Natiq Ağayevin dindarlarla görüşü

Dindarlarla görüş

“Dövlətlə xalqın birliyi: Balakən Cümə Məscidində görüş”

Bu gün Balakən Cümə Məscidində rayon rəhbəri Natiq Ağayev rayonun din xadimləri və dindarları ilə görüş keçirdi. Görüşdə rayonun müxtəlif bölgələrindən gələn din xadimləri, Dini Komitənin əməkdaşları iştirak edirdi. Qonaqlar əvvəlcə məscid və minarə ilə tanış oldular, daha sonra Balakən qazısı İbrahim İbrahimovun müşayiəti ilə məscidə daxil oldular.

Məsciddə onları gözləyən dindarlarla salamlaşan Natiq Ağayev çıxışına başlayaraq, Balakənin din xadimlərini və dindarlarını görməkdən məmnun olduğunu, belə gözəl insanları və təbiəti olan rayona rəhbər təyin edilməsindən qürur duyduğunu bildirdi. Din xadimləri və tədbir iştirakçıları da rəhbəri “Xoş gəldin” sözləri ilə qarşılayaraq, onun fəaliyyətində uğurlar arzuladılar.

Natiq Ağayev çıxışında vurğuladı ki, görüşün əsas məqsədi insanlarla birbaşa ünsiyyətdə olmaq, onların dərd-sərlərini dinləmək, problemlərin həllinə kömək etmək və dövlətə olan inamı möhkəmləndirməkdir. O, dindarların rayonun nüfuzlu şəxsləri, ağsaqqalları olduğunu qeyd edərək, onların rayon həyatında fəal iştirakını, görülən işlərə münasibət bildirməsini, məsləhət və tövsiyələrini eşitmək istədiyini söylədi.

Rayon rəhbəri qarşıda görüləcək işlərdən danışaraq, elektrik, su və kanalizasiya problemlərinin həlli üçün lazımi materialların və işçi qüvvəsinin artıq gətirildiyini, işlərin bir neçə gün ərzində başlanacağını bildirdi. O, Balakənin strateji mövqeyinə toxunaraq, iki dövlətlə həmsərhəd olan bu bölgədən həm dostun, həm də düşmənin keçdiyini vurğuladı və problemlərin birlikdə həll olunmasının vacibliyini qeyd etdi.

Natiq Ağayev ehsan süfrələrində ifrat və israfın az olduğunu məmnuniyyətlə qeyd etsə də, dilənçilərin, xüsusilə də kiçik yaşlı uşaqların çoxluğundan narahatlığını dilə gətirdi. Onların məktəbə gedib təhsil almalı olduqlarını vurğulayaraq, bu məsələdə maarifləndirici tədbirlərin keçirilməsini zəruri saydı.

Görüş İkindi namazı üçün oxunan azanla sona çatdı. Rayon rəhbəri ayrılarkən növbəti dəfə eyni safda, camaatla birgə namaz qılmaq və yenidən görüşmək arzusunu ifadə etdi.

Ramazan Abal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir