Müəllim Adı – Şərəfin Zirvəsi

Balakən müəllimlər günü tədbiri

Balakəndə 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirildi

“Mən dünyada müəllim adından yüksək, şərəfli ad tanımıram.”

5 Oktyabr – Ümumdünya Müəllimlər Günü dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da böyük ehtiramla qeyd olunur. Müəllimlik peşəsi yalnız bilik vermək deyil, həm də insan yetişdirmək, cəmiyyətin gələcəyini formalaşdırmaq missiyasıdır. Bu müqəddəs peşənin sahiblərinə hörmət və minnətdarlıq ifadə etmək üçün Balakəndə də xüsusi tədbir təşkil olundu.

Tədbir günün ikinci yarısında başladı. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılış edildi. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun müdiri Rauf Əsədov, Balakən Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva, məktəb direktorları, bağça müdirləri, müəllimlər, şagirdlər və şəhid ailələri iştirak edirdilər.

İlk çıxış edən Nəzakət Rüstəmova Balakən təhsilinin uğurlarından söz açaraq, yüksək bal toplayaraq nüfuzlu ali məktəblərə qəbul olan tələbələrin yetişdirilməsində əməyi olan müəllimlərə təşəkkürünü bildirdi. O, həmçinin Balakən RİH başçısı İslam Rzayevin təbriklərini pedaqoji kollektivə çatdırdı.

Ardınca çıxış edən Rauf Əsədov region təhsilindəki inkişafdan danışaraq Balakənin bu uğurlara verdiyi töhfəni vurğuladı. O, Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovanın təbriklərini çatdıraraq müəllimlərə uğurlar arzuladı.

Balakən Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva isə çıxışında müəllimlərin peşəkarlığını, onların yetişdirdiyi şagirdlərin respublika miqyasında göstərdiyi nəticələri qeyd etdi. Bildirdi ki, bu ilki məzunların 50%-dən çoxu ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. O, tədbir iştirakçılarına təşəkkürünü bildirərək, birlikdə Balakən təhsilinin adını daha da yüksəklərə qaldıracaqlarına inandığını vurğuladı.

Tədbirdə şəhid anaları – Zümrüd müəllimə və Tinay müəllimə də çıxış edərək müəllimin el-oba üçün yanan şam olduğunu, bilik ziyası ilə cəhalət qaranlığını aydınlatdığını poetik dillə ifadə etdilər. Onlar şagirdlərinin uğuruna öz övladlarının uğurundan daha çox sevindiklərini qeyd etdilər.

Tədbirə bədii rəng qatan anlar da oldu: məktəb direktorunun öz yazdığı şeirin səsləndirilməsi, şagirdlərin poetik çıxışları və şəhid İbadov Faiqin oğlu İsmixanla şəhid Köklərov Sərxanın qızı Məryəmin birgə rəqsi alqışlarla qarşılandı.

Sonda təhsil sahəsində fərqlənən bir qrup direktor, müəllim və əməkdaş Balakən RİH, Elm və Təhsil Nazirliyi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Balakən Rayon Təhsil Sektoru və ETİHİ Balakən rayon Komitəsi tərəfindən Fəxri Fərmanlarla təltif olundu. Tədbir xatirə fotosu ilə yekunlaşdı.

…və sonda

Balakənin təhsil camiəsi bu bayram günündə bir daha sübut etdi ki, müəllimlik sadəcə peşə deyil – bu, ürəklə seçilən bir missiyadır. Müəllimlərimiz təkcə bilik vermir, həm də şəxsiyyət formalaşdırır, gələcəyin memarlarını yetişdirirlər. Onların əməyi ilə Balakən daha işıqlı, daha savadlı sabahlara doğru addımlayır.

Bu bayram günündə bir daha əmin olduq:

Müəllim – elin nurudur, cəmiyyətin vicdanıdır, gələcəyin yolçusudur.

                                                           Ramazan Abal

Tədbirin fotoları qəzetin facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir