının düzgün idarə olunması ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, müşavirədə dövlət başçısının diqqət yetirdiyi əsas məsələlərdən biri də bu oldu. Dövlət başçısı diqqətə çatdırdı ki, bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Müşavirədən aydın oldu ki, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq.

Təmiz içməli su və müasir kanalizasiya sistemi hər bir ölkədə ictimai sağlamlığın əsas təminatçılarından biridir. Dövlət Proqramının icrası Bakı və Abşeron ərazisində sanitariya-gigiyenik vəziyyətin ciddi şəkildə yaxşılaşmasına səbəb olacaq. Bu isə su mənşəli xəstəliklərin azalmasına, profilaktik səhiyyə tədbirlərinin səmərəliliyinin artmasına şərait yaradacaq.

Proqram çərçivəsində çirkab suların nəzarətsiz şəkildə torpağa və su hövzələrinə axıdılmasının qarşısı alınacaq. Bu isə Xəzər dənizinin, yeraltı suların və əkin sahələrinin qorunmasına töhfə verəcək.

Ümumiyyətlə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu Dövlət Proqramı regionların inkişafı, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ekoloji təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu proqram bir daha göstərir ki, Azərbaycanda infrastruktur layihələri insan amilinə, sosial rifaha və uzunmüddətli inkişaf hədəflərinə xidmət edən düşünülmüş dövlət siyasətinin tərkib hissəsidir.

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı

“BALACANS” MMC ilə tanışlıq

"BALACANS" MMC İLƏ TANIŞLIQ
0

“BALACANS” MMC-də yeni inkişaf mərhələsi: Rayon rəhbəri Natiq Ağayev istehsal prosesi ilə tanış oldu

Balakən rayonunun sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl addımlar atan rayon rəhbəri Natiq Ağayevin tanışlıq səfərləri davam edir. Bu dəfəki səfər “BALACANS” Məhdud Məsuliyyətli Cəmiyyətinə yönəldi. Səfərin məqsədi müəssisənin istehsal potensialı, əməkdaşlıq imkanları və gələcək planları ilə yaxından tanışlıq idi.

Tanışlıq görüşü müəssisənin rəhbəri Abdulqədir Əli oğlu Ansuski ilə başladı. İlk dayanacaq isə “BALACANS” MMC-nin nəzdində fəaliyyət göstərən və bir sıra respublika əhəmiyyətli tədbirlərə ev sahibliyi etmiş Heydər Əliyev Mərkəzi oldu. Mərkəzin fəaliyyəti, burada yaradılan şərait və ictimai əhəmiyyətli təşəbbüslər rayon rəhbəri tərəfindən yüksək qiymətləndirildi.

Daha sonra Natiq Ağayev müəssisənin istehsal sahələrini və sexlərini gəzərək burada istehsal olunan məhsullarla yaxından tanış oldu. Müəssisə rəhbəri Abdulqədir Ansuski tərəfindən təqdim olunan məlumatlar çərçivəsində “BALACANS”ın ortaqları, əməkdaşlıq etdiyi beynəlxalq brendlər, mövsümi və daimi istehsal prosesləri, eləcə də gələcək inkişaf planları barədə geniş təqdimat keçirildi.

Rayon rəhbəri müəssisədə yaradılan müasir infrastruktur, iş şəraiti və texnoloji imkanları yüksək qiymətləndirərək bir sıra tövsiyələrini bildirdi. O, Balakən üçün vacib olan sahələrin məhz bu kimi müəssisələrdə inkişaf etdirilməsinin mümkünlüyünü vurğuladı və bununla da yerli əhalinin işlə təmin olunması baxımından əhəmiyyətli addım ola biləcəyini qeyd etdi.

Görüşün sonunda onu demək olar ki, “BALACANS” MMC Balakənin iqtisadi həyatında öz dəsti-xətti ilə seçilən, dinamik fəaliyyəti ilə rayonun rifahına töhfə verən aparıcı müəssisələrdən biridir. Müəssisənin yaxın gələcəkdə daha böyük layihələrə imza atacağı və Balakənin inkişafında mühüm rol oynayacağı gözlənilir.

Bu inkişafın arxasında isə güclü siyasi və idarəetmə dəstəyi dayanır. Belə ki, cənab Prezidentin 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə rayonda yeni idarəetmə mühiti formalaşdırılıb və bu mühit sahibkarlığın, innovasiyanın və əmək bazarının inkişafına tam dəstək verir.

Yeni Balakən adından cənab Prezidentə təşəkkürümüzü bildirir, rayon rəhbəri Natiq Ağayevə, “BALACANS” MMC-yə və onun fədakar rəhbəri Abdulqədir Əli oğlu Ansuskiyə uğurlar arzulayırıq.

“Artıq əngəl yoxdur. Tam dəstək var.” — Natiq Ağayev.

Yeni Balakən


P.S.Natiq Ağayev heç zaman Balakəndə olmamış,cəmi 65 gündür Balakəndədir.Əli Ansuski nəinki Balakəndə,Azərbaycanda,keçmiş SSRİ məkanında tanınmış insan idi.Bunu Balakənlilər yaxşı bilirlər.Müəssisədə görüş zamanı Natiq müəllim haqlı və yumuşaq bir irad bildirdi ki,-Necə olur,belə tanınmış,hörmətli,böyük insan haqda kiçik bir guşə,məlumat yoxdur indiyəcən?..Haqlıydı.Natiq müəllimin üzünü heç görmədiyi Balakənin tanınmış,hörmətli insanlarına olan diqqətinə də baxın,15 il İslam Rzayevin hər “tapşırığına”-baş üstə,İslam müəllim-deyib quyruq bulayan bəzi Balakənlilərin (hansı ki,onların bir çoxunun özlərinə,bir çoxunun da dədələrinə Əli Axsuskinin yaxşılığı dəyib) nankorluğuna da.

İranda xaos Azərbaycanın qapısına dayana bilər

Xocalım qətliamı unudulmur,unudulmayacaq
0

İranda son günlər müşahidə olunan genişmiqyaslı etiraz aksiyaları region ölkələrində ciddi narahatlıq doğurur. Xüsusilə bu proseslərin mümkün nəticələri Azərbaycan üçün həm humanitar, həm də təhlükəsizlik baxımından diqqətlə izlənilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev yenibalaken.az-a müsahibəsində mövcud vəziyyətin səbəbləri və riskləri barədə fikirlərini bölüşüb.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, İranda etiraz mitinqlərinin miqyasının daha da böyüməsi 46 illik antibəşəri, antiislami və antiinsani molla rejiminin “fəaliyyətinin” nəticəsidir:

“21-ci əsrdə orta əsrlərə məxsus təfəkkürlə, vəhşi metodlarla dövləti idarə etmək olmaz. Yeni gələn nəsillər artıq geri zəkalı mollaların uydurduqları nağıllara inanmır, normal yaşamaq, minimum ehtiyaclarını ödəmək istəyirlər. İranda vəziyyətin gərginləşməsi region ölkələri üçün, xüsusilə Azərbaycan üçün konkret risklər yaradır. Nəzərə almaq lazımdır ki, bu ölkədə müxtəlif hesablamalara görə 30–35 milyon soydaşımız yaşayır. Təbii olaraq, onların taleyi hər birimizi narahat edir və buna soyuqqanlı yanaşmamız mümkün deyil. Allah eləməmiş, İran kütləvi şəkildə bombardmana məruz qalarsa, güneylilərdən bir milyonunun ölkəmizə pənah gətirməsi bizim üçün sosial fəlakət deməkdir”.

Millət vəkilinin sözlərinə görə, hökumətin dəqiq uzaqgörənliklə şimaldan və cənubdan quru sərhədlərin bağlı saxlanılması barədə qərarı hazırkı şəraitdə özünü tam doğruldur:

“Ancaq hər bir müharibə özünəməxsus spesifik xüsusiyyətləri ilə seçilir. Gözlənilməz sürprizlər baş verə bilər. Heç kim zəmanət verə bilməz ki, fövqəladə vəziyyət yaranarsa, sərhədlərimiz tam toxunulmaz olacaq. Qarşıdurmanın və xaosun uzanması ilk növbədə yeni qanların tökülməsi, minlərlə ailənin faciəsi, eyni zamanda İran molla rejiminin süqutu və dövlətin çöküşü deməkdir. Hətta hadisələr idarəolunmaz hala gələrək İranın parçalanmasına da gətirib çıxara bilər. Baxmayaraq ki, İranın parçalanmasında qlobal güclərin heç biri maraqlı deyil”.

Deputat qeyd edib ki, paradoksal səslənsə də, molla rejiminin xaricdən təyin olunmuş hansısa marionet qüvvə ilə əvəzlənməsi Azərbaycanın maraqlarına uyğun deyil:

“Bu baş verərsə, Venesueladan sonra İran kimi zəngin bir ölkənin təbii resurslarının konkret qüvvələrin əlində cəmlənməsi iqtisadiyyatımız üçün ciddi təhdid yarada bilər. Eyni zamanda Orta Dəhlizin əsas hissəsinin İran ərazisindən keçməsi də əlavə problemlər formalaşdırar”.

Nəsib Məhəməliyev hesab edir ki, vəziyyətdən çıxış yolu İran rəhbərliyinin real addımlar atmasından keçir:

“Yaxşı olardı ki, İranın dini lideri Xamenei reallıq hissini itirməsin, etirazçıların edam edilməsini dayandırsın, analoqu olmayan paralel idarəçilik sistemindən imtina etsin və hakimiyyəti xalq tərəfindən seçilmiş legitim prezident Məsud Pezeşkiana təhvil versin. Bu gün bunlar təcili şəkildə edilməzsə, sabah gec olacaq”.

                                 Nəsib Məhəməliyev Milli Məclisin deputatı

Qazma kəndində səyyar qəbul

Qazmada səyyar qəbul 150126
0

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qazma kəndində sakinlərin müraciətlərini dinləyib

2026-cı il yanvar ayının 15-də rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Qazma kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib. Balakən rayonunda icra olunan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.

Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bəşir İbrahimov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə, həmçinin  son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məlumat verib.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Kənd sakinləri Şambulbinə kənd tam orta ümumtəhsil məktəbi üçün yeni binanın tikilməsi, kənddaxili yolların asfaltlanması, həmçinin cari təmir işlərinin aparılması, marşurut dayanacaqlarının quraşdırılması və digər məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.

Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.

                                                                                       Yeni Balakən