Media nümayəndələri ilə görüş

Media nümayəndələri ilə görüş

“Media ilə rəhbərlik arasında səmimi dialoq”

Balakən Rayon İcra Hakimiyyətində rayon rəhbəri Natiq Ağayevin bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə görüşü keçirildi. Görüşdə qəzet, televiziya, sayt və informasiya agentliklərinin əməkdaşları iştirak edərək, öz sahələrinə aid məsələləri, rastlaşdıqları problemləri və təkliflərini səsləndirdilər.

Uzun illər Balakəndə bir çox  media nümayəndələri tam və ətraflı fəaliyyət göstərə bilmirdi. Bunun səbəbi əvvəlki rəhbərliyin idarəetmədəki səriştəsizliyi və media nümayəndələrinə göstərdiyi münasibətlə bağlı idi. Yeni rəhbərlik isə ilk gündən mətbuatla səmimi münasibət quraraq, dördüncü hakimiyyətin dövlət və cəmiyyət həyatındakı roluna xüsusi diqqət yetirdi.

“Yeni Balakən” qəzeti olaraq biz də həmin tədbirdə iştirak etdik. Rəhbər bizə söz verdikdə, qəzetin redaksiya otağının olmaması və digər problemləri dilə gətirdik. Natiq müəllim məsələlərin müsbət yöndə həll olunacağını bildirdi, qəzetlə bağlı əhəmiyyətli tövsiyələr verdi. Media nümayəndələri də öz sahələrində informasiya təminatında rastlaşdıqları çətinlikləri, irad və təkliflərini səsləndirdilər.

Natiq Ağayev Balakən rayonunda indiyə qədər görülməyən, görülməkdə olan və görüləcək işlərdən danışaraq, bu proseslərin mediada düzgün təqdimatının gələcəkdə işlərin daha asan və keyfiyyətli olmasına, sakinlərin də məlumatlı olmasına xidmət edəcəyini vurğuladı.

Bu sadəcə bir toplantı deyildi, Balakən və bölgədə fəaliyyət göstərən media nümayəndələri üçün bu görüş yeni bir səhifə açdı. Açıq dialoq və rəhbərliyin diqqəti bizə göstərdi ki, bundan sonra bölgənin informasiya təminatı daha güclü və şəffaf olacaq. “Yeni Balakən” qəzeti olaraq biz də bu prosesin önündə dayanaraq, hər bir vətəndaşın səsini eşidilən bir mətbuat orqanı olmağa davam edəcəyik. Görüşün yaratdığı ümid və ruh yüksəkliyi isə bizə gələcəyə daha böyük inamla baxmağa imkan verir.

                                                         Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir