Category: Xəbərlər

Qurban Bayramı: Xeyirxahlıq və İnsansevərlik Nümunəsi

1

Hər il olduğu kimi, bu il də Qurban Bayramı paylaşma və mərhəmət ruhu ilə qarşılandı. Bayramın əsas mahiyyəti – ehtiyacı olanlara yardım etmək və birliyin gücünü hiss etdirməkdir.

Hörmətli millət vəkilimiz Nəsib müəllim yalnız bayram günlərində deyil, il boyu xeyirxah əməlləri ilə cəmiyyətə böyük töhfələr verir. Ramazan ayı boyunca təşkil etdiyi iftar süfrələri yüzlərlə insanı bir araya gətirir, birlik və paylaşma ruhunu daha da gücləndirir. O, ehtiyacı olan ailələr üçün ev tikir, kasıb tələbələrin təhsil haqqını ödəyərək onların gələcək uğurlarına dəstək olur.

Bundan əlavə, sağlamlıq problemi yaşayan insanlara yardım əlini uzatmaqla onların müalicə və əməliyyat xərclərini qarşılayır. Onun bu əməlləri cəmiyyətimizdə yardımlaşma və humanizmin dərin köklərə malik olduğunu göstərir.

Qurban Bayramı təkcə dini bayram deyil, həm də insani dəyərlərin ən ali təcəssümüdür. Hörmətli Nəsib müəllimin davamlı xeyirxah əməlləri isə bu dəyərləri yalnız bir gün deyil, hər zaman yaşadır. Hər verilən dəstək, hər uzanan yardım əli, bizə birlik və həmrəylik ruhunu daha dərin hiss etdirir.

Nəsib müəllim bu il də ənənəsinə sadiq qalaraq şəhid ailələrinə, qazilərə və imkansızlara qurban payladı. Onun bu xeyirxah addımı yüzlərlə ailəyə sevinc bəxş etdi, Bayramın ruhunu daha da qüvvətləndirdi.Şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək, qazilərimizin fədakarlığını qiymətləndirmək və ehtiyacı olan insanlara yardım etmək – bizə həmrəylik və birlik hissini yaşadır.

Bu gözəl bayram münasibətilə bir daha hər kəsi paylaşmağa, xeyirxah işlər görməyə təşviq edirik.Hər paylaşılan nemət, hər uzanan yardım əli cəmiyyətimizi daha da gücləndirir, bizə birlik və həmrəylik ruhunu daha dərin yaşamağa kömək edir. Çünki birlikdə daha güclüyük!

5 İyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü

2

5 iyun- bu tarix ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür.Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən «Meliorasiya və İrriqasiya haqqında» Qanunun imzalandığı 5 iyun tarixi münasibəti ilə «Meliorator günü» peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır. Ölkə başçısı su təsərrüfatı və  meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün «Su təsərrüfatı və meliorasiya işçiləri günü» peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır.

5 İyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibətilə Balakəndə tədbir keçirildi.İlk öncə ulu öndər Heydər Əliyevin dağüstü parkdakı abidəsi və Şəhid Xiyabanı çiçəklərlə ziyarət edilərək,şəhidlərimizin və ulu Öndərin ruhundan Fatihə oxundu. Tədbiri rayon rəhbəri İslam Rzayev açaraq Balakəndə çalışan Su təsərrüfatı və Meliorasiya işçilərini 5 İyun peşə bayramları günü münasibətilə təbrik edərək,onların işlərindən razılığını bildirdi.Onlara işlərində uğurlar diləyərək bir qrup işində fərqlənən,aşağıda adları çəkilən işçiləri Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etdi.

1. Nastakalov Eldar İbrahim oğlu – Ekskvatorçu

2.İbrahimov Eşqin Oruc oğlu – Traktorçu

3.Qardaşova Rəfiqə zahid qızı – Nizamlayıcı

4.Əlisgəndərov Yaşar İsfəndiyar oğlu – Nizamlayıcı

5.Gondolov Fərrux Məhəmməd – Usta

6.Xalayev Elxan Nəsrəddin oğlu – Təmirçi çilingər

İslam müəllim Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxs tərəfindən təltif edilən iki işçinin-Cabbarov Əliyar Natiq oğlunun və Muquşov Rəsul Nəcməddin oğlunun “Fəxri Fərman”larını da təqdim etdi.Balakən Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Eldəniz Xudeynatov rayon rəhbərinə və digər qonaqlara bu peşə bayramı günündə onlarla birlikdə olduqlarına görə təşəkker edərək indidən sonra daha da yaxşı çalışacaqlarını,Balakənlilərin xidmətində olacaqlarını bildirdi.

Sonda bu gündən xatirə olaraq foto şəkil çəkdirildi.

Daha bir istedadımız.

1

Bu gün, 1 İyunda daha bir istedadımızı, Rauf Hədisov adına Yeni Şərif kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Xacay Əhmədiyevanı,daha doğrusu onun ilk yazısını təqdim edirəm.Xacayı biz Balakən rayonunda keçirilən tədbirlərdən,tədbirlərin bacarıqlı,qabiliyyətli iştirakçısı olaraq tanıyırıq.O, tədbirlərdə gözəl nitq söyləyir,şeirlər səsləndirir,qəşənq rəqs edir.Bundan əlavə sosial şəbəkə hesabındakı səhifəsində öz “istehsalı” olan qısa film-roliklərlə çıxış edir.Yəni ssenarini özü yazır,özü səhnələşdirir,bütün rolları özü oynayır,özü də telefonu ilə çəkir.Həm senarist,həm rejissor,həm aktyor həm də operatordu.Tək əldə beş barmağın hər barmağında bir mərifət..Xacaydan birində soruşdum ki,gələcəkdə kim olmaq,hansı peşəyə yiyələnmək istərdin?-Jurnalist olmaq istərdim-dedi.Və gördüm ki,Xacay sözün,məntiqin,tərzin,kəlam elminin kökünə enmək istəyir..Doğma Balakənimdə belə düşünən bir istedadın varlığına sevindim və Xacayın bu sahədə ilk addımlarını atmasını,dünən Şərif kəndində açılan park barədə Qabaxçöl sakininin təəssuratını yazmasını,bu yazını da “Yeni Balakən” qəzetində Xacayın ilk yazısı olaraq vermək istədim.(hələ bu yazı ayaqüstü yazılıb)

Ramazan Abal

                                       Mənim parkım
Qabaqçölün Şərif kəndində yeni bir parkın açılışı kənd sakinləri üçün sevindirici bir hadisə oldu. Təzə salınmış bu park, kəndin abadlaşdırılması istiqamətində atılmış mühüm addımlardan biridir. Park müasir tələblərə cavab verən şəkildə dizayn olunub. Burada həm uşaqlar, həm də böyüklər üçün müxtəlif istirahət guşələri yaradılıb. Parkın ərazisində dekorativ ağaclar və gül kolları əkilib. Gecə vaxtı parkın işıqlandırılması xüsusi diqqətlə təşkil olunub. Park ərazisinə çəkilən asfalt yollar və oturacaqlar hər kəsin rahatlığı üçün nəzərdə tutulub. Park kəndin mərkəzinə yaxın yerdə yerləşdiyi üçün əlçatanlığı da yüksəkdir. Açılış mərasimində yerli sakinlərlə yanaşı, icra nümayəndələri də iştirak etdilər. Onlar parkın istifadəyə verilməsini kəndin sosial inkişafı baxımından müsbət dəyərləndirdilər. Sakinlər yeni parkın uşaqlar üçün təhlükəsiz və səmərəli istirahət yeri olduğunu bildirirlər. Park həm də kəndin ümumi görünüşünə gözəllik qatıb. Yaşıllıqlar arasında dincəlmək istəyən hər kəs üçün bu park əvəzsiz məkandır. Yeni park Şərif kəndinin simasını dəyişən, gələcəyə ümid verən bir layihə kimi qiymətləndirilir. Belə təşəbbüslərin davamlı olmasını arzu edirik və parkin salınmasında əsas rol oynayan Qabaxçölün,kəndin xaricdə yaşayan iş adamlarına,zəhməti olan hər kəsə bütün kənd sakinləri adından öz dərin təşəkkürümü bildirirəm!!
Xacay Əhmədiyeva

Bizim istedadlar.

1

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.1 iyun uşaq bayramından yazmayacağam,1 iyunda Balakənimin istedadlı uşaqlarından yazaraq onları tanıtmaq istəyirəm.

Səadət Çerçiyeva Nizami adına Balakən şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir,rus sektorunda oxuyur.Ölkəmizdə keçirilən müsabiqələr adətən azərbaycan dilində olur.Səadət bir çox müsabiqələrdə iştirak edib,iştirak etdiyi müsabiqələrin də qalibidir.Balakəni qürurla təmsil edərək yer tutmuş, rayona yüksək titulla,adla qayıtmışdır.Onun qatıldığı müsabiqələrdən biri,2007-ci ildən hər il 10 mayda Heydər Əliyevin anadan olması münasibətilə təşkil olunan 3 mərhələdən ibarət “Ən yaxşı təqdimat” müsabiqəsidir.Bu il ulu Öndərin anadan olmasının 102-ci illiyinə həsr olunmuş müsabibiqənin 1-ci mərhələsini Balakəndə,2-cini Şəkidə və finalı Bakı şəhərində keçib, yer tutub qalibiyyətlə başa vuran Səadət Çerçiyeva və digər yer tutanların elə Bakı şəhərində Təhsil naziri,YAP sədrinin müavini və digər hörmətli qonaqların iştirakı ilə keçən möbətər tədbirdə təltif və təqdimatları oldu.Səadətin mükafatını və hədiyyəsini MÜTDA-nın rəhbəri Eşqi Bağırov təqdim etdi. Təhsil naziri Emin Əmrullayev,YAP sədrinin müavini Əli Əhmədov və digər hörmətli qonaqlar əlini sıxaraq təbrik etdilər.Əlbəttə onlar da fərqində idilər,təhsilini rus dilində alan Səadət azərbaycan dilində belə mükəmməl təqdimat hazırlamışsa-bu sırf istedaddır…

“Ən yaxşı təqdimat” müsabiqəsi böyük tədbirdir və respublikanın tamamını əhatə edir.Bu istedadların yarışıdır və ordan qalibiyyətlə,diplomla,qiymətli hədiyyə ilə Balakənimə qayıdan Səadət Çerçiyevanı bütün Balakənlilər adından təbrik edir,rayonumuzun adını savadda,bilikdə,istedadda önə çıxardığı üçün təşəkkür edirik.

Balakəndə “Balaca dünyaların böyük bayramı”.

1

Bu gün Balakən rayon Mədəniyyət Mərkəzi, Təhsil Sektoru və Uşaq kitabxana filialının birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Balaca dünyaların böyük bayramı” adlı bayram şənliyi təşkil olunub.

Tədbir çərçivəsində Uşaq kitabxanası tərəfindən maraqlı kitab sərgisi təqdim olunub, Mədəniyyət Mərkəzinin könüllüləri müxtəlif personajlar obrazında uşaqlarla əyləncəli oyunlar keçiriblər, Təhsil Sektorunun hazırladığı musiqili nömrələr isə tədbirə xüsusi rəng qatıb.

Uşaqların sevinci, rəngarəng çıxışlar və səmimi ab-hava tədbiri unudulmaz bayrama çevirib.

Balakən Rayon Mərkəzi Xəstəxanasında 28 May – Müstəqillik Günü qeyd olundu.

2

Balakəndə 28 May-Müstəqillik Günü ilə əlaqədar silisilə tədbirlər keçirildi:Mədəniyyət Mərkəzində,Heydər Əliyev mərkəzində,məktəblərdə o cümlədən də Balakən RMX-da.28 May – Müstəqillik Günü münasibətilə Balakən Rayon Mərkəzi Xəstəxanasında təntənəli tədbir keçirilib. Tədbiri xəstəxananın direktoru Dilbər Quliyeva açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və dövlət müstəqilliyimizin əhəmiyyəti haqqında geniş məlumat verib. O, çıxışında Azərbaycanın suverenliyinin qorunması naminə atılan addımları vurğulayıb, bu əlamətdar günün xalqımızın tarixində mühüm yer tutduğunu qeyd edib.
Daha sonra Balakən Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası adından Burhan Əhmədov çıxış edərək tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib. O, çıxışında 28 May tarixinin xalqımız üçün müstəsna əhəmiyyət daşıdığını, müstəqilliyimizin əldə olunması uğrunda göstərilən mübarizənin bu gün də böyük dəyər kəsb etdiyini bildirib.

Balakən RMX-da quraşdırılan yeni rentgen cihazı və onun pultunun arxasında oturan savadlı həkim vasitəsilə rentgen müayinəsi xidməti tam gücü ilə balakənlilərin istifadəsindədir.

1

Hardasa iki il olardı ki,Balakən RMX-nın açılşından(08.07.2010) bu yana işləyən rentgen aparatı xarab olmuş,işləmirdi.Balakən MRX-ya rentgen müayinəsi ilə əlaqədar çox sayda vətəndaş müraciət edir.Rentgen müayinəsi üçün gələnlərin böyük əksəriyyəti məcburən qonşu rayona göndərilir,az bir hissəsi də hansı ki,yüngül müayinə tələb olunanlar anbarda qalan 70-80-ci illərin portativ kiçik rentgen cihazı ilə müayinə olunurdu.Bu iki ilin hər ayı direktor Dilbər xanım Quliyeva aidiyyatı təşkilatlara məktubla,telefonla müraciət edərək xarab olmuş rentgen cihazının ya təmirini ya da yenisi ilə əvəzlənməsini xahiş və tələb edirdi.Düzdür,aidiyyatı orqanlar təmir məsələsində konkret addım ata bilməsələr də,başqa yerlərin anbarlarındakı işlənmiş cihaz təklif edirdilər.Amma Dilbər xanım səbirli və uzaq görən insandı.O,yaxşı bilir ki,işlənmiş cihazın da sonu yaxın və cari cihazın taleyi ilə bənzər olacaq..

Nəhayət,həqiqətən Balakən səhiyyəsinin təəssübünü çəkən,dövlətin balakənlilərə verdiyi səhiyyə xidmətini ən yüksək səviyyədə təşkil etməyə,çatdırmağa çalışan direktor Dilbər xanımın əzmi sayəsində bu gün Balakən RMX-da ən son texnologiya məhsulu olan digital rentgen cihazı quraşdırılaraq balakənlilərin istifadəsinə verildi,rentgen müayinəsi üçün xidmətə başladı.Yəni rentgenimiz düzəldi,artıq başqa rayonlara getməyə ehtiyac yoxdur.

TƏBİB-dən aldığımız məlumatla onu da öyrəndik ki,Balakən RMX-ya gətirilib quraşdırılan rentgen aparatı bu sahədəki texnologiyanın ən son və üstün modeli olub,respublikada cəmi iki ədəddir.Biri Bakıda “Semaşkoda” digəri isə Balakən RMX-da.Bu xoş xəbəri eşidən rayon sakinləri “Yeni Balakən” qəzeti vasitəsilə TƏBİB-ə təşəkkür edir,rayonun səhiyyəsində xidməti,zəhməti olanlara minnətdarlığını bildirir.Balakənimizə xeyirli,vətəndaşlarımıza şəfa üçün vəsilə olsun.

Bəxtiyar Vahabzadənin 100 illiyi tədbirlərindən.

3

2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli sərancam imzalamışdır:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi fikir xəzinəsinə qiymətli töhfələr bəxş etmiş söz ustası Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Belə məsələlərdə hər zaman öndə və aktiv olan Balakən Uşaq İncəsənət Məktəbi,Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə Şəki şəhərinə Bəxtiyar Vahabzadənin ev muzeyinə ekskursiya təşkil etdi.Ekskursiya konsert tədbirində Balakən UİM müəllim və şagird kollektivi,məktəbin xor kollektivi,xalq çalğı alətləri ansambılı iştirak etdilər.Şairin ev muzeyi,yaradıcılığı ilə tanışlıq,onun oturduğu,yazıb yaratdığı,qonaq qarşıladığı məkanı,ona məxsus şəxsi əşyaları canlı görmək,bütün bunları Bəxtiyar Vahabzadənin 35 illik dostu olmuş Elşən Zəkəriyyəbəylinin dilindən,təqdimatında eşitmək iştirakçılarda xoş təəssuratlar,unudulmaz xatirələr yaratdı.Balakən UİM-nin xor kollektivi və xalq çalğı alətləri ansambılının ev muzeyinin həyətində verdiyi konsert iştirakçılar,şairin qonşuları tərəfindən maraqla,alqışla qarşılandı..

Şairin o kiçicik,xudmani evində yaşadıqlarını,çay qonaqlığını,Bəxtiyar Vahabzadəgilə olan bu şirin ekskursiyanı iştirakşılar həyatın yaşanmış mənalı bir günü olaraq xatırlayacaq,heç zaman unutmayacaqlar.

25 il mədəniyyət sahəsində

2

Bir neçə gün öncə daha bir mədəniyət sahəsində çalışan əməkdaşımız olan,Yeni Şərif Kənd Sənətkarlıq evinin müdiri Həsənova Elmira Rəsul qızının 65 yaşı tamam olraq təqaüdə çıxdı.

Elmira xanım ilk əmək fəaliyyətinə 1980-cı ildə kolxozda başlayıb.1998-ci ildə kolxozda ən son vəzifəzi arxiv müdiri olan Elmira Rəsul qızı 2000-ci ildən Yeni Şərif Sənətkarlıq Evinin müdiri vəzifəsində çalışıb.Bu il 9 mayda 65 yaşı tamam olub avtomatik olaraq təqaüdə çıxan Elmira xanım 25 il mədəniyyət sahəsində çalışıb.Çalışdığı hər yerdə kollektivin hörmətini qazanan Elmira xanım iş yoldaşları,mədəniyyət mərkəzinin nümayəndələri,dostları,qohumlarının da iştirak etdiyi “iş həyatına vida” tədbiri ilə həm 65 illik yubileyi qeyd edildi həm də təqaüdə uğurlandı..

Elmira xanıma uzun ömür,cansağlığı arzu edirik.Ola bilər o işdən gedir amma dostluğumuzda,yoldaşlığımızda,ürəyimizdə qalır.Elmira xanımı indidən sonrakı mədəniyyətimizin bütün tədbirlərinin həm fəxri qonağı,həm də iştirakçısı kimi görmək diləyilə..

65 il şərəfli ömür yolu.

0

20 may, 23 il mədəniyyət sahəsində çalışan,bizim hörmətlimiz Ramazan Çobanovun doğum günüdür.65 yaşı tamam olur.”Balakən” sarayda Ramazan Çobanovun yubiley tədbirindəyik.Mədəniyyət sahəsi elə bir sahədir ki,burda hər şey elə özündən düzəlir: Oxuyanı,ifa edəni,rəqs edəni,masabəyisi,xanəndəsi,ansamblı və sairəsi.Böyük,gözəl tədbirdə rayondakı mədəniyyət müəssisələrinin nümayəndələri, hətta qonşu rayonların mədəniyyət müəssisələrinin rəhbərləri,nümayəndələri də iştirak edirlər.Arzu Ocaqverdiyevin aparıcılığında keçən məclisdə ilk söz Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlova verilir. Emil müəllim Ramazan Çobanov barədə danışaraq onun fəaliyyətini qiymətləndirdi, ona idarə adından “Təşəkkürnamə” və hədiyyə təqdim etdi.Növbə ilə qonaqlar söz dedilər,yubilyarı təbrik edərək ən xoş,səmimi diləklərini çatdırdılar.Tədbir iştirakçıları qabiliyyətli sənətkarlarımızın ifasında gözəl mahnılar,şeirlər dinlədi,rəqs etdilər..

Ramazan Çobanov uzun illər mədəniyyət sahəsində öz dürüstlüyü,bacarığı ilə seçilərək fəaliyyət göstərən nümunəvi biri olaraq hər kəsin hörmətini,sevgisini qazanmış,rayondan kənarda da hörməti olan,xətri sayılan insandır.Ramazan iki oğul atası,dörd nəvə babası,gözəl ailə başçısı,nəsil ağsaqqalıdır.Şərəfli ömür yolu keçən Ramazan Çobanovun həyatdakı dəsti-xətti,ailədə göstərdiyi nümunə bu gün övladlarının,ailə fərdlərinin timsalında,simasında açıq görünür.

Bilirsiz,(müəyyən oliqarxlar xaric) 65 yaş hər yerdə,hər işdə iş fəaliyyətinin son həddi,son yaşıdır.Bu yaşdan sonra təqaüdə çıxılır avtomatik olaraq.Hələ indidən sonra da uzun müddət işləyə biləcək gücə sahib olan Ramazan müəllim,bu gün həm də təqaüdə yola salınır,uğurlanır.Bu da gözəl bir şeydir ki,65-i işdə tamamlayasan və işdən birbaşa təqaüdə çıxasan.Heç də hamıya qismət olmur.Qismətində belə gözəlliklər olanlar xöşbəxt insanlardır..

Yubilyara 100-cü ad gününü görməyi,sağlam,gümrah,ailəsi və sevənləri,dostları ilə birgə qeyd etməyi arzu edirik.Əlbəttə əmək müqaviləsi ilə olmasa da,mənəvi bağlarla səni uzun illər Balakən mədəniyyətində görmək diləyilə..