Vətən uğrunda canını fəda edən igid: Faiq İbadovun anım günü keçirildi
Balakən rayonunun Sarıbulaq kəndində doğulmuş və Vətən uğrunda şəhid olmuş Faiq İbadovun xatirəsi bu gün doğma kəndində ehtiramla anıldı.
Faiq İbadov 1993-cü il mayın 31-də Sarıbulaq kəndində dünyaya göz açıb. 1999-2010-cu illərdə M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində təhsil alaraq, gənclik illərini vətənə sevgi ilə yoğrulmuş bir mühitdə keçirmişdir. 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Faiq, 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Faiq İbadov, oktyabrın 1-də qəhrəmancasına şəhid olmuşdur. Doğma Sarıbulaq kəndində torpağa tapşırılan igid əsgər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Ailəli olan Faiq İbadovun bir oğlu — İsmixan yadigar qalmışdır.
Bu gün Sarıbulaq kəndində şəhidin anım günü münasibətilə tədbir keçirildi. Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti, Sarıbulaq kənd tam orta məktəbi, Peşə məktəbi, YAP Balakən rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, rayon polis şöbəsi, din xadimləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları, kənd ictimaiyyəti və şəhid ailələri iştirak etdilər.
Məktəblilər və şəhidin oğlu İsmixan tədbirdə atasına həsr olunmuş şeirlər səsləndirdilər. Qonaqlar çıxış edərək Faiq İbadovun qəhrəmanlığından, onun Vətənə olan sevgisindən və gənclərə örnək olan həyat yolundan danışdılar. Tədbir şəhidin evində keçirilən dini mərasimlə yekunlaşdı.
Ramazan Abal









