NARKOMANİYAYA QARŞI MÜBARİZƏ: HÜQUQİ MÜSTƏVİDƏ

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanın qlobal problemlərindən biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının yoxa çıxmasına, genefondun tənəzzülünə və digər bir sıra mənfi nəticələrə gətirib çıxarır. Nаrkоmаniyanın gələcək nəsillərin tаlеyində mənfi rоlunu görən Ümummilli lidеr Hеydər Əliyеv qeyd edirdi: “Biz dünyаdа ümumbəşəri prоblеmlərin tеz həll оlunmаsının tərəfdаrıyıq və bundаn sоnrа dа bütün insаnlаr üçün böyük təhlükə оlаn nаrkоmаniyа və nаrkоbiznеslə mübаrizənin ön sırаlаrındа оlаcаğıq”. Respublikamızda 2022-ci ildə 10665, 2023-cü ildə 10057, 2024-cü ildə 8863 sayda bu kateqoriya cinayət törədilmişdir. Narkomaniyaya qarşı mübarizənin aparılması ictimai-siyasi, hüquqi əhəmiyyət kəsb etməklə ölkəmizdə də bu sahədə ciddi addımlar atılmaqdadır. Belə ki, Ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli 485 №-li Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Komissiya narkomaniyaya qarşı mübarizədə dövlət siyasətini həyata keçirilməsini təmin etməklə, maarifləndirmə və təbliğat işlərini həyata keçirir. Sözügedən mübarizənin daha səmərəli aparmaq üçün beynəlxalq əməkdaşlığın aparılması və təkmil qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Azərbaycan Respublikası 1 dekabr 1998-ci il tarixli qanunla BMT-nin “Narkotik vasitələr haqqında” Konvensiyasına, 16 fevral 2001-ci il tarixli qanunla “Narkotik maddələrin qəbul edilməsi və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında” Parsial Sazişə qoşulmuşdur. 28 iyun 2005-ci il tarixdə isə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” qanun qəbul edilmişdir. Ümumilikdə, bu sahədə 49 qanun, 21 fərman, 67 sərəncam, 5 dövlət proqramı, Nazirlər Kabinetinin 40 qərarı qəbul edilmişdir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 30 dekabr 1999-cu ildə qəbul edilən zaman narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə 26-cı fəsil (234-240-ci maddələr) yer verilmişdir. CM-in 234-cü maddəsi qanunsuz olaraq narkotik vasitəni, psixotrop maddəni və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmanı, 235-ci maddə həmin predmetləri talama və ya hədə-qorxu ilə tələb etməni, 236-cı maddə narkotik vasitələrin və psixotrop maddələrin istehlakına təhrik etməni, 237-ci maddə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməni, 238-ci maddə onların istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamanı, 239-cu maddə narkotik vasitə və psixotrop maddə əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırmanı və nəhayət, 240-cı maddə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini qadağan edir. 1999-cu ildən bu günə qədər qeyd etdiyimiz maddələrin təkmilləşdirilməsi istiqamətində mühüm əlavə və dəyişikliklər edilmişdir. Məsələn, 20 oktyabr 2017-ci il tarixli Qanunla CM-nin 234-cü maddəsi ilə qadağan olunan əməllərin dairəsi genişlənərək hazırki vəziyyətə gətirilmiş, 26 aprel 2022-ci il tarixli qanunla satış məqsədi olmadan narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarını külli miqdarda əldə etmə, hazırlama, saxlama, daşıma, emal etmə əməli CM-ə daxil edilmiş və 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Eyni əməl xeyli miqdarda törədildikdə isə 3 ilədək azadlıqdan məhrumetmə ilə və ya 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Müasir dövrümüzdə insanlar mediadan və sosial şəbəkələrdən çox geniş şəkildə istifadə edirlər. Bunun müsbət cəhətləri ilə yanaşı, mənfi nəticələri də qaçınılmazdır. Bunlardan biri də məhz narkotik vasitələrin satışı zamanı mediadan, sosial şəbəkələrdən vasitə kimi istifadə edilməsi, habelə həmin maddələrin istehlakına sosial şəbəkələr və media vasitəsilə təhrik etmədir. Bu halların qarşısını almaq üçün 29 aprel 2022-ci il tarixli qanunla CM-ə 234.4.4-cü maddə əlavə edilmişdir. Qanuna əsasən, bu tip cinayətlərin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsinə görə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göstərilənlərdən əlavə narkomaniya ilə mübarizədə mühüm addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli, 721 №-li Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq etməsi idi. Narkomaniya ilə bağlı sayca 5-ci olan bu Proqramda qeyd edilir ki, onun əsas məqsədi müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası sahəsində yeni üsulların tətbiqi, normativ hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Proqramda, həmçinin, qlobal trendlər, mövcud vəziyyətin təhlili, hədəf göstəriciləri, əsas məqsədlər, prioritet istiqamətlər, maliyyələşdirmə məsələləri və tədbirlər planı göstərilmişdir. Sözügedən sənəddə digərləri ilə yanaşı, cinayətkarlıqla mübarizə aparan  Azərbaycan Respublikasının Baş Prokurorluğuna da bir sıra tədbirlərin keçirilməsində iştirak etmək tövsiyə olunmuşdur. Bunlara aiddir: ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının daşınmasının qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirlərinin və profilaktik tədbirlərin gücləndirilməsi; sözügedən predmetlərin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə etməklə əməkdaşların peşəkarlığının yüksəldilməsi və təcrübə mübadiləsi məqsədilə seminarların, təlimlərin və digər tədbirlərin keçirilməsi; cinayət mühakimə icraatı zamanı belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin öyrənilməsi, eləcə də qarşısının alınması üçün tədbirlər görülməsi; narkotik vasitələrin və psixotrop maddələrin gizli pərakəndə satış şəbəkəsinin ifşası və bu cinayəti  törədən şəxslərin vaxtında məsuliyyətə cəlb edilməsi istiqamətində təşkilati və praktiki tədbirlərin gücləndirilməsi; cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi ilə bağlı normaların tətbiqi təcrübəsinin ümumiləşdirilməsi və onların tətbiqinə nəzarətin gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə,narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ bazanın təkmilləşdirilməsinə dair təkliflər verilməsi; narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ bazanın təkmilləşdirilməsinə dair təkliflər verilməsi və s.

Narkomaniya ilə mübarizədə effektiv üsullardan  biri də maarifləndirmə işlərinin aparılmasıdır. Məhz media ictimaiyyəti narkotik vasitələrin yaratdığı faciələr barədə cəmiyyəti məlumatlandırır.. Eyni zamanda narkomaniyaya qarşı təbliğat işinin aparılmasında sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməsi, problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin sayının artırılması, o cümlədən həmin verilişlərə həkim-narkoloqların cəlb edilməsi, aidiyyəti dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin qeyri-hökumət təşkilatlarına ayrılan qrant layihələr hesabına effektiv və təsirli yeni sosial çarxların hazırlanması, onların mediada geniş işıqlandırılması vacib faktorlardandır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, cəmiyyət, ictimai təşkilatlar, xüsusilə, media subyektləri aktiv iştirak etdiyi halda, dövlətin narkomaniya ilə mübarizədə apardığı siyasət öz töhfəsini verə bilər.

Bu sahədə ideoloji işlərin aparılması istiqamətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası müntəzəm iş aparır.

Balakən rayon prokurorluğunun

müstəntiqi vəzifəsi üzrə stajor                                                                          

           Famil Əhmədli

Balakəndə qanvermə aksiyası keçirilib

Balakəndə qanvermə aksiyası keçirilib

Fevralın 4-də Balakən Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyasın təşkil olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin Şəki regional bölməsinin həkim briqadası tərəfindən həyata keçirilən aksiya hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyıb.
Aksiyada Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri könüllü iştirak ediblər.
Əvvəlcə hər bir donorun sağlamlığı yoxlanılıb. Müayinə nəticəsində səhhəti imkan verən 97 nəfərdən qan götürülüb.
Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

AZƏRBAYCAN DÜNYANIN MARAQ DAİRƏSİNDƏ – ƏBU-DABİ BAKI İLƏ BUNA GÖRƏ YAXINLAŞIR

Zeynal Əmrəliyev
0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb. Daha sonra liderlər arasında görüş keçirilib və bu görüş zamanı iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq kimi dəyərləndirilib.

Görüşdə siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, əlaqələrin gələcəkdə daha da genişləndirilməsi barədə razılıq əldə edilib. Səfərin ən mühüm və maraqlı hissəsi isə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki hərbi təlimi olub. Son dövrlər regionda gərginləşən geosiyasi vəziyyət fonunda Körfəzin ən güclü dövlətlərindən biri olan BƏƏ ilə Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın hərbi sahədə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır və beynəlxalq səviyyədə maraqla qarşılanır.

Bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur. Ölkələr arasında qarşılıqlı niyyət protokolunun imzalanması gələcəkdə daha geniş və sistemli hərbi əməkdaşlığa start veriləcəyi fikrini gücləndirir. Səfər çərçivəsində Azərbaycan Dövlət İqtisadiyyat Nazirliyinə məxsus Southern Gas Corridor CJSC şirkətinin qeyri-nəzarətçi payının BƏƏ-nin investisiya bölməsi XRG tərəfindən alınmasına dair sənədin imzalanması da xüsusi əhəmiyyət kəsb edir. Bu addım iki ölkə arasında enerji sahəsində bazar iştirakını və investisiya əməkdaşlığını artırmağa yönəlib.

Əbu-Dabi və Bakı arasında yüksələn enerji əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsi, eləcə də BƏƏ-dən olan iş adamlarının Azərbaycan iqtisadiyyatına daha çox investisiya yatırması əsas gözləntilər sırasındadır. Xüsusilə Azərbaycanın zəngin turizm potensialı BƏƏ investorları üçün cəlbedici hesab olunur. Bununla yanaşı, ərəb investorların işğaldan azad edilmiş bölgələrdə müxtəlif layihələr həyata keçirməsi də maraq doğurur. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələri xarici investorlar üçün “investisiya cənnəti” kimi qiymətləndirilir.

Səfər zamanı ikitərəfli münasibətlərlə yanaşı, regionda baş verən geosiyasi proseslərin, o cümlədən Yaxın Şərqdə yaşanan son hadisələrin də müzakirə edildiyi istisna deyil. Azərbaycan bu gün regionun aparıcı dövləti kimi beynəlxalq siyasətdə də əsas aktorlardan biri qismində çıxış edir. Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasında ölkəmizin son dövrlərdə oynadığı fəal rol beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında artan münasibətlərin gələcəkdə ən yüksək səviyyəyə çatdırılması hədəflənir. Bakı və Əbu-Dabi arasında qardaşlaşma əlaqələri üçün memorandumun imzalanması da bu strateji yaxınlaşmanın bariz göstəricisidir.

                                           Politiloq

                               Zeynal Əmrəliyev

2 Fevral Gənclər Günü Balakəndə

2 fevral gənclər günü Balakəndə
0

Balakəndə “Gənclər gələcəyimizdir” adlı tədbir keçirilib

Bu gün Balakən Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, rayon üzrə gənclər və idman sektoru, Gənclər Evi Sosial Xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər gələcəyimizdir” adlı tədbir keçirilib.

 Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP fəalları, qazilər və fəal gənclər iştirak edib. Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə iştirakçılar əvvəlcə gənclərin əl işlərindən ibarət sərgi və xaricdə yaşayan gənclərin video təbriklərinə baxıblar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə məruzə ilə çıxış edən Balakən rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən baş məsləhətçi Sarxan Hacıyev rayon gənclərinin gördüyü işlər, respublikanın ictimai-siyasi həyatında gənclərin rolu, ölkə idmanında rayon gənclərinin təmsilçiliyi ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

 Digər çıxış edənlər Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev, Balakən Dövlət Peşə Təhsili Mərkəzinin direktor müavini Aysel Padarova, Balakən regional ASAN Xidmət Mərkəzinin əməkdaşı  Aynur Gülüyeva və fəal gənc Ayşə Qarayeva Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Sərəncamına əsasən, fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edilməsindən, gənclərin respublikanın ictimai-siyasi həyatında fəal iştirakından, müxtəlif sahələrdə qazandıqları uğurlardan danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar.

Rayon rəhbəri Natiq Ağayev çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib. Vurğulanıb ki, müstəqil Azərbaycan dövləti gənclərin bacarıq və intellektual potensialının üzə çıxarılması üçün hər zaman geniş imkanlar yaradıb, bu təbəqəyə xüsusi diqqət və qayğı göstərib. Dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə intellektual, vətənpərvər, savadlı yeni nəsil yetişmişdir. Bildirilib ki, dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara təhsildə, fəaliyyət göstərdikləri sahələrdə yüksək nailiyyətlər arzulayıb.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olmuş gənclərə partiya vəsiqələri, həmçinin bir qrup fəal gəncə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

                                                               Yeni Balakən

“Balakən Toxum”müəssisəsi ilə tanışlıq

“Balakən Toxum”müəssisəsi ilə tanı
0

Rayon rəhbəri “Balakən Toxum”müəssisəsi ilə tanış oldu

Balakən Rayon İcra Hakimiyyətinin başçısı cənab Natiq Ağayev rayonda kənd təsərrüfatının inkişafına yönəlmiş yeni təşəbbüslərlə tanış olub. O, “Balakən Toxum” MMC tərəfindən təsərrüfatçılara təqdim edilən, Türkiyə Respublikasından gətirilmiş müasir kənd təsərrüfatı aqreqatlarına baxış keçirib.

Yeni, çoxfunksiyalı aqreqatlar yalnız Balakən rayonunda fəaliyyət göstərən fermerlər üçün deyil, həm də ölkənin digər bölgələrində çalışan təsərrüfatçılar üçün lizinq yolu ilə əlçatan olacaq. Bu, kənd təsərrüfatında məhsuldarlığın artırılması və müasir texnologiyaların tətbiqi baxımından mühüm addım kimi qiymətləndirilir.

Başçı həmçinin müəssisənin toxum paketləmə sahəsi ilə də tanış olub. Burada yüksək reproduksiyalı arpa, buğda və qarğıdalı toxumları hazırlanaraq təsərrüfatçılara təklif olunur. Müəssisənin fəaliyyəti bölgədə kənd təsərrüfatının keyfiyyətli toxum təminatını gücləndirməklə yanaşı, fermerlərin məhsuldarlığını artırmağa xidmət edir.

Hər iki müəssisənin rəhbəri, Türkiyə Respublikasının vətəndaşı Sərxan Kəltəpə yaradılmış investisiya şəraitindən məmnunluğunu ifadə edib. O, yeni layihələr barədə məlumat verərək, gələcəkdə daha geniş miqyaslı təşəbbüslərin həyata keçiriləcəyini bildirib. Sərxan Kəltəpənin irəli sürdüyü təkliflər və mövcud problemlər dinlənilib, onların həlli istiqamətində müzakirələr aparılıb.

Bu səfər Balakən rayonunda kənd təsərrüfatının inkişafına göstərilən diqqətin bariz nümunəsi olmaqla, yerli və xarici investorların əməkdaşlığının daha da güclənməsinə şərait yaradır.

                                                                Yeni Balakən

Balakəndə Dilənçilik: Vicdanı Sarsıdan Mənzərə

Balakəndə Dilənçilik: Vicdanı Sarsıdan Mənzərə
0

Balakəndə Dilənçilik: Vicdanı Sarsıdan Mənzərə

Balakənin gündəlik həyatında artıq adiləşmiş, lakin heç vaxt adiləşməməli olan bir mənzərə var: dilənçilər. Küçələrdə, prospektlərdə, bazar önündə, xəstəxana girişində — demək olar ki, hər yerdə qarşımıza çıxırlar. Bu insanlar sadəcə yardım istəmir, onlar cəmiyyətin aynasıdır: sosial problemlərin, hüquq pozuntularının, vicdan sınağının aynası.

Sosioloqlar Dilənçiliyin Beş Növünü Ayırd Edir:

1.           Əmək qabiliyyəti olmayan fiziki qüsurlu və ya xəstə şəxslər.

2.           Narkomaniya, alkoqolizm və ailə qarşıdurmaları səbəbilə evsiz qalanlar.

3.           İnsan alverinin qurbanları — dilənçiliyi peşəyə çevirənlər.

4.           İşsizlik və ya tənbəllik səbəbilə çalışan, lakin ehtiyaclarını ödəyə bilməyənlər.

5.           Ağır ailə problemləri, xəstəlik və digər səbəblərlə məcbur qalanlar.

Bu kateqoriyalar dilənçiliyin səbəblərini anlamağa kömək etsə də, Balakəndə müşahidə etdiyimiz mənzərə daha acınacaqlıdır. Dilənçilər arasında dələduzlar və kölələr əsas qruplardır. Dələduzlar bu işi gəlir mənbəyinə çevirənlərdir. Kölələr isə — xüsusilə uşaqlar — bu sistemin qurbanlarıdır.

Balakənin Dilənçilik Xəritəsi

H.Əliyev prospekti, S.Gözəlov küçəsi, “Qalaktika” ərazisi, bazar önü, xəstəxana girişi — bu yerlər artıq dilənçilərin “iş nöqtələri”nə çevrilib. Hər birinin bir hekayəsi var: “Uşağım xəstədir”, “Allah balanı saxlasın”, “Allah rızası üçün”… Bəziləri qutu qoyur, bəziləri isə uşaqları önə çəkir. Ən acınacaqlısı isə azyaşlıların dilənçiliyə cəlb edilməsidir.

Uşaqların İstismarı: Cinayət və Köləlik

Bu gün bazardan Bayraq meydanına gedərkən 9-13 yaş arası bir neçə uşaq dilənçi ilə qarşılaşdım. Soruşduğum bir oğlan “Məlikzadədən” olduğunu dedi. Bəziləri Qaxdan, bəziləri Yevlaxdan gəlmişdi. Bu uşaqların bu işi özbaşına görməsi mümkün deyil. Onları bura gətirən, yönləndirən, axşam əlindəkini alan “müdürlər” var. Bu, sadəcə inzibati xəta deyil — cinayətdir. Uşağın hüquqlarının pozulması, onun istismarı, köləliyə məcbur edilməsidir.

Halbuki bu uşaqlar məktəbdə olmalı, təhsil almalı, normal vətəndaş kimi yetişməlidirlər. Onların gələcəyi qorunmalı, bilik və savadla silahlanmalıdırlar.

Hüquqi Perspektiv: Qanun Nə Deyir?

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, dilənçiliyə sövq etmə, xüsusilə azyaşlıların bu işə cəlb edilməsi cinayət məsuliyyəti yaradır. Bu, uşaq hüquqlarının kobud şəkildə pozulmasıdır. Uşağın təhsil alma hüququ, normal inkişafı, təhlükəsizliyi — hamısı bu istismar nəticəsində əngəllənir.

Cəmiyyətin Reaksiyası: Laqeydlik və Ya Vicdan?

Bəzən insanlar bu mənzərəni görməməzlikdən gəlir, bəzən isə “yazıqları gəldi” deyib pul verir. Amma bu yardım, əslində, istismarın davamına xidmət edir. Həqiqi yardım — bu uşaqları bu sistemdən çıxarmaq, onları təhsilə, normal həyata qaytarmaqdır.

Balakənə Layiq Görüntü: Dilənçisiz Küçələr

Balakən 200-ə yaxın şəhidin, beş Vətən Müharibəsi Qəhrəmanının yurdudur. Bu torpağın adına yaraşmayan görüntüləri birlikdə dəyişməliyik. Hökumət, vətəndaş, cəmiyyət — hamımız əl-ələ verərək bu sosial yaraya son qoymalıyıq. Dilənçisiz Balakən tablosu yaratmaq mümkündür — yetər ki, istək və iradə olsun.

Nəticə: Hər Kəsin Məsuliyyəti Var

Bu yazı bir çağırışdır — vicdanlara, qanunlara, cəmiyyətə. Uşaqların göz yaşları, dilənən qadınların susqunluğu, yaşlıların ümidsiz baxışları — bunlar sadəcə görüntü deyil, bir SOS siqnalıdır. Bu siqnalı eşidək. Balakəni bu yükdən azad edək.

                                                    Ramazan Abal

Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub

Deputatdan sərt mövqe: “Bu, siyasi məsələ deyil, milli təhlükəsizlikdir”
0

Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub

Müstəqilliyin ilk illərində bir çox sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də ciddi boşluqlar mövcud idi. Dövlətin diqqətindən kənarda qalan Azərbaycan gənci özünü yalnız, təcrid olunmuş vəziyyətdə hiss edirdi. Yaranmış bu situasiyadan isə həmin illərdə Azərbaycana asanlıqla ayaq aça bilən xarici qüvvələr, radikal dini təşkilatlar öz maraqları naminə istifadə edə bilirdilər. Nəticə etibarilə Azərbaycan gənci bu diqqətsizliyin sonucunda özünü ölkəyə sirayət etmiş dini ekstremist təşkilatlarda, müxtəlif cərəyanlarda tapırdı.

Ümummilli Lider Heydər Əliyev 90-cı illərin əvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə gələnə qədər bu mənfi tendensiya davam etdi. 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin çiyinlərinə o zaman böyük yük düşürdü. Bir tərəfdən həmin dövrdə ölkəni təhdid edən vətəndaş müharibəsinin qarşısını almalı, Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etməli, digər tərəfdən müxtəlif sahələrdə mövcud olan boşluqları, çatışmamazlıqları aradan qaldırmalı idi. Təbii ki, gənclərlə iş də bu sahədə istisna deyildi. Gələcəyə yönəlik bilikli, bacarıqlı, vətənpərvər gənclərin yetişdirilməsi üçün onlara diqqət artırılmalı, kənar təsirlərin neytrallaşdırılması üçün ciddi addımlar atılmalı idi. Bir sözlə gənc onun arxasında hansısa xarici ölkə, dini cərəyan və ya ekstremist təşkilatın deyil, Azərbaycan dövlətinin dayandığını hiss etməli idi.

Beləliklə, Heydər Əliyevin rəhbərliyi altında ölkədə gənclərlə bağlı sistemli tədbirlərin həyata keçirilməsinə başlanıldı. 1994-cü ildə gənclərlə iş sahəsində konseptual yanaşmanın ortaya qoyulması, 1996-cı ildə Gənclər və İdman Nazirliyinin yaradılması dövlətin gənclər siyasətinin formalaşdırılması istiqamətində atılan mühüm addımlar idi. Bu həm də Azərbaycanda müstəqil dövlət gənclər siyasətinin əsasının qoyulduğunun təzahürü idi. Ümummilli Lider sonrakı dövrlərdə gənclərlə müntəzəm şəkildə bir araya gələrək onların problemləri ilə maraqlanır, təşəbbüslərini dinləyir və həmin təşəbbüslərə öz dəstəyini göstərirdi. Artıq Azərbaycan gənci yad təsirlərdən, xarici amillərdən uzaq idi. Çünki onun arxasında Azərbaycan dövləti dayanırdı. Elə Ulu Öndərin “Mən həmişə gənclərə arxalanmışam” fikri də həm Ümummili Liderin, həm də Azərbaycan dövlətinin gənclərə olan böyük etimadının bariz nümunəsi idi. Heydər Əliyev gənclərin ölkənin taleyində məsuliyyət daşıdığını daim vurğulayaraq, onları müstəqil Azərbaycanın qurucuları kimi görürdü. Bu mənada Ulu Öndər əbəs yerə demirdi: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”.

Təsadüfi deyil ki, hər il fevralın 2-də qeyd edilən “Gənclər Günü” də Heydər Əliyevin Azərbaycan gəncinə ən böyük ərmağanıdır. Belə ki, Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən etibarən müntəzəm olaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumundan sonra bu, ənənə halını aldı. İlk Forumda Ulu Öndərin şəxsən iştirak etməsi Heydər Əliyevin gənclərə nə dərəcədə böyük diqqət ayırdığını, onlara etimad göstərdiyini təsdiqləyirdi. 1997-ci il, fevralın 1-də Heydər Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Azərbaycanda belə bir günün təsis edilməsi təkcə ölkə tarixində deyil, eyni zamanda MDB məkanında və Şərqi Avropa ölkələri arasında bir ilk idi. Həmin sərəncam əsasında MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıldı. Bu həm də Azərbaycanın gənclərə yönəlik siyasətdə bir çox ölkələri qabaqladığını ortaya qoyurdu. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən bir müddət sonra, daha dəqiq desək 1998-ci il avqustun 8-12-də keçirilən gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edildi.

Heydər Əliyev gənclərin bllikli, bacarıqlı, intelektual səviyyəli olmasını tövsiyə edir, bu istiqamətdə müvafiq addımlar atırdı. Bu mənada Ulu Öndərin ötən əsrin 70-80-ci illərində Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, eləcə də ittifaq zamanı Moksvada çalışdığı dövrdə xarici ölkələrə azərbaycanlı tələbələrin göndərilməsi ənənəsi yeni dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməyə başlandı və bu proses daha da inkişaf etdirildi. Nəticə etibarilə, 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşürdü ki, bu da gənclərdə əlavə stimul yaradır, onların elmə, təhsilə marağını daha da artırırdı. Heydər Əliyevin ali məktəblərə yüksək balla daxil olmuş gənclərə “Prezident təqaüdü”nün verilməsi barədə qərarı Ulu Öndərin həm gənclərə, həm də onların daha bilikli, bacarıqlı olmasına yönəlik diqqətinin, siyasətinin bariz nümunəsi idi.

Ümumiyyətlə, Ümummilli Lider müstəqil Azərbaycana rəhərlik etdiyi illərdə gənclərə yönəlik bir sıra fərman və sərəncamlar imzalaylb ki, bu da onların gələcək həyatında, elm və intelektual səviyyələrinin artmasında mühüm rol oynayıb. 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”nın hazırlanması, “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüdün təsis edilməsi, Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılması, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi bunun əyani sübutudur.

Günümüzdə dövlət gənclər siyasəti Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqları və çağırışlarına uyğun olaraq yeni mərhələyə qədəm qoyub. Gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə fəal iştirakı təşviq olunur. “Azərbaycan gəncliyi” dövlət proqramları, Gənclər Fondu, könüllülük hərəkatları, paytaxt və bölgələrdə açılan “Gənclər Ev”ləri, startap və innovasiya layihələri, 2019-cu ildən etibarən keçirilən “Yüksəliş” müsabiqəsi gənclərin potensialının reallaşmasına geniş imkanlar yaradır. Bütün bunlar həm də gənclərin vətənpərvər ruhda böyüməsi, formalaşması, eyni zamanda onların sosiallaşmasında mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə “Gənclər ili” elan olunması həm dövlət başçısının gənclərə olan diqqət və qayğısının tərənnümü, həm də əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirildiyinin göstərici idi.

Cənab İlham Əliyev də Ulu Öndər kimi gənclərin bilik və bacarıqlı olması, müasir tenologiyalara yiyələnməsi, ölkəmiz üçün kadr ordusunun formalaşması istiqamətində müvafiq addımlar atır, müntəzəm olaraq bu məqsədlərə xidmət edən fərman və sərəncamlar imzalayır, dövlət proqramları təsdiq edir. Bu mənada Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları xüsusi əhəmiyyət kəsb edir. Sözügedən proqramlar əsasında indiyə qədər minlərlə Azərbaycan gənci xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında oxuyaraq ölkəmizin bütün istiqamətlər üzrə kadr potensialının formalaşmasına zəmin yaradıb. Elə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə həmin kadrların, eləcə də Ulu Öndərin siyasəti nəticəsində yetişmiş vətənpərvər gənclərin xidmətləri müstəsna təşkil edirdi.

Göründüyü kimi Azərbaycanda dövlət gənclər siyasəti ardıcıl və strateji xarakter daşıyır. Əgər Ulu Öndər Heydər Əliyev bu siyasətin ideoloji və institusional əsaslarını yaratmışdısa, Cənab İlham Əliyev həmin siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə quraraq uğurla davam və inkilşaf etdirir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub və bu proses müsbət dinamika ilə davam edir.

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı

ESWL artıq Balakəndə,”ELMAS” klinikdə.

ESWL artıq Balakəndə
0

Alman istehsalı “BELMES” cihazı böyrək daşlarını 20-30 dəqiqə ərzində quma çevirir.”ELMAS” klinikasında quraşdırılan,respublikada tək nümunə olan bu cihaz 25 mm-dək böyrək daşlarını əməliyyatsız,kəsiksiz,dəliksiz,ağrısız,qansız xəstənin bədənindən xaric etmək üçün vətəndaşların istifadəsinə verilmişdir.

ESWL (Extracorporeal Shock Wave Lithotripsy) böyrək daşlarını fokuslamaq və parçalamaq üçün bədəndən kənardan göndərilən yüksək enerjili səs dalğalarından istifadə edən bir prosedurdur. Qeyri-cərrahi və qeyri-invaziv üsul olan ESWL, adətən ambulator şəraitdə 2.5 sm-dən kiçik daşlar üçün tətbiq edilən, daşların quma bənzər hissəciklərə parçalanaraq təbii yolla atılmasını təmin edən effektiv müalicə üsuludur.

Necə işləyir: Daşın yeri ultrasəs və ya rentgen (flüoroskopiya) köməyi ilə müəyyən edilir və onu parçalamaq üçün şok dalğaları birbaşa daşın üzərinə yönəldilir. 
 Üstünlükləri: Anesteziya və ya xəstəxanaya yerləşdirmə tələb etməyən və tez sağalmanı təmin edən bir üsuldur. 
Qısacası, yarım saat ərzində böyrək daşlarından azad olub evinə gedirsən.Qiyməti də əməliyyat qiymətindən qat-qat ucuz.
“ELMAS”-da daha bir yenilik isə klinikanın təcili tibbi yardım maşınının,ambulansın istifadəyə verilməsidir.Günün istənilən vaxtı,ölkənin istənilən nöqtəsinə xəstəni nəql etmək və nəql zamanı xəstənin vəziyyətini nəzarətdə saxlamaq üçün son model cihazlarla təchiz edilmiş ambulans vətəndaşların istifadəsindədir.
                                             Yeni Balakən

Marketlərdə səhlənkarlıq, saxta içkilər və istehlakçının hüquqları

Marketlərdə səhlənkarlıq, saxta içkilər və istehlakçının hüquqları
0

Qida təhlükəsizliyi: Marketlərdə səhlənkarlıq, saxta içkilər və istehlakçının hüquqları

Azərbaycanda qida təhlükəsizliyi məsələsi təkcə məhsulun keyfiyyəti ilə məhdudlaşmır. Bu, həm də onun düzgün saxlanması, təqdimatı, istehlakçıya hörmətlə yanaşılması və qanunlara uyğun şəkildə satışa çıxarılması deməkdir. Təəssüf ki,rayonumuzda da bir çox yerli marketlərdə bu sahədə ciddi səhlənkarlıq müşahidə olunur.

Səhlənkar yerləşdirmə: məhsulun taleyi rəfdə başlayır

Marketlərdə məhsulların necə gəldi düzülməsi, yerə qoyulması, toz basmış şəkildə təqdim edilməsi istehlakçıya qarşı açıq hörmətsizlikdir. Soyuducuda saxlanmalı olan məhsullar otaq temperaturunda, son istifadə tarixi keçmiş mallar isə yenilərlə yanaşı satılır. Bu, həm sağlamlıq üçün risk yaradır, həm də qanun pozuntusudur.

Biliksizlik: market sahibləri və personalın məsuliyyəti

Böyük marketlərdə – məsələn, “Bazarstore” kimi – marketinq və satış biliklərinə sahib personalın olması bu problemləri azaldır. Lakin əksər kiçik və orta marketlərdə bu sahədə ciddi boşluqlar var. Satıcılar yalnız “mal ver, pul al” prinsipi ilə işləyir, məhsulun necə təqdim olunmalı olduğunu, hansı məhsulların yanaşı qoyulmamalı olduğunu bilmirlər. Bu isə qida təhlükəsizliyini birbaşa təhdid edir.

Saxta spirtli içkilər: xəstəxanaya və ya həbsxanaya aparan yol

Bazarlarda və bəzi marketlərdə satılan spirtli içkilərin böyük hissəsi sintetik spirtdən hazırlanır. Bu cür içkilər insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Onların üzərində “son istifadə tarixi”nin yazılması isə istehlakçını çaşdırmaqdan başqa bir şey deyil. Təbii spirt illərlə saxlanıla bilər və zamanla daha da saflaşır. Saxta içkilər isə qısa müddətdə zərərli təsir göstərir və nəticədə insan ya xəstəxanaya düşür, ya da hüquqi məsuliyyətə cəlb olunur.

İstehlakçının hüquqları və dövlətin rolu

Bu halların mövcudluğu həm maddi, həm də mənəvi zərər deməkdir. İstehlakçının hüquqları pozulur, sağlamlığı risk altına düşür. Ticarət qanunlarla tənzimlənməlidir və bu sahəyə nəzarət edən dövlət qurumları – xüsusilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) – daha aktiv olmalıdır.

AQTA yalnız yoxlamalarla kifayətlənməməli, həm də maarifləndirmə işləri aparmalıdır. Market sahibləri və personal üçün seminarlar təşkil edilməli, media vasitəsilə istehlakçılar mütəmadi məlumatlandırılmalıdır. Bu, problemin kökündən həllinə doğru atılmış real addım ola bilər.

Nəticə: təhlükəsizlik hər kəsin məsuliyyətidir

Qida təhlükəsizliyi cəmiyyətin sağlamlığı və rifahı üçün vacibdir. Hər bir vətəndaş, satıcı və dövlət qurumu bu sahədə məsuliyyət daşıyır. Maariflənmə, nəzarət və ictimai iştirak bu problemin həllində əsas rol oynayır. İstehlakçılar da daha diqqətli olmalı, hüquqlarını bilməli və pozuntulara qarşı səsini ucaltmalıdır.

                                                                                        Ramazan Abal

Müsahibə

Müsahibə
0

Hörmətli millət vəkili Nəsib Məhəməliyevin Modern.az saytına maraqlı,geniş müsahibəsi var.Müsahibə daha çox Balakəni əhatə etdiyi üçün həmən yazını olduğu kimi burda verirəm:

İcra başçısına dedim ki, bu yolun sonu yaxşı olmayacaq – Deputatla MÜSAHİBƏ

Mediada deputatlarla müsahibələr adətən qanunvericilik təşəbbüsləri, siyasi proseslər və parlamentin gündəmi ilə məhdudlaşır. Halbuki deputat həm də seçildiyi bölgənin həyatına, insanlarına, onların problemlərinə ən yaxından şahid olan şəxsdir.

Modern.az saytının “Region deputatın gözü ilə” layihəsi siyasətdən bir qədər kənara çıxır və deputatların bölgə ilə bağlı təəssüratlarını, məlumatlarını öyrənir.

Layihənin budəfəki qonağı 110 saylı Balakən seçki dairəsinin deputatı Nəsib Məhəməliyevdir.

– Nəsib müəllim, 6 il Balakəndə icra başçısı işləmisiniz. Özünüz də əslən oradansınız. Bu bölgə haqqında bir az da sizdən eşitmək istəyərdik. Balakən deyəndə ağlınıza ilk nə gəlir?

– Balakən deyəndə ilk növbədə mənim kiçik vətənim yada düşür. Baxmayaraq ki, ömrümün böyük hissəsini orada keçirməmişəm, həm bağçaya, həm də məktəbə məhz Balakəndə getmişəm. Balakən mənəvi baxımdan çox zəngin bir məkandır. Orada avarlar, ingiloylar və digər müxtəlif etnik azlıqlar yaşayır. Tarixin bütün keşməkeşli dövrlərində belə insanlar etnik və dini zəmində heç vaxt ciddi problemlər yaşamayıblar. Bu da onu göstərir ki, Balakəndə tolerantlıq baxımından xüsusi bir mədəniyyət formalaşıb.

Balakənin özünəməxsus mətbəxi var, rayon müxtəlif folklorların qovuşduğu bir məkandır. Bölgə əsrarəngiz təbiəti ilə seçilir və təsadüfi deyil ki, Balakən “Məbədlər diyarı” adlandırılır. Azərbaycanda bu qədər tarixi abidənin cəmləşdiyi ikinci bir rayon demək olar ki, yoxdur. Çox istərdim ki, həmin abidələrin bərpasına daha çox diqqət ayrılsın.

Eyni zamanda, XVII əsrin sonları – XVIII əsrin əvvəllərində SSRİ ərazisində ən hündür minarəyə malik məscid məhz Balakəndə yerləşib. Ümumiyyətlə, Balakəndə məscidlər çoxdur və onların özünəməxsusluğu ondadır ki, əksəriyyəti qəbiristanlıqların ərazisində yerləşir. Əslində onlara “hücrə” demək daha doğru olardı. Hətta SSRİ-nin din əleyhinə sərt siyasəti dövründə belə insanlar Allaha bağlılıqlarını heç vaxt gizlətməyiblər.

– Balakənlilər həm dindar, həm də müasirdirlər…

– Bu, bir qədər qəribə, amma Balakən üçün xarakterik mənzərədir. Xatırlayıram ki, insanlar eyni zamanda gündə beş dəfə namaz qılır, paralel olaraq restorana gedib əylənə də bilirdilər. Bizdə Cənub bölgəsində və ya Bakıətrafı bəzi kəndlərdə olduğu kimi, çadraya və oxşar sərt dini atributlara rast gəlinməyib. Toy mərasimlərində bəylər və xanımlar eyni stol arxasında əyləşiblər. Qız toyunda kişilər, oğlan toyunda isə xanımlar iştirak edib. Balakəndə rəqs meydançaları mövcud idi, gənclərin əyləndiyi, vaxt keçirdiyi məkanlar həmişə olub.

– Balakən həm də oranın insanlarının dürüstlüyü ilə assosiasiya olunur…

– Bu yaxınlarda ilin yekunları ilə bağlı hesabat yığıncağında çıxışım zamanı bu məsələyə toxundum. Balakəndə Maliyyə Nazirliyi tərəfindən kompleks yoxlamalar aparılır. Əvvəlki icra başçısı (İslam Rzayev-red.) həbs olunub. Mənim rəhbərlik etdiyim dövrdə də yoxlamalar keçirilirdi, lakin heç vaxt belə biabırçı hallar baş verməmişdi. O zaman Balakəndə insanlar qanuna ciddi şəkildə əməl edirdilər və dövlət vəsaitlərinin mənimsənilməsi mövzusu ümumiyyətlə gündəmə gələ bilməzdi.

Ancaq son 20 il ərzində orada müəyyən deqradasiya prosesləri yaşandı. Bu da uyğun olmayan rəhbərlərin fəaliyyəti ilə bağlı idi. Üzdə özünü müsbət göstərən bəzi şəxslər arxa planda tamamilə fərqli maraqlara xidmət edir, varlanmaq üçün şantaj, vəzifələrin alqı-satqısı kimi neqativ hallara yol verirdilər. Elə buna görə də icra başçısı həbs olundu və barəsində cinayət işi açıldı. Ona bu prosesdə dəstək verən bir çox şəxslər hazırda istintaq orqanına şahid qismində ifadə verirlər.

Bu gün Balakəndə əvvəlki dürüstlük mühitinin olduğunu təsdiq edə bilmərəm. Mənim üçün bunları dilə gətirmək ağırdır. Bir cümlə ilə, tam məsuliyyətlə deyə bilərəm ki, nə Balakən rayonuna, nə də Nəsimi rayonuna rəhbərlik etdiyim dövrdə bir dəfə də olsun tabeçiliyimdə olan insanlara qanunsuz tapşırıq verməmişəm.

– Həbs edilən icra başçısı fəaliyyət göstərəndə siz Balakənin deputatı idiniz. Ona fəaliyyəti ilə bağlı nöqsanları zamanında bildirmisiniz?

– Bununla bağlı mövqeyimi açıq şəkildə, bəzi hallarda isə kifayət qədər kəskin formada şəxsən özünə (İslam Rzayev-red.) bildirmişəm. Açıq demişəm ki, bu yolun sonu yaxşı olmayacaq. Mənə bu barədə məlumatlar birbaşa seçicilərdən daxil olurdu. Qəbullar zamanı vətəndaşlar açıq şəkildə icra başçısı və onun müavinləri ilə bağlı kifayət qədər faktlar səsləndirirdilər. Mənim şəxsi müşahidələrim də bu deyilənləri təsdiqləyirdi.

Bir dəfə qəbuldan sonra köməkçimə dedim ki, onun müavininə çatdırsın: o bu vəzifəyə təyin edəndə bir stəkan çayını belə içməmişdim və hər qanunsuz tapşırıqları icra etmək olmaz. Eyni sözləri icra başçısına da şəxsən özüm demişdim. Təbii ki, o zaman müxtəlif bəhanələr gətirirdi.

Bu gün vicdanım rahatdır. Çünki mən onu dəfələrlə xəbərdar etmişəm.

– İcra başçısının bu cür hərəkəti insanlara da təsir etdi?

– Şübhəsiz ki, bu məsələ təkcə Balakənə aid deyil, ümumilikdə Azərbaycanın bir çox bölgələrində müşahidə olunur. Artıq on icra başçısı həbs olunub. Bu o deməkdir ki, korrupsiya və rüşvətxorluqla mübarizədə dövlət başçımızın mövqeyi qətidir. Kimliyindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir.

Rəhbər vəzifəyə təyin olunan kimi bəzi şəxslər, vəzifə səlahiyyətlərinin icrasına peşəkar kadrları işdən uzaqlaşdırmaqla başlayırlar. Halbuki insanlar anlamalıdırlar ki, “Dövlət qulluğu haqqında” qanun mövcuddur və əməkdaşları heç bir əsas olmadan birdən-birə işdən çıxarmaq olmaz.

Mən indiyədək bir nəfər də olsun peşəkar kadrı qanunsuz işdən çıxarmamışam. Xatırlayıram, bir dəfə mənə dedilər ki, bir əməkdaş var, yüksək statuslu şəxslərin adamıdır, istəyəndə işə gəlir, istəməyəndə gəlmir. Mən onu dərhal vəzifədən azad etdim.

Həmişə hesab etmişəm ki, güclü rəhbər istənilən işçi ilə işləməyi bacarmalıdır. Zəif rəhbərlər və yaxud əvvəlcədən cinayətə meyillilər, informasiyanın yayılmasının qarşısını almaq üçün ətrafına öz kadrlarından ibarət komanda toplayırlar.

– İcra hakimiyyətindən söz düşmüşkən, siz həm də Nəsimi rayonun icra başçısı olmusunuz. Bir müddət əvvəl həm Balakən, həm də Nəsimi rayonun icra başçıları ilə bağlı xoşagəlməz hadisələr yaşandı. Siz icra başçılarının etimadı doğrultmamasının səbəbini nədə görürsünüz?

– Burada aydın şəkildə hiss olunur ki, kadr seçimində müəyyən problemlər və boşluqlar mövcuddur. Cənab Prezident hər kəsi tanıya bilməz, bu fiziki baxımdan mümkün də deyil. Prezidentin gördüyü işlərin miqyası olduqca genişdir: həm xarici siyasət, həm daxili proseslər, həm təhlükəsizlik məsələləri, həm də qlobal siyasətdə elə sürətli və mürəkkəb proseslər gedir ki, bəzən heç kim onların sonunun necə olacağını dəqiq bilmir. Biz bu prosesləri qabaqlamağı bacarmalıyıq.

Prezident 200 illik problemləri həll etməklə sübut etdi ki, bu proseslərdə öndə gedən liderlərdəndir. Bununla yanaşı, kadr seçimində də konkret və işlək mexanizmlər olmalıdır. Kadr seçimində meyarlar dəyişməlidir. Təəssüf ki, bu gün təcrübəsizlik halları kifayət qədər çoxdur. İnsan təcrübəsiz olanda onu asanlıqla yanlış istiqamətə yönəldən qüvvələr tapılır.

– Siz icra orqanından qanunverici orqana keçid etdiniz. Öz təşəbbüsünüz idimi və bunlardan hansı iş olaraq daha çətindir?

– Əslində mənim yanaşmam bir qədər fərqlidir. Qanunverici orqana keçmək təşəbbüsü ilkin olaraq mənim tərəfimdən irəli sürülüb. Lakin fərd olaraq icra orqanlarında işləmək mənə daha yaxın və doğmadır. Çünki burada istənilən məsələyə daha yaradıcı yanaşmaq imkanı olur: tikmək, qurmaq, yaratmaq, abadlaşdırmaq mümkündür. Bütün bunlar gözə görünən işlərdir. Qanunverici orqanda isə əsasən danışmaq, müzakirə aparmaq və təkliflər vermək ön plandadır.

Azərbaycan unitar dövlətdir və Prezidentli Respublikadır. Bu baxımdan icra hakimiyyəti daha güclü və daha operativ işlək mexanizmə malikdir. Məhz buna görə də, həm baza təhsilimə, həm də sonradan uzun müddət icra strukturlarında çalışdığıma görə özümü daha çox İcra hakimiyyətinin nümayəndəsi və təmsilçisi kimi hiss edirəm, nəinki qanunverici orqanın üzvü kimi. Bununla belə, qanunverici orqanda da müəyyən təşəbbüslərimiz olub.

Mən YAP-ın üzvü kimi orada təmsil olunuram və özümü komanda adamı hesab edirəm. İstənilən halda, həmin platformada da komandamı təmsil edir və hər bir halda onun fəaliyyətini təbliğ edirəm.

– “Cənab başçı” ifadəsindən ötrü darıxmırsınız?

– Vəzifəyə təyin olunduğum ilk gündən etibarən bir məsələni, iclaslarda mənim adımın hallanmasını, tərifləri qəti şəkildə qadağan etmişdim. Bu, həm Balakəndə, həm də Nəsimi rayonunda belə olub.

Əgər vaxtilə hansısa vəzifəni icra etmişəmsə, bu, mənim hamıdan ağıllı və ya hamıdan savadlı olduğum anlamına gəlmir. Mən bunu açıq şəkildə deyirəm: Azərbaycanda savadlı, qabiliyyətli insanlar çoxdur. Sadəcə, alın yazısı deyilən bir anlayış var. “Cənab başçı” sözündən isə xoşum gəlmir.

– Demək darıxmamısınız?

– Qətiyyən yox. Vəzifə ondan ibarətdir ki, rəhbər səni müəyyən bir posta təyin edir və sən öz işini icra edirsən. Eyni zamanda bilməlisən ki, nə vaxtsa sənin yerinə də başqa biri təyin olunacaq.

– Bəzən media olaraq yazırıq ki, filan nazir “vuruldu”. Özü də belə qəbul edir. Bu nədən irəli gəlir?

– Bu, insanın özündən asılıdır. Əgər kimsə özünü yalnız vəzifə ilə təsdiq edibsə, anlayır ki, həmin vəzifə olmayanda ona heç kim salam verməyəcək. Amma məndə əksinə olub. Vəzifədən ayrıldıqdan sonra mənə göstərilən hörmət daha da artıb. Vəzifəyə təyin olunan istənilən şəxs bilməlidir ki, vəzifə daimi deyil, nə vaxtsa getməlidir. Özünü psixoloji cəhətdən buna hazırlamalıdır.

– Amma siz indi də deputatsınız..

– Deputatlıq statusdur. Amma vəzifədən sonra parlamentə getməyin öz müsbət cəhətləri var. Birincisi, insan çox ciddi şəkildə təcrübə toplayır, nəyin necə və harada baş verdiyini, hansı məsələnin necə həll olunmalı olduğunu daha düzgün dərk edir. İkinci tərəfdən isə əgər sən vəzifədə olduğun zaman özünü ləyaqətlə aparmısansa, parlamentə gəldikdən sonra sənə daha çox hörmət göstərilir.

– Qayıdaq Balakənə. Sonuncu siyahıyaalmada Balakəndə yaşayan 72 677 nəfərin azərbaycanlı, 22 905 nəfərin avar, 1 613 nəfərin isə ingiloy olduğu göstərilib. Etnik azlıqlarla azərbaycanlılar arasındakı münasibət necədir, qaynayıb-qarışırlar?

– Balakən və Zaqatala rayonlarında avarlar kompakt şəkildə yaşayırlar. Balakəndə Qabaqçöl qəsəbəsi və ətrafdakı altı kənddə avarlar əsasən kompakt məskunlaşıb, şəhər ətrafında isə bir neçə kənddə qarışıq yaşayış məntəqələri var. Amma nə Zaqatalada, nə də Balakəndə elə bir avar ailəsi və ya azərbaycanlı ailə tapmaq olmaz ki, orada qarışıq qohumluq olmasın.

Bəzən bu bölgəni yaxından tanımayan şəxslər tərəfindən dövlətçilik əleyhinə fikirlər səsləndirilir. Əvvəllər tək-tük, bəzi şəxslərin separatçılığa meyilliliyi müşahidə olunsa da, indi belə adamlar ümumiyyətlə yoxdur. Ötən əsrin 90-cı illərində, 2000-ci illərin əvvəllərində, qonşu dövlətlərin xüsusi xidmət orqanlarının təsiri altına düşən bəzi şəxslər qanun qarşısında cavab veriblər. Onlar müəyyən dövrlərdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa çalışsalar da, cəhdləri nəticə verməyib. Balakən camaatı hər zaman dövlətçiliyə sədaqətləri ilə seçiliblər.

– Balakənin etnik tərkibi ingiloylar və avarlarla məhdudlaşmır. Burada ruslar, ukraynalılar, tatarlar, tatlar, ləzgilər də yaşayır. Siz bu etnik qrupların adət-ənənələri ilə tanış olmusunuzmu, onlar mədəniyyətlərini qoruya bilirlərmi?

– Əlbəttə. Balakəndə yazılmamış qaydalar var. Bütün dövlət bayramlarında rəsmi hissədən sonra bədii hissə təşkil olunur və biz çalışırdıq ki, orada paritet qorunsun. Azərbaycan mahnıları ilə yanaşı, avar və ingiloy mahnıları, rəqsləri, folklor nümunələri də təqdim olunur. Xüsusilə Novruz bayramında hər kəs öz adət-ənənəsi ilə çıxış edir. Bu da onu göstərir ki, təkcə ənənələr qorunmur, eyni zamanda inkişaf etdirilir. Milli azlıqlar ana dillərində təhsil alırlar.

– Etnik azlıqların hansı ənənələri ümumilikdə bütün Balakən əhalisi tərəfindən qəbul olunub?

– Ən çox mətbəxdə bu qarışıqlıq hiss olunur. Elə yeməklər var ki, həm avarlar, həm də azərbaycanlılar tərəfindən eyni dərəcədə istifadə olunur. Bura rəqsləri də əlavə etmək olar.

– Siz özünüz əslən hansı millətdəsiniz?

– Atamın həm atası, həm də anası azərbaycanlı olub. Anamın atası avar, anası isə azərbaycanlı idi. Anam iki yaşında olarkən atasını bolşeviklər güllələyiblər. Çox imkanlı insan olub, insanları bolşeviklərə qarşı qaldırdığna görə Zaqatala Qalasında güllələnib. Deyilənə görə, babam olduqca yaraşıqlı kişi olub və 1927-ci ildə gürcü kinematoqrafçılar tərəfindən Balakəndə bədii filmdə çəkilib. Babam süjetə görə, at belində, pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxır və toy günü gəlini, “naçalnikin qızını” götürüb qaçırır. Yeri gəlmişkən, həmin ikimərtəbəli ev, yerli bəylərdən birinə məxsus idi və son zamanlara qədər dururdu. Bəy özü isə respublikada tanınmış teleaparıcı və diktor, sinif yoldaşım Nailə İslamzadənin ana babası idi. Həmin filmin tapılması üçün gürcü dostlara müraciət etdim. Onlar arxivi araşdırandan sonra, filmin adının reyestrdə qeyd olunduğunu bildirdilər. Filmin özü isə təəssüf ki, tapılmadı.

– Siz avar dilini bilirsinizmi, bu dili öyrənməyə marağınız olubmu?

– Əfsuslar olsun ki, bilmirəm.

– Seçiciləriniz sizinlə Azərbaycan dilində rahat danışa bilirlərmi?

– İstisnasız olaraq hamısı.

– Heç olubmu ki, balakənlilərin problemlərinə görə məmurlarla mövqeləriniz toqquşsun?

– Olub. Həyat və iş təcrübəm olduğu üçün seçicilərimin problemlərinin bir çoxunu şəxsən özüm həll edirəm. Elə məsələlər var ki, onları parlamentdə səsləndirmək doğru deyil. Eyni zamanda, gördüyüm işlərin heç birini reklam etmirəm.

– Milli Məclisdə bəzi deputatlar zaman-zaman seçki dairələrini dəyişir, doğulub-böyüdükləri bölgəni təmsil etmirlər. Sizin buna münasibətiniz necədir? Növbəti seçkilərdə iştirak etsəniz, dairənizi dəyişmək barədə düşünərsinizmi?

– Onlara münasibətim normaldır. Biz komanda ruhunda işləməyi öyrənməliyik, əks halda cəmiyyətdə ciddi qarşıdurmalar yarana bilər. Yeni Azərbaycan Partiyası kifayət qədər güclü siyasi təşkilatdır və partiyada hər kəsin potensialı bəllidir. Təbii ki, subyektiv amillər də ola bilər, amma kimin haradan namizədliyinin irəli sürüləcəyinə partiya qərar verir. Elə hallar olur ki, deputat iki çağırış eyni dairəni təmsil edir, amma reytinqi arzuolunan səviyyədə olmur.

Mən isə dairəmi dəyişməzdim. Artıq üç çağırışdır eyni dairədən deputat seçilmişəm. Həm deputat olduğum dövrdə, həm də ondan əvvəlki fəaliyyətimdə bütün müraciətlərə reaksiya vermişəm və maksimum dərəcədə kömək etməyə çalışmışam. Deputatın rayonda mütləq nüfuzu olmalıdır. Maksimum çalışıram ki, köməyə ehtiyacı olan insanların ümidlərini doğruldum.

– Seçiciləriniz üçün əlçatansınız?

– Təbii ki. Mən hər gün qəbul keçirirəm. Sosial şəbəkələr, məktublar, telefon və köməkçilərim vasitəsilə gündəlik əlaqə saxlayırıq. Elə bir hal olmur ki, kiməsə reaksiya verməyim. Çalışıram ki, sosial ədalət prinsiplərini qoruyum. Mənə görə, hər şeydən önəmli olan insan faktorudur. Kiməsə kömək edirəmsə, bunu deputat kimi yox, daha çox bir vətəndaş kimi edirəm.

– Bu gün Balakənin əsas problemləri nələrdir? Artıq 10 ildir deputatsınız. İlk müraciətlərlə indiki müraciətlər arasında fərq varmı? Bu müddətdə əsasən hansı işlər görülüb?

– Bu yaxınlarda dövlət büdcəsinin müzakirəsi zamanı Balakən əhalisini narahat edən əsas problemləri dilə gətirdim. Adi məişət məsələlərini adətən açıq şəkildə qabartmıram, çalışıram imkan daxilində özüm həll edim. İlk növbədə işsizlik problemi var. Balakənin coğrafi mövqeyi, təbii resursları, dağətəyi rayon olması və inzibati ərazisinin təxminən 60 faizinin dağlıq sahədən ibarət olması burada turizmin ciddi şəkildə inkişafını zəruri edir.

Balakəndə milli qoruqlardan və biosfer ərazilərindən səmərəli istifadə olunmalıdır. Bu baxımdan “Milli qoruqlardan və biosferadan istifadə” haqqında ayrıca qanunun qəbulunu vacib hesab edirəm. Burada respublikanın ən bol sulu şəlalələrindən biri – Katexçay şəlaləsi yerləşir, lakin insanlar ora gedə bilmirlər. Bu qanun qəbul olunsa, turizm marşrutları açıla bilər ki, bu da əhalinin məşğulluq səviyyəsinin artmasına, sosial problemlərin həllinə xidmət edər.

Digər vacib məsələlər, dağ çayları sistemində sahil bərkidici bəndlərin tikilməsi, rayonlarda konsaltinq şirkətlərinin yaradılmasıdır. Hesab edirəm ki, hökumət yerli icra orqanları ilə birlikdə hər bir rayonun sosial iqtisadi inkişafını təmin edəcək proqram hazırlamalıdır. Ümumi yanaşma belə olmalıdır, torpaqlar, əmək resursları, infrastruktur, kommunikasiya xətləri varsa, həmin ərazilər aktiv iqtisadi vəziyyətə gətirilməli, rentabelli olmalıdır. Mərkəzi büdcədən asılılıq minimuma endirilməlidir. Təbii ki, sadaladıqlarım bütün regionlara şamil edilə bilməz.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda icra olunmamış bəzi məsələlər də qalmaqdadır.

Kənd təsərrüfatının inkişafı da əsas problemlər sırasındadır. Azərbaycand aqrar sektorun inkişafı üçün lazım olan münbit torpaqlara, iqlim şəraitinə malik olsa da, məhsuldarlıq arzuolunan səviyyədə deyil. Hesab edirəm ki, ərzaq məhsullarının alışında dövlət, daha çox ölkə daxilində istehsal olunan ərzaq məhsullarına yönəlməlidir. Bir çox nazirliklərdə tender və satınalma əməliyyatları aparılır. Ət, süd, kartof və digər kənd təsərrüfatı məhsullarının xaricdən idxal olunmasından çox, ölkə daxilində istehsalını stimullaşdırmaq lazımdır. Bu sahədə hər rayon üzrə fərdi yanaşma olmalı, elmi, innovativ metodlar tətbiq olunmalıdır. Yerlərdə kənd təsərrüfatı üzrə savadlı kadrların hazırlanmasına ciddi ehtiyac var. Torpaqlar bərəkətlidir, təbiət əlverişlidir, amma məhsuldarlıq aşağıdır. Cənab Prezident tərəfindən subsidiya ayrılır, nəticə isə arzuolunan səviyyədə deyil. Burada hesabatlılıq mexanizmi daha da gücləndirilməlidir.

– Balakən xarici investisiya cəlb edə bilərmi? Bu sahədə təcrübə varmı?

– Balakəndə Avropanın ən böyük və ən zəngin polimetal filiz yataqları mövcuddur. Bu yataqlar ölkə iqtisadiyyatına çox ciddi töhfə verə bilər. SSRİ dövründə burada uzun illər kəşfiyyat işləri aparılıb. Hazırda da hökumət bu istiqamətdə fəaliyyət göstərir. 14 elementdən ibarət polimetal filiz yatağı məlumdur və tərkibində qızıl da var.

– Balakənin təbiəti də gözəldir. Bayram və tətil günlərində Balakəndə, yoxsa xaricdə dincəlməyi üstün tutursunuz?

– Təbii ki, imkan olduqca Balakənə gedirəm. Eyni zamanda respublikanın digər rayonlarında da

oluram. Xaricə əvvəllər daha çox marağım var idi.

– Yol uzaqdır. Nə ilə gedib-gəlirsiniz?

– Əvvəllər qatarla da gedirdim, indi əsasən avtomobillə gedirəm. Təxminən beş saatlıq yoldur. Yollar yaxşı vəziyyətdədir, rahat gedib-gəlmək olur. Şamaxıdan Balakənə qədər yol boyu meşəlikdir, bu yolda darıxmırsan, təbiət çox gözəldir.

– Balakəndə tamamilə boşalmış kənd varmı?

– Yoxdur. Əhalisi nisbətən azalan kəndlər var.

– Bölgənin tarixi qədimdir. Amma Balakəndə bu tarixi tam əks etdirən muzey demək olar ki, yoxdur. Balakən kimi rayonda cəmi iki muzeyin olması sizcə də az deyilmi?

– Məncə bir rayon üçün kifayətdir. Balakəndə vaxtilə çox zəngin tarix-diyarşünaslıq muzeyi olub. Cəbhə hakimiyyəti dövründəki anarxiya və hərc-mərclik nəticəsində muzey dağıdılıb, bir çox eksponatlar məhv edilib. 1996-cı ildə Mədəniyyət Nazirliyindən nümayəndələr gəlib vəziyyəti gördükdən sonra muzeyi ümumiyyətlə ləğv ediblər. Təxminən 150-yə yaxın, o qədər də qiymətli olmayan saxsı qablar və eksponatlar qalmışdı, onlar da Zaqatala Mədəniyyət Şöbəsinə təhvil verildi.

Mən 2000-ci ildə icra başçısı təyin olunandan sonra ilk aylardan muzeyin bərpası üçün ciddi cəhdlər göstərdim. Bildiyiniz kimi, yeni bir idarənin və ya təşkilatın yaradılması üçün altı nazirliyin razılığı və Baş nazirin təsdiqi tələb olunur, amma bağlanması üçün bir nazirin əmri kifayətdir. Dəfələrlə müxtəlif nazirliklərə müraciət etdim. Nazirlər Kabinetindən rəhmətlik Elçin Əfəndiyev dəstək verdi. “Balakən” və “Şən həyat” qəzetlərinin boş qalan redaksiya binalarını daxili imkanlar hesabına təmir etdirdik və həmin binada muzeyin açılışını etdik.

Rayon fəallarını toplayaraq müraciət etdim ki, kimin evində köhnədən qalmış əşyalar və ya eksponatlar varsa, muzeyə bağışlasın. Qısa müddətdə 1000-dən artıq eksponat toplandı. Rəsmi statusu müəyyənləşməsə də, doqquz nəfərdən ibarət kollektiv formalaşdırdıq. Təxminən il yarımdan sonra muzey büdcədən maliyyələşməyə başladı. Daha sonra, tarix-diyarşünaslıq muzeyinin yeni binasını inşa etdik. Hərdən rayonda olarkən, həmin muzeyə baş çəkəndə görürəm ki, eksponatların sayı xeyli artıb və daha böyük muzey binasının tikintisinə zərurət var.

– Balakənin hansı adət-ənənələrini bəyənmirsiniz? Məsələn, toy və yas mərasimləri necə keçirilir?

– Ümumiyyətlə, mən mentalitetimizdə olub inkişafımıza heç bir töhfəsi olmayan adət-ənənələri qəbul etmirəm. Məsələn, Novruz bayramında gənc uşaqların və yeniyetmələrin gecə vaxtı kiminsə evinə papaq atmasını qadağan etmişdim. Atam 1986-cı ildə vəfat edib. 2001-ci ildə onun məzarını yenidən düzəltdirdim. 2 metr 20 santimetrlik başdaşını götürüb, yerinə 50 santimetrlik qara mərmərdən sadə bir başdaşı qoydurtdum ki, insanlar nümunə götürsünlər.

O dövrdə bu, inqilabi addım kimi qəbul olunurdu. İndi isə görürəm ki, bu yanaşma getdikcə yayılır.

Yas mərasimlərindən ümumiyyətlə narazıyam. Balakəndə dünyasını dəyişən şəxs üçün bir həftə səhərdən axşamacan qapılar açıq qalır və kim nə vaxt istəsə gəlir başsağlığı verir. Ev sahibləri, onların yaxınları məcburdurlar ki, həftə ərzində oturub gələnləri qarşılasın. Bəzi yerlərdə artıq inkişaf var, üç gün qəbul edilir. Arzu edərdim ki, yas mərasimləri maksimum sadələşdirilsin. Bu istiqamətdə müəyyən işlər görülür, amma hesab edirəm ki, proses daha da irəli aparılmalıdır.

– Bir qədər əvvəl dediniz ki, buraya gəlməyiniz Allahın yazdığı tale ilə bağlıdır. Dinə münasibətiniz necədir?

– Allaha və Peyğəmbərə inanıram, İslam əxlaqını ən dürüst mədəniyyət hesab edirəm. Amma heç bir halda kiminsə dini inancına müdaxilə etmirəm. Dinə münasibət vicdan məsələsidir və hər bir insanla Allah arasında olmalıdır. Əfsuslar olsun ki, İslam dininindən reklam olaraq, sui-istifadə edən dəllallar çoxdur. Belə yanaşma cəmiyyətdə çaşqınlıq yaradır.

– Balakənin adı bir ara vahabiliklə də birlikdə çəkilirdi…

– Sovetlər İttifaqı dağılandan sonra ideoloji boşluq yarandı və əksər respublikalarda xarici ölkələrdən gələn missionerlər dini təbliğat aparmağa başladılar. O cümlədən bizim ölkəmizdə. 2000-ci illərin əvvəllərində sistemli iş apardıq və praktiki olaraq Balakəndə vahabiliyi aradan qaldırdıq. Çox ciddi maarifləndirmə işləri apardıq. Düzdür, tək-tük də olsa, hələ də bu cərəyanın daşıyıcılarına rast gəlmək olur. Ümumiyyətlə, dini proseslər ölkənin müvafiq strukturları tərəfindən peşəkarcasına diqqətdə saxlanılır. Narahatçılığa ehtiyac yoxdur.

– Qorxmadınız?

– Yox

– Sizin təmsil etdiyiniz bölgədə bu problem hələ də qalırmı?

– Ciddi şəkildə yox. Tək-tük hallar ola bilər, amma radikal formada mövcud deyil.

– Deyilənə görə, bir vaxtlar qardaşınız da bu cərəyanın təsiri altında olub…

– Olub. Amma indi tamamilə fərqli insandır. Kiçik qardaşımı bir vaxtlar yoldan çıxarmışdılar. Artıq 30 ilə yaxındır ki, o və yaşıdları həmin, son dərəcə ziyanlı təriqəti qəbul etmirlər. Bu epizodik məsələdən uzun illər keçməsinə baxmayaraq, bəzi bədxahlar zamanla mənim əleyhimə istifadə edirlər. Anlamırlar ki, Azərbaycan çox da böyük ölkə deyil, hər şey göz qabağındadır, şəffafdır.

– Ölkənin əsas problemlərindən biri də erkən nikah və qohum evlilikləridir. Balakəndə bu hallara rast gəlinirmi?

– Balakəndə qohum evliliklərinə az da olsa rast gəlinib. Ancaq erkən nikah halları bizim bölgəyə xas ənənə deyil.

– Bir az da səhiyyədən danışaq. Balakəndə xəstəxanaya müraciət etmisinizmi? Canınızı yerli həkimlərə etibar edərsinizmi?

– Qardaşımın həyat yoldaşı səhiyyə sahəsində çalışır. Bakıda yaşadığım üçün Balakəndə xəstəxanaya müraciət etməmişəm. Amma səhhətimlə bağlı problem yarananda yoldaşım ilk olaraq məsləhəti məhz qardaşımın həyat yoldaşından alır. Sosial şəbəkələrdən görürəm ki, insanlar Balakən səhiyyəsindən razılıq edirlər.

– Narkomaniya həm Azərbaycanda, həm də dünyada ciddi problemdir. Balakəndə gənclərin bu kimi pis vərdişlərə meyli hansı səviyyədədir?

– Hər yerdə olduğu kimi, burada da var. Bu, çox böyük bəladır. Çalışdığım dövrdə bu məsələyə qarşı ciddi mübarizə aparmışam. Yaxşı ki, xatırlatdınız. Son vəziyyətlə bağlı yaxın vaxtlarda daha ətraflı məlumat almağa çalışacağam.

– Balakən Gürcüstanla sərhəd rayondur, amma Rusiya ilə sərhəd-keçid məntəqəsi yoxdur. Rusiya ilə keçid məntəqəsinin açılması barədə nə düşünürsünüz?

– Birincisi, buna ehtiyac yoxdur. Mən altı ilə yaxın müddətdə həm Rusiya, həm də Gürcüstanla sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın işində iştirak etmişəm. Balakənin mərkəzindən Rusiya sərhədinə qədər təxminən 40 kilometrdir. Yolboyu sıldlrım dağlıq ərazidir. Sərhəddən ilk kəndə çatmaq üçün altı saat atla getmək lazımdır. Qışda bu, ümumiyyətlə mümkün deyil, yayda isə belə bir ehtiyac yoxdur.

– Nəsib müəllim, bəzi bölgələrdə – konkret desək, Naxçıvanda, Qərbi Azərbaycanda, hətta Qarabağ bölgəsində insanlar arasında bir-birinə dayaq olmaq, qohumcanlılıq daha çox müşahidə olunur. Balakəndə belə bir tendensiya varmı?

– Rəhmətlik Telman Adıgözəlov deyirdi ki, yerlibazlıq Balakəndə dörd yüz il əvvəl məhv olub.

– İcra başçısı və deputat olduğunuz dövrdə yaxınlarınız, qohumlarınız sizdən iş xahiş ediblərmi və ya bu yöndə öz təşəbbüsünüz olubmu?

– İş xahişləri təbii ki, olub. Qohumlardan təyin etdiyim insanlar da olub. Amma heç vaxt peşəkar, qabiliyyətli, öz vəzifəsinin öhdəsindən gələn ləyaqətli bir şəxsi çıxarıb, onun yerinə qohumumu təyin etməmişəm.

– Ümumiyyətlə, Balakəndə yaşayan qohumlarınız varmı?

– Yaşayan qohumlarım çoxdur. Amma vəzifədə çalışan yaxın qohumlarım çox azdır. Əksəriyyətinin öz işi var.

– Bəzi bölgələrdə ailə qurarkən eyni rayon və ya yaxın çevrədən olan şəxslərə üstünlük verilir. Balakəndə və sizin ailə mühitinizdə bu cür yanaşma varmı?

– Bizim ailədə bu məsələ bir az fərqlidir. Balakəndə də mütləq öz rayonundan olan biri ilə evlənməlisən kimi bir yanaşma yoxdur. Böyük oğlum balakənli xanımla evlənib. Kiçik oğlum isə dərs dediyi universitetdə bir qızı sevib, bəyənib. O qız bakılıdır. Hələ ailə qurmayıblar, amma yaxın zamanda planlaşdırırlar. Bizim ailədə belə bir prinsip var: Gənclər özləri qərar verməlidirlər, məcburiyyət qəbuledilməzdir.

– Həyat yoldaşınız balakənlidir?

– Bəli.

– Belə bir fikir var ki, balakənlilər sözlərindən dönmürlər. Bu baxımdan ailə həyatında çətinlik olmur?

– Yox. Mən rahat adamam, konfliktli insan deyiləm. Əgər məni inandıra bilərlərsə və səhv etdiyimi görərəmsə, bunu etiraf edərəm. Bilmədiyim mövzuda isə heç vaxt mübahisə etmirəm.

– İki oğlunuz və bir qızınız var. Onlar nə işlə məşğuldurlar?

– Böyük oğlumun öz biznesi var, onu mənim köməyim olmadan qurub. Kiçik oğlum və qızım hərəsi bir universitetdə dərs deyir, pedoqoji fəaliyyətlə məşğuldurlar. Kiçik oğlumun başqa sahələr üzrə də bacarığı var, amma müəllimliyi sevdiyi üçün bu sahəyə baş vurub.

– Sizin fəaliyyət yolunuzu davam etdirmək istəyən varmı?

– Qızım diplomatik sahəyə daha yaxındır. Beynəlxalq münasibətlər sistemini də, təhsil sistemini də çox yaxşı bilir. Respublikada Erasmus proqramı üzrə ən güclü mütəxəssislərdən biridir. Siyasətlə, daha çox şəxsi maraq səviyyəsində məşğul olur.

– Bir çox deputatın icra başçıları ilə münasibətləri gərgin olur. Sizin əvvəlki və yeni təyin olunan icra başçıları ilə münasibətiniz necədir?

– Yeni icra başçısı ilə iki dəfə görüşmüşəm. Yaxşı təəssürat bağışlayıb, ilkin rəyim müsbətdir. Əvvəlki icra başçısı ilə də münasibətlərimiz normal idi. Mənə qarşı diqqətli davranırdı, çox şirindil idi. Düşünürəm ki, indiki icra başçısı daha dürüstdür. Əsas olan da budur.

– Onun apardığı işlərdən xəbərdarsınız?

– Yüz faiz. Mən orada icra başçısı olmuşam.

– Balakən mətbəxindən ən çox sevdiyiniz yeməklər hansılardır?

– Mən xəngəli sevirəm. Amma ümumilikdə Balakən mətbəxində konkret nəyisə seçmirəm. Az yeməyə üstünlük verirəm, mənim üçün əsas meyar yeməyin orqanik olması və təmizlikdir.

– Hobbiləriniz nələrdir?

– Üzgüçülüklə məşğulam. Əvvəllər voleybol oynamışam, ova da gedirdim. Dağ xizəyini çox sevirəm. Müəyyən vaxtlarda qolf da oynayırdım. Dostlarla görüşəndə bəziləri ilə nərd oynayırıq. Hər gün mütləq nəsə oxuyuram.

– Nərdi deputatlarla da oynayırsınız?

– Yox, deputat olmayan dostlarla oynayıram.

– Deputatlarla ümumi münasibətləriniz necədir, xüsusilə icra hakimiyyətindən qanunvericiliyə keçən həmkarlarınızla?

– Mənim müəyyən prinsiplərim var. Bir-iki nəfər istisna olmaqla, hamısı ilə münasibətim normaldır.

– O bir-iki nəfərlə niyə?

– Mən süni, saxta insanlarla ünsiyyət qurmuram. Onların aurasını dərhal hiss edirəm. Mən göründüyüm kimiyəm. Bəziləri vizual olaraq məni özündənrazı hesab edir, amma bu, kökündən yanlışdır. Mənim siyasətçi dostlarım da var, biznesmen dostlarım da, iş adamı, tələbə yoldaşlarım da var. Onların hər biri ilə, özünəməxsus, səmimi, ünsiyyət qururam və dəyərlərim rola görə dəyişmir…