Category: Xəbərlər

Balakəndə “Əfsanəvi kəşfiyyatçı – türk Harun” kitabının təqdimatı keçirildi

Əfsanəvi kəşfiyyatçı Harun Alqayev
0

Balakən rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi, XTQ baş kəşfiyyatçısı Harun Məhəmməd oğlu Alqayevin anım günü münasibətilə onun qəhrəmanlıq yoluna həsr olunmuş “Əfsanəvi kəşfiyyatçı – türk Harun” adlı kitabın təqdimat mərasimi keçirildi.

Tədbir Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi, Balakən rayon Mədəniyyət Mərkəzi və Talalar kənd Sənətkarlıq Evinin birgə təşkilatçılığı ilə baş tutdu. Mərasimə Bakı şəhərindən dəvət olunmuş qonaqlar, kitabın müəllifləri — filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri Səkinə Bayramova və dosent Yeganə Qəhrəmanova, şəhid ailələri, qazilər, təhsil işçiləri və rayon ictimaiyyəti qatılmışdı.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başladı. Mərasimi Balakən Mədəniyyət Mərkəzinin direktoru, ustad sənətkar Arzu Ocaqverdiyev aparırdı.

Çıxış edənlər — Ağa Ağayev, Hacı Muradov, Harunun valideynləri Məhəmməd ata və Kifayət ana, gəlinbacısı Pirdas xanım, müəlliflər Səkinə Bayramova və Yeganə Qəhrəmanova — Harun Alqayevin igidliyindən, vətənə olan sonsuz sevgisindən və döyüş yolundan danışaraq onun qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu vurğuladılar.

Zaqatala rayonundan gəlmiş şəhid analarının çıxışları tədbirə xüsusi duyğusallıq qatdı. Onlar şəhid övladlarının cismən yoxluğunu mənən varlıqları ilə yaşatdıqlarını ifadə etdilər. Şəhid bacısı Mehparə Murtuzəliyevanın çıxışı isə iştirakçılara duyğulu, həzin anlar yaşatdı.

Harun Alqayevin müəlliməsi olmuş Ayşə Alqayeva çıxışında Harunun hələ məktəb illərində hərbiyə olan marağını xatırlayaraq, onun qəhrəman olacağını öncədən hiss etdiyini bildirdi və belə bir igidin müəllimi olmaqdan qürur duyduğunu söylədi.

Tədbirin bədii hissəsində şəhidin həyatına həsr olunmuş film nümayiş olundu, şeir kompozisiyaları təqdim edildi, vətənpərvərlik ruhunda mahnılar səsləndirildi və “Türk Harun” adlı səhnəcik nümayiş etdirildi.

Bu təqdimat mərasimi bir daha sübut etdi ki, Harun Alqayev kimi igidlərin xatirəsi təkcə ailələrinin deyil, bütün xalqın yaddaşında əbədi yaşayır. “Əfsanəvi kəşfiyyatçı – türk Harun” kitabı onun döyüş yolunu, vətənə olan sevgisini gələcək nəsillərə çatdırmaq üçün yazılmış bir mənəvi körpüdür. Balakən bu gün bir daha öz qəhrəmanına baş əydi, onun ruhunu yaşatdı.

Balakəndə narkomaniyaya və dini radikalizmə qarşı birgə mübarizə: maarifləndirmə tədbiri keçirildi

“Gənclərimizin sağlam gələcəyi naminə birgə addımlar!
0

Oktyabrın 7-də Balakən rayonu N.Davudov adına Şərif 1 saylı kənd tam orta məktəbində narkomaniya,dini radikalizmə və digər zərərli vərdişlərə qarşı mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Tədbir Balakən Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə, Balakən Rayon Təhsil Sektoru, “Balakən rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və din xadimlərinin iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Balakən RİHB-nin birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Turan Dibirov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2025–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. O, proqramdan irəli gələn vəzifələri tədbir iştirakçılarına izah edərək, ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərə dair geniş məlumat verib.

Tədbirdə çıxış edən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, RPŞ-nın Qabaqçöl bölməsi üzrə rəisi Vilayət Allahverdiyev, Təhsil sektorunun müdiri Mehparə Murtuzəliyeva, cərrahiyyə şöbəsinin həkim-narkoloqu Əsgər Axundov, DQİDK-nın Zaqatala bölməsinin məsləhətçisi Ruslan Əfəndiyev və Qabaqçöl qəsəbə məscidinin imamı Ramazan Xutrayev narkomaniyanın fəsadları, onun cəmiyyətə və gənclərə təsiri, eləcə də bu bəla ilə mübarizədə maarifləndirmənin rolu barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda iştirakçılar auditoriyanın suallarını cavablandıraraq, iştirakçılara maarifləndirici bukletlər paylanılıb,gənclərin bu sahədə məlumatlı olmasının vacibliyini vurğulayıblar.

                                                                     Yeni Balakən

Müəllim Adı – Şərəfin Zirvəsi

Balakən müəllimlər günü tədbiri
1

Balakəndə 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirildi

“Mən dünyada müəllim adından yüksək, şərəfli ad tanımıram.”

5 Oktyabr – Ümumdünya Müəllimlər Günü dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da böyük ehtiramla qeyd olunur. Müəllimlik peşəsi yalnız bilik vermək deyil, həm də insan yetişdirmək, cəmiyyətin gələcəyini formalaşdırmaq missiyasıdır. Bu müqəddəs peşənin sahiblərinə hörmət və minnətdarlıq ifadə etmək üçün Balakəndə də xüsusi tədbir təşkil olundu.

Tədbir günün ikinci yarısında başladı. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılış edildi. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun müdiri Rauf Əsədov, Balakən Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva, məktəb direktorları, bağça müdirləri, müəllimlər, şagirdlər və şəhid ailələri iştirak edirdilər.

İlk çıxış edən Nəzakət Rüstəmova Balakən təhsilinin uğurlarından söz açaraq, yüksək bal toplayaraq nüfuzlu ali məktəblərə qəbul olan tələbələrin yetişdirilməsində əməyi olan müəllimlərə təşəkkürünü bildirdi. O, həmçinin Balakən RİH başçısı İslam Rzayevin təbriklərini pedaqoji kollektivə çatdırdı.

Ardınca çıxış edən Rauf Əsədov region təhsilindəki inkişafdan danışaraq Balakənin bu uğurlara verdiyi töhfəni vurğuladı. O, Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovanın təbriklərini çatdıraraq müəllimlərə uğurlar arzuladı.

Balakən Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva isə çıxışında müəllimlərin peşəkarlığını, onların yetişdirdiyi şagirdlərin respublika miqyasında göstərdiyi nəticələri qeyd etdi. Bildirdi ki, bu ilki məzunların 50%-dən çoxu ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. O, tədbir iştirakçılarına təşəkkürünü bildirərək, birlikdə Balakən təhsilinin adını daha da yüksəklərə qaldıracaqlarına inandığını vurğuladı.

Tədbirdə şəhid anaları – Zümrüd müəllimə və Tinay müəllimə də çıxış edərək müəllimin el-oba üçün yanan şam olduğunu, bilik ziyası ilə cəhalət qaranlığını aydınlatdığını poetik dillə ifadə etdilər. Onlar şagirdlərinin uğuruna öz övladlarının uğurundan daha çox sevindiklərini qeyd etdilər.

Tədbirə bədii rəng qatan anlar da oldu: məktəb direktorunun öz yazdığı şeirin səsləndirilməsi, şagirdlərin poetik çıxışları və şəhid İbadov Faiqin oğlu İsmixanla şəhid Köklərov Sərxanın qızı Məryəmin birgə rəqsi alqışlarla qarşılandı.

Sonda təhsil sahəsində fərqlənən bir qrup direktor, müəllim və əməkdaş Balakən RİH, Elm və Təhsil Nazirliyi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Balakən Rayon Təhsil Sektoru və ETİHİ Balakən rayon Komitəsi tərəfindən Fəxri Fərmanlarla təltif olundu. Tədbir xatirə fotosu ilə yekunlaşdı.

…və sonda

Balakənin təhsil camiəsi bu bayram günündə bir daha sübut etdi ki, müəllimlik sadəcə peşə deyil – bu, ürəklə seçilən bir missiyadır. Müəllimlərimiz təkcə bilik vermir, həm də şəxsiyyət formalaşdırır, gələcəyin memarlarını yetişdirirlər. Onların əməyi ilə Balakən daha işıqlı, daha savadlı sabahlara doğru addımlayır.

Bu bayram günündə bir daha əmin olduq:

Müəllim – elin nurudur, cəmiyyətin vicdanıdır, gələcəyin yolçusudur.

                                                           Ramazan Abal

Tədbirin fotoları qəzetin facebook səhifəsində

KONSTİTUSİON VƏ DEMOKRATİK DÖVLƏT DÖRD TƏMƏL ÜZƏRİNDƏ QURULUR: QANUNVERİCİ,İCRAEDİCİ,MƏHKƏMƏ VƏ MÜSTƏQİL MEDİA.

Rüstəm Məlikov
1

Bu təməllərin hər birinin subyekti o dövlətin konstitusiya əsaslı qanunlarıyla fəaliyyət göstərirlər.Ölkəmizdə bu sahədə tək bir çatışmamazlıq vardı; onu da cənab Prezident, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanı ilə aradan qaldırdı.Belə ki,4-cü təməldəki(media) subyektlərin qeydiyyatı 2-ci təməldəki(ədliyyə nazirliyi) subyekti tərəfindən aparılırdı,halbuku bütün təməllər təməl olaraq bərabər hüquqlara malikdirlər konstitusiyanın nəzərində.Birinin digəri üzərində üstünlüyü yoxdur..

Cənab Prezidentin məlum fərmanı ilə hüquqən müstəqil,icrası yönündən Prezidentin nəzarətində olan yep-yeni bir qurum yaradıldı: AZƏRBAYCAN RESPUBLİKASI MEDİA REYESTRİ

Artıq bu gün istənilən audio,vizual,çap,onlayn və sairə media subyektlərinin rəsmi qeydiyyatının aparılması,quruluş və fəaliyyət şəhadətnaməsinin verilməsi AZƏRBAYCAN RESPUBLİKASI MEDİA REYESTRİ tərəfindən həyata keçirilir.Media reyestrinin şəhadətnaməsinə sahib mediya subyekti qanuni və rəsmi media subyekti hesab olunur.

Bütün media subyektlərinin Ədliyyə Nazirliyi tərəfindən olan media qeydiyyatlarına,media təsisçilik hüququ isə mərkəsi icra hakimiyyətinin 10 qurumu istisna olmaqla,digər mərkəzi və yerli icra hakimiyyətlərin təsisçiliyinə ölkə Başçısı,Azərbaycan Respublikası Prezidentinin bir digər sərəncamı ilə xitam verilmişdir.Sənədlərini qaydaya salmaq üçün media quruluşlarına tanınan zaman başa çatmış və bütün media quruluşları AZƏRBAYCAN RESPUBLİKASI  MEDİA REYSTRİ-dən qeydiyyat keçərək şəhadətnamələrini alırlar.Bu gün qeydiyyatdan keçərək şəhadətnaməsini alıb ilk nömrəsi çap olunan Salyanın yeni “ANA KÜRÜM” qəzetidir.”ANA KÜRÜM” Salyanın ilk metbuat vasitəsi,çap mediası, əvvəlki adı “Qələbə” olan qəzətin davamçısı,maddi-mənəvi varisidir.”ANA KÜRÜM”-ün rəsmi media subyekti statusu alması münasibətlə dəyərli həmkarım,dostum ”ANA KÜRÜM” qəzetinin təsisçisi,məsul redaktoru Rüstəm Məlikovu,redaksiya kollektivini təbrik edirəm:

P.S. Salyanın İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilova təşəkkür edirəm,mətbuata,Salyanın mediasına verdiyi dəstəyə,göstərdiyi köməkliyə görə.Darısı bizimkinin başına…

Sarıbulaqda ilk addımlar: Xatirə müəllimənin sinfi dərsə başladı

Məktəbəqədər hazırlıq sinfi
3

Bu gün, oktyabrın 1-i, respublikamızın bütün ümumtəhsil məktəblərində məktəbəqədər hazırlıq siniflərində dərslər başladı. Beş yaşı tamam olmuş balacalar ilk dəfə parta arxasında əyləşdilər — kimisi maraqla, kimisi həyəcanla, kimisi də anasından ayrılmaq istəmədiyindən göz yaşlarıyla. İlk dəfə müəllim qarşısında oturmaq, ilk dəfə “müəllim” sözünü eşitmək, ilk dəfə sinif yoldaşları ilə tanış olmaq — bu gün onların həyatında unudulmaz bir başlanğıc oldu.

Bu başlanğıclardan biri də M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində yaşandı. Baradova Xatirə müəllimənin sinif rəhbəri olduğu məktəbəqədər hazırlıq sinfi bu gün ilk dərsini keçdi. Sinif otağında balacaların maraqlı baxışları, valideynlərin sevinc və həyəcan dolu gözləri, müəllimənin qürurla dolu ürəyi bir araya gəldi. Valideynlər əlindən tutub məktəbə gətirdikləri övladlarının parta arxasında oturuşundan, ilk addımlarından fərəh duyur, gələcək arzularının ilk pilləsinə qədəm qoyduqlarını hiss edirdilər.

Xatirə müəllimə üçün bu gün ikiqat bayram idi. Bu onun müəllimlik həyatında ilk sinifi idi. İllərdir arzuladığı, kəndin balalarına bilik, təlim və tərbiyə vermək istədiyi o müqəddəs an nəhayət gerçəkləşdi. Müəllimlik peşəsinin şərəfini, məsuliyyətini və sevgisini ürəyində daşıyan Xatirə müəllimə bu sinifi öz vəsaiti ilə zövqlə bəzəmiş, balacaları sevgi ilə qarşılamışdı.

Valideynlərin dəstəyi bu uğurun arxasında dayanan ən böyük güc idi. Onlar Xatirə müəllimənin savadına, pedaqoji bacarığına inanaraq təkidlə övladlarının onun sinfində olmasını istəmişdilər. Hətta əgər bu sinif ona verilməzsə, uşaqlarını başqa məktəbə aparacaqlarını bildirmişdilər. Bu həm müəlliməyə olan inamın, həm də təhsilə olan dərin bağlılığın göstəricisi idi.

“Bəziləri”, savadsız və laqeydlər ucbatından peşəkar müəllimlərə sinif verilmirdi. Amma bu gün Sarıbulaqda həm valideynlərin, həm də Xatirə müəllimənin arzuları gerçəkləşdi. Bu sinif — sevgi ilə bəzədilmiş, inamla qurulmuş, gələcəyə ümidlə açılmış bir qapıdır.

Bu günün sevinci, bu sinifin başlanğıcı — gələcəyin uğurlarının müjdəçisidir. Körpə fidanlar Xatirə müəllimənin qayğısı ilə böyüyəcək, məktəbin uğurlarında onun da imzası olacaq. Və bir gün bu balacalar böyüyəndə, ilk müəllimlərini — Xatirə müəlliməni — sevgi ilə xatırlayacaqlar…

                                                                                Ramazan Abal

Balakəndə Neyrocərrahların Regional Toplantısı Keçirildi

Balakəndə Neyrocərrahların Regional Toplantısı Keçirildi
1

27 sentyabr 2025-ci il tarixində Balakən Rayon Mərkəzi Xəstəxanasında Respublika Neyrocərrahiyyə Xəstəxanasının təşəbbüsü ilə “Baş beyin və onurğa beyninin travmatik və damar mənşəli zədələnmələrinin ixtisaslı tibbi yardıma qədər qiymətləndirilməsi” mövzusunda regional toplantı keçirildi.

Tədbirdə Balakən, Zaqatala və Qax rayon mərkəzi xəstəxanalarının həkim-mütəxəssisləri iştirak etdilər. Toplantıdan öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək abidə və məzarlar üzərinə tər çiçəklər qoydular, şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.

Tədbirin Rəsmi Açılışı

Balakən MRX-nın akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başladı. Açılış nitqində xəstəxananın direktoru Dilbər Quliyeva toplantının regional əhəmiyyətini vurğulayaraq bildirdi:

“Regional toplantı bölgədə fəaliyyət göstərən həkim-mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması, yeni biliklərin əldə olunması və müasir yanaşmaların tətbiqi baxımından geniş imkanlar yaradır.”

Elmi Məruzələr və Təqdimatlar

Toplantı çərçivəsində Respublika Neyrocərrahiyyə Xəstəxanasının aparıcı həkimləri aşağıdakı mövzularda məruzələrlə çıxış etdilər:

Azər Zeynalov — Kəllə-beyin travmaları

Anar Abbasov — Onurğa beyin travmaları

Elşən Hüseynzadə — Baş beyin qansızmaları

Rafael Bayramov — Uşaq baş beyin patologiyaları

Səbinə Rəhimova (reanimatoloq) — Reanimasiya tədbirləri

 Fikir Mübadiləsi və Suallar

Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı, həkimlər arasında elmi fikir mübadiləsi aparıldı. Toplantı bölgədə neyrocərrahiyyə sahəsində biliklərin artırılması və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirildi.

                                                                                                     Yeni Balakən

Balakəndə  Anım Gününün beşinci ildönümü qeyd olundu.

Anım günü
1

Anım Günü ilə əlaqədar sentyabrın 27-də Balakən rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.  Anım Gününün beşinci ildönümünə həsr edilən ümumrayon tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH-nin məsul şəxsləri,YAP Balakən rayon təşkilatı,siyasi rəhbər Azad Balayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Anım günü ilə əlaqədar olaraq ağacəkmə aksiyası həyata keçirilib.Rayonun Qazbinə,Katex ərazilərində yol kənarlarındakı sahələrə şam ağacları əkilib.Sonra  Balakən şəhərindəki Şəhidlər Xiyabanı ziyarət edilib. Şəhidlərimizin məzarlarına tər gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Daha sonra tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş sərgi ilə tanış olublar.  Ümumrayon tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.  Balakən şəhidlərinə həsr edilmiş film nümayiş etdirilib.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bildirib ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan ordusunun misilsiz fədakarlığı, yüksək peşəkarlığı və əzmi nəticəsində mümkün olub. Bu müharibədə Azərbaycan əsgəri dünya hərb tarixinə qəhrəmanlıq nümunəsi yazdı. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımız daim xalqımızın qəlbində yaşayacaqdır. 27 sentyabr Anım Gününün xalqımız üçün milli birlik rəmzi olduğunu qeyd edən rayon rəhbəri vətənpərvərlik ruhunun gənc nəsillərə ötürülməsinin vacibliyini, milli həmrəyliyin və birliyin xalqımızın qüdrətinin əsas dayağı olduğunu diqqətə çatdırıb, müqəddəs şəhidlərimizin canlarını fəda etdikləri torpaqlarda aparılan böyük quruculuq işlərindən bəhs edib.      

Tədbirdə şəhid anası Gülşən Kərimova, şəhid atası Şəmsəddin Tuhumov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Cavanşir İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramazan Xutra çıxış edərək Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin daim hörmət və ehtiramla yad olunacağını qeyd ediblər. Torpaqlarımızın işğaldan azad edilməsi zamanı hərbçilərimizin keçdikləri şərəfli döyüş yolundan bəhs edən çıxışçılar, həmçinin, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbir çərçivəsində vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, şeirlər ifa olunub və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

                                                                                   Yeni Balakən

Balakəndə Təhsilin Təhlükəsizliyi Üzrə Səmimi Görüş: Direktorlar, Rəhbərlər və Polis Bir Arada.

Təhsildə görüş
1

Ölkəmizin bir çox yerində yeni dərs ili bir sıra narahat edici hadisələrlə başlayır.Bu barədə sosial şəbəkələrdə,televiziyada müəyyən görüntüləri də izləyirik.Balakəndə  belə hadisələrə qarşı qabaqlayıc,maarifləndirici işlər aparılır,tədbirlər görülür.Bu mövzuda bu gün Balakən rayonunda,Təhsil sektorunun inzibati binasında Balakən Polis Şöbəsinin,şöbənin rəisi Çingiz Aslanovun təşkilatçılığı,Balakən İcra Hakimiyyətinin başçısı İslam Rzayevin,rayon prokuroru Camal Bağırovun,təhsil sektorunun müdiri Mehparə Murtuzəliyevanın iştirakıyla Balakən rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirildi

“Balakən təhsili bizim qürurumuzdur” — İslam Rzayev.

Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tədbiri açaraq təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik etdi, rayon təhsilinin uğurlarından danışaraq hər zaman Balakən təhsilinin belə xoş xəbərlərini eşitmək,yüksək nəticələrini görmək istədiyini bildirdi.Rəhbər onu da qeyd etdi ki, Balakən rayonu ən çox generalı,Vətən Müharibəsi Qəhrəmanı olan rayondur..Sonra sözü rayon polis şöbəsinin rəisi Çingiz Aslanova verdi.

“Biz bu halların Balakəndə baş verməsinə imkan verməyəcəyik” — Çingiz Aslanov.

Çingiz müəllim çıxışında respublikada bəzi rayonların məktəblərində baş verən,sosial şəbəkələrdə görüntüləri yayılmış  xöş olmayan hadisələr barədə geniş,ətraflı məlumat verdi.Balakən Polis Şöbəsinin belə bir görüşü,tədbiri təşkil etməsində məqsədinin də məhz belə hadisələrin Balakəndə baş verməməsi,qarsının alınması,qabaqlayıcı tədbirlərin görülməsi,məktəb polis əlaqələrinin gücləndirmək,məsələni qarşılıqlı olaraq daim diqqətdə,nəzarətdə saxlamaqdır.Çingiz Aslanov onu da vurğuladı ki,Balakənlilər dövlətə,dövlətçiliyə sədaqətlidirlər.Rəis çıxışında Polis Akademiyasından,bu il Polis Akademiyasına qəbulda Balakənli məzunların göstərdiyi həm kəmiyyətcə həm də keyfiyyətcə yüksək nəticələrdən bəhs etdi.Çingiz müəllim onu da qeyd etdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Daanov Canpolad Alı oğlu Balakənlidir, Balakən şəhər Amin Novruzov adına Humanitar və texniki fənlər təmayüllü liseyin məzunu olub.

“Haqqın pozulmasına göz yummarıq” — Camal Bağırov.

Rayon prokuroru Camal Bağırov çıxış edərək Balakən prokurorluğunun da belə məsələlərdə həssas olduğunu,Azərbaycan Respublikasının vətəndaşlarının konstitusion haqlarının,həmçinin təhsil alma haqlarının pozulmamasını diqqətdə saxlayır,haqq və hüquq pozuntularına qarşı ciddi mübarizə apardıqlarını bildirdi.

“Bu tədbir yerində və vacib idi” — Mehparə Murtuzəliyeva.

Tehsil sektorunun müdiri Mehparə Murtuzəliyeva qonaqlara belə gözəl tədbirin təşkili və iştiraklarından dolayı təşəkkür etdi,yerində bir tədbir olduğunu,məktəblərin istənilən neqativ hallara qarşı polis təşkilatıyla birgə mübarizə aparacaqlarını bildirdi.

Rayon rəhbəri İslam Rzayev,polis rəisi Çingiz Aslanov ciddi nizam intizama malik məktəblərə misal çəkərkən birinci Nizami Gəncəvi adına Balakən şəhər 1 saylı tam orta məktəbi nümunə göstərərək,məktəbin direktoru Şəfiqə Tütünçüyevadan,onun fəaliyyətindən razılıqlarını bildirdilər.

Tədbirdə polis şöbəsi tərəfindən hazırlanmış maarifləndirici videoçarxlar nümayiş etdirildi.Tədbir aşağıdakı mövzuları əhatə edirdi.Mövzular konkret və hədəfli idi:

•             Qadağan olunmuş əşyaların məktəblərə gətirilməsi

•             Erkən nikah və sosial şəbəkə riskləri

•             Hüquqazidd davranışların RPŞ-yə ötürülməsi

•             Məktəb ərazisinə kənar şəxslərin girişinə nəzarət

•             Nəzarətsiz sahələrə diqqətin artırılması

•             Müşahidə kameralarının quraşdırılması

•             Təhsildən yayınan şagirdlərin evlərdə araşdırılması

•             Risq qrupuna daxil olan şagirdlərin nəzarətə götürülməsi

•             Kriminal aləmə meyilli davranışların aşkarlanması

Təhsil təkcə öyrətmək deyil, qorumaqdır.

Balakəndə keçirilən bu tədbir bir daha göstərdi ki, təhsil təkcə dərs proqramı ilə məhdudlaşmır. O, gənclərin təhlükəsizliyi, hüquqlarının qorunması və sağlam gələcəyinin təminatıdır. Polis, prokurorluq, icra hakimiyyəti və təhsil sektoru bir masa ətrafında toplaşaraq bu məsuliyyəti bölüşdülər.

Bu görüş — sadəcə bir tədbir deyil, bir çağırışdır. Çağırış o valideynədir ki, övladının davranışına biganə qalmasın. Çağırış o müəllimədir ki, sinifdəki hər baxışın arxasında bir hekayə olduğunu unutmasın. Çağırış o cəmiyyətədir ki, gənclərin gələcəyinə sahib çıxsın…

                                                                                    Ramazan Abal

“44 Günlük Savaşda Balakən Fədailəri” – Qəhrəmanlıqla dolu bir kitabın təqdimatı

“44 Günlük Savaşda Balakən Fəailəri”
0

Bu gün Balakən Mədəniyyət Mərkəzi daha bir mənalı tədbirə ev sahibliyi etdi. Birinci Qarabağ müharibəsinin iştirakçısı, hərbiçi mayor Şaban Daşdəmirovun qələmindən çıxan “44 Günlük Savaşda Balakən Fədailəri” adlı kitabın təqdimat mərasimi keçirildi.

Tədbirdə şəhid ailələri, qazilər, Qarabağ müharibəsi veteranları, Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil və digər sahələrdən qonaqlar iştirak etdilər. Kitaba önsöz yazan tanınmış tarixçi alim Akif Məmmədlinin çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Digər natiqlər də kitabın məzmunu, mövzunun əhəmiyyəti və müəllifin yaradıcılığı haqqında geniş çıxışlar etdilər.

Kitab Mingəçevir Poliqrafiya Mərkəzində çap olunmuş, yüksək zövqlə hazırlanmışdır. Təcrübəli dizayner Rübabə xanımın dizaynı və müəllifin ideyası əsasında ərsəyə gələn bu nəşrdə 44 günlük Vətən müharibəsində igidlik göstərərək canlarını fəda etmiş Balakənli şəhidlərin hər birinin rəngli fotosu, bioqrafik məlumatı və müəllifin onlar üçün yazdığı şeirlər yer alır. Bu kitab yalnız bir nəşr deyil – o, həm də bir xatirə, bir tarix, bir vəfa nümunəsidir.

Qələm sahibi Şaban Daşdəmirov – yazarlıq sahəsində “Şaban Abdulla” imzası ilə tanınan – bu əsəri ilə həm öz yaradıcılıq gücünü, həm də vətənə olan sevgisini bir daha sübut etmişdir. Ona yeni-yeni əsərlər yazmağı, yaradıcılığında uğurlar və ilham arzulayırıq.

                                                    Yeni Balakən

“Şəhidlik zirvəsi – Vətənə sevgidən doğan qürur”.

tədbir
0

23 sentyabr 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə, “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində “Şəhidlik zirvəsi – Vətənə sevgidən doğan qürur” adlı ədəbi-bədii kompozisiya təşkil olundu.

Tədbirdə mədəniyyət işçiləri, Birinci və İkinci Qarabağ müharibəsi şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Mədəniyyət Mərkəzinin foyesində Mərkəzi Kitabxananın hazırladığı kitab sərgisi, eləcə də Mədəniyyət Mərkəzinin filialları və İncəsənət məktəbinin təşkil etdiyi rəsm sərgisi iştirakçıların diqqətinə təqdim olunub.

Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Çıxış edənlər arasında Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə baş məsləhətçisi Ş.Hacıyeva, RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri A.Ağayev, şəhid anaları G.Kərimova və A.Bayramova, Vətən müharibəsi qazisi, ehtiyatda olan baş leytenant H.Muradov, Vətən müharibəsi iştirakçısı, Tarix- diyarşünaslıq muzeyinin direktoru T.Musayev və şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü R.Xutra olub. Onlar çıxışlarında bu günün həm kədər, həm də qürur günü olduğunu vurğulayaraq, kədərin itirilən övladlar, qardaşlar və dostlarla, qürurun isə onların göstərdiyi igidlik, fədakarlıq və Vətən sevgisi ilə bağlı olduğunu bildiriblər.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin hazırladığı vətənpərvərlik mövzusunda şeirlər ifa edilib, musiqi nömrələri və xoreoqrafik rəqs nümunələri nümayiş olunub.

     Zöhrə Bakeyeva