Category: Xəbərlər

“BALACANS” MMC ilə tanışlıq

"BALACANS" MMC İLƏ TANIŞLIQ
0

“BALACANS” MMC-də yeni inkişaf mərhələsi: Rayon rəhbəri Natiq Ağayev istehsal prosesi ilə tanış oldu

Balakən rayonunun sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl addımlar atan rayon rəhbəri Natiq Ağayevin tanışlıq səfərləri davam edir. Bu dəfəki səfər “BALACANS” Məhdud Məsuliyyətli Cəmiyyətinə yönəldi. Səfərin məqsədi müəssisənin istehsal potensialı, əməkdaşlıq imkanları və gələcək planları ilə yaxından tanışlıq idi.

Tanışlıq görüşü müəssisənin rəhbəri Abdulqədir Əli oğlu Ansuski ilə başladı. İlk dayanacaq isə “BALACANS” MMC-nin nəzdində fəaliyyət göstərən və bir sıra respublika əhəmiyyətli tədbirlərə ev sahibliyi etmiş Heydər Əliyev Mərkəzi oldu. Mərkəzin fəaliyyəti, burada yaradılan şərait və ictimai əhəmiyyətli təşəbbüslər rayon rəhbəri tərəfindən yüksək qiymətləndirildi.

Daha sonra Natiq Ağayev müəssisənin istehsal sahələrini və sexlərini gəzərək burada istehsal olunan məhsullarla yaxından tanış oldu. Müəssisə rəhbəri Abdulqədir Ansuski tərəfindən təqdim olunan məlumatlar çərçivəsində “BALACANS”ın ortaqları, əməkdaşlıq etdiyi beynəlxalq brendlər, mövsümi və daimi istehsal prosesləri, eləcə də gələcək inkişaf planları barədə geniş təqdimat keçirildi.

Rayon rəhbəri müəssisədə yaradılan müasir infrastruktur, iş şəraiti və texnoloji imkanları yüksək qiymətləndirərək bir sıra tövsiyələrini bildirdi. O, Balakən üçün vacib olan sahələrin məhz bu kimi müəssisələrdə inkişaf etdirilməsinin mümkünlüyünü vurğuladı və bununla da yerli əhalinin işlə təmin olunması baxımından əhəmiyyətli addım ola biləcəyini qeyd etdi.

Görüşün sonunda onu demək olar ki, “BALACANS” MMC Balakənin iqtisadi həyatında öz dəsti-xətti ilə seçilən, dinamik fəaliyyəti ilə rayonun rifahına töhfə verən aparıcı müəssisələrdən biridir. Müəssisənin yaxın gələcəkdə daha böyük layihələrə imza atacağı və Balakənin inkişafında mühüm rol oynayacağı gözlənilir.

Bu inkişafın arxasında isə güclü siyasi və idarəetmə dəstəyi dayanır. Belə ki, cənab Prezidentin 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə rayonda yeni idarəetmə mühiti formalaşdırılıb və bu mühit sahibkarlığın, innovasiyanın və əmək bazarının inkişafına tam dəstək verir.

Yeni Balakən adından cənab Prezidentə təşəkkürümüzü bildirir, rayon rəhbəri Natiq Ağayevə, “BALACANS” MMC-yə və onun fədakar rəhbəri Abdulqədir Əli oğlu Ansuskiyə uğurlar arzulayırıq.

“Artıq əngəl yoxdur. Tam dəstək var.” — Natiq Ağayev.

Yeni Balakən


P.S.Natiq Ağayev heç zaman Balakəndə olmamış,cəmi 65 gündür Balakəndədir.Əli Ansuski nəinki Balakəndə,Azərbaycanda,keçmiş SSRİ məkanında tanınmış insan idi.Bunu Balakənlilər yaxşı bilirlər.Müəssisədə görüş zamanı Natiq müəllim haqlı və yumuşaq bir irad bildirdi ki,-Necə olur,belə tanınmış,hörmətli,böyük insan haqda kiçik bir guşə,məlumat yoxdur indiyəcən?..Haqlıydı.Natiq müəllimin üzünü heç görmədiyi Balakənin tanınmış,hörmətli insanlarına olan diqqətinə də baxın,15 il İslam Rzayevin hər “tapşırığına”-baş üstə,İslam müəllim-deyib quyruq bulayan bəzi Balakənlilərin (hansı ki,onların bir çoxunun özlərinə,bir çoxunun da dədələrinə Əli Axsuskinin yaxşılığı dəyib) nankorluğuna da.

İranda xaos Azərbaycanın qapısına dayana bilər

Xocalım qətliamı unudulmur,unudulmayacaq
0

İranda son günlər müşahidə olunan genişmiqyaslı etiraz aksiyaları region ölkələrində ciddi narahatlıq doğurur. Xüsusilə bu proseslərin mümkün nəticələri Azərbaycan üçün həm humanitar, həm də təhlükəsizlik baxımından diqqətlə izlənilir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev yenibalaken.az-a müsahibəsində mövcud vəziyyətin səbəbləri və riskləri barədə fikirlərini bölüşüb.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, İranda etiraz mitinqlərinin miqyasının daha da böyüməsi 46 illik antibəşəri, antiislami və antiinsani molla rejiminin “fəaliyyətinin” nəticəsidir:

“21-ci əsrdə orta əsrlərə məxsus təfəkkürlə, vəhşi metodlarla dövləti idarə etmək olmaz. Yeni gələn nəsillər artıq geri zəkalı mollaların uydurduqları nağıllara inanmır, normal yaşamaq, minimum ehtiyaclarını ödəmək istəyirlər. İranda vəziyyətin gərginləşməsi region ölkələri üçün, xüsusilə Azərbaycan üçün konkret risklər yaradır. Nəzərə almaq lazımdır ki, bu ölkədə müxtəlif hesablamalara görə 30–35 milyon soydaşımız yaşayır. Təbii olaraq, onların taleyi hər birimizi narahat edir və buna soyuqqanlı yanaşmamız mümkün deyil. Allah eləməmiş, İran kütləvi şəkildə bombardmana məruz qalarsa, güneylilərdən bir milyonunun ölkəmizə pənah gətirməsi bizim üçün sosial fəlakət deməkdir”.

Millət vəkilinin sözlərinə görə, hökumətin dəqiq uzaqgörənliklə şimaldan və cənubdan quru sərhədlərin bağlı saxlanılması barədə qərarı hazırkı şəraitdə özünü tam doğruldur:

“Ancaq hər bir müharibə özünəməxsus spesifik xüsusiyyətləri ilə seçilir. Gözlənilməz sürprizlər baş verə bilər. Heç kim zəmanət verə bilməz ki, fövqəladə vəziyyət yaranarsa, sərhədlərimiz tam toxunulmaz olacaq. Qarşıdurmanın və xaosun uzanması ilk növbədə yeni qanların tökülməsi, minlərlə ailənin faciəsi, eyni zamanda İran molla rejiminin süqutu və dövlətin çöküşü deməkdir. Hətta hadisələr idarəolunmaz hala gələrək İranın parçalanmasına da gətirib çıxara bilər. Baxmayaraq ki, İranın parçalanmasında qlobal güclərin heç biri maraqlı deyil”.

Deputat qeyd edib ki, paradoksal səslənsə də, molla rejiminin xaricdən təyin olunmuş hansısa marionet qüvvə ilə əvəzlənməsi Azərbaycanın maraqlarına uyğun deyil:

“Bu baş verərsə, Venesueladan sonra İran kimi zəngin bir ölkənin təbii resurslarının konkret qüvvələrin əlində cəmlənməsi iqtisadiyyatımız üçün ciddi təhdid yarada bilər. Eyni zamanda Orta Dəhlizin əsas hissəsinin İran ərazisindən keçməsi də əlavə problemlər formalaşdırar”.

Nəsib Məhəməliyev hesab edir ki, vəziyyətdən çıxış yolu İran rəhbərliyinin real addımlar atmasından keçir:

“Yaxşı olardı ki, İranın dini lideri Xamenei reallıq hissini itirməsin, etirazçıların edam edilməsini dayandırsın, analoqu olmayan paralel idarəçilik sistemindən imtina etsin və hakimiyyəti xalq tərəfindən seçilmiş legitim prezident Məsud Pezeşkiana təhvil versin. Bu gün bunlar təcili şəkildə edilməzsə, sabah gec olacaq”.

                                 Nəsib Məhəməliyev Milli Məclisin deputatı

Qazma kəndində səyyar qəbul

Qazmada səyyar qəbul 150126
0

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qazma kəndində sakinlərin müraciətlərini dinləyib

2026-cı il yanvar ayının 15-də rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Qazma kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib. Balakən rayonunda icra olunan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.

Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bəşir İbrahimov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə, həmçinin  son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məlumat verib.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Kənd sakinləri Şambulbinə kənd tam orta ümumtəhsil məktəbi üçün yeni binanın tikilməsi, kənddaxili yolların asfaltlanması, həmçinin cari təmir işlərinin aparılması, marşurut dayanacaqlarının quraşdırılması və digər məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.

Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.

                                                                                       Yeni Balakən

Daha bir həyat xilas olundu

Daha bir həyat xilas olundu
0

Balakən Rayon Mərkəzi Xəstəxanasında həkimlərin yüksək peşəkarlığı və keyfiyyətli tibbi xidmətləri sayəsində daha bir pasiyentin həyatı xilas edilib.

31.12.2025-ci il tarixində 1978-ci il təvəllüdlü qadın pasiyent çox ağır vəziyyətdə, “uşaqlığın və uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması” diaqnozu ilə, cəmi 8% qan göstəricisi ilə Xəstəxananın Təcili Tibbi Yardım şöbəsinə daxil olub.Dərhal təcili müayinə aparılıb, ilkin tibbi müdaxilələr həyata keçirilib və vəziyyəti stabilləşdirildikdən sonra bir neçə gün ərzində intensiv müalicə aparılaraq əməliyyata hazırlanıb.

11.01.2026-cı il tarixində həyata keçirilən cərrahi əməliyyat uğurla başa çatıb. Əməliyyatdan sonra bir müddət Reanimasiya şöbəsində müalicə alan pasiyentin vəziyyəti qənaətbəxş hesab edildikdən sonra Ginekologiya şöbəsinə köçürülüb.

Həkimlərimizin fədakar əməyi, peşəkar yanaşması və komanda işi nəticəsində pasiyentimizin həyatı xilas edilib. Hər bir xəstə bizim üçün bir ümiddir, bir məsuliyyətdir və insan həyatına verilən ən ali dəyərdir.

                                                                                                        Yeni Balakən

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev İtitala kəndində sakinlərlə görüşüb

İtitalada qəbul
0

2026-cı il yanvar ayının 13-də rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev İtitala kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib. Balakən rayonunda icra olunan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndə German Balayev çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə, həmçinin son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məlumat verib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Kənd sakinləri qaz sayğacının quraşdırılması, ünvanlı sosial yardımın ayrılması, yeni qoyulmuş elektrik transformatorunun şəbəkəyə qoşulması, kənd məktəbinin qarşısındakı ağacın budanması və digər məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.
Yeni Balakən

Azərbaycanın enerji siyasətində əsaslı dönüş

Müsahibə
0

Dünyada ekoloji tarazlığın pozulduğu, qlobal istiləşməyə səbəb olan amillərin, istixana qazlarının atmosferə buraxılmasının artdığı, meşələrin qırılma və ya yanma prosesinin sürətləndiyi bir dövrdə alternativ enerji mənbərləri, xüsusilə də “yaşıl enerji”dən istifadə və onun tətbiqinin prosesinin genişləndirilməsi günümüzdə ən aktual məsələlərdən biridir. Bəşəriyyətə, ümumən ətraf mühitə xeyir verə biləcək bütün müsbət təşəbbüslər və addımlarda öndə olan Azərbaycan bu istiqamətdə də öz fəallığı ilə seçilir. Artıq bir neçə ildir ki, ölkəmiz alternativ enerji mənbələrinin, xüsusilə də “yaşıl enerji”nin inkişaf etdirilməsini qarşıya əsas vəzifə qoyub. Hətta bu istiqamətdə ötən müddət ərzində təqdirəlayiq addımlar da atılıb. İstər paytaxtda, istərsə də bölgələrdə, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji”nin inkişaf etdirilməsi istiqamətində atılan addımlar deyilənlərin təsdiqidir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı da ölkəmizin enerji sisteminin alternativ mənbələr, xüsusilə də “yaşıl enerji” hesabına təmin edilməsinin qarşıya başlıca məqsəd kimi qoyulduğunu bir daha sübuta yetirir. Bu həm də ortaya qoyulan iradə və hədəfin reallşadırılması istiqamətində mühüm addımların atıldığının təsdiqidir.

Qeyd etdiyimiz kimi yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə ölkənin enerji sahəsində strateji əhəmiyyət kəsb edən bir layihənin — 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu.

Məlumat üçün qeyd edim ki, 240 MVt gücündə olan bu külək elektrik stansiyasını yalnız böyük gücə malik obyekt kimi xarakterizə etmək doğru yanaşma olmazdı. Bu həm də Azərbaycanın bərpaolunan enerji sektorunda atmış olduğu növbəti strateji addımdir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ilə ölkə enerji sisteminin strukturuna yaşıl enerji mənbələrinin inteqrasiyası daha da güclənir, enerji təchizatında diversifikasiya təmin olunur və karbon emissiyalarının azalmasına töhfə verilir.

Bu, həm də enerji təhlükəsizliyi və enerji siyasətimizin şaxələndirilməsi deməkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də çıxışında bu məqama diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, bu layihə ölkənin enerji təhlükəsizliyini daha da möhkəmləndirir və enerji resurslarının əldə olunmasında yeni imkanlar yaradır. Artan generasiya gücü Azərbaycanı daha dayanıqlı enerji ölkəsinə çevirir və gələcəkdə enerjinin ixracını artırmağa şərait yaradır.

Azərbaycan alternativ enerji mənbələri, “yaşıl enerji”nin inkişaf etdirilməsini əsas prioritet kimi qarşıya məqsəd qoyduğundan yalnız “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ilə işini tamamlamış hesab etmir. Qeyd etdiyimiz kimi qlobal miqyasda cərəyan edən proseslər, ekoloji tarazlığın pozulması ölkəmizin alternativ enerji mənbələrindən daha çox istifadə etməsini zərurətə çevirir. Bu kimi layihələrin həyata keçirilməsinin davamlı xarakter alacağı əminliyi yaradır. Elə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı Cənab Prezident də bunu aydın şəkildə ifadə etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan yalnız bu layihə ilə kifayətlənməyəcək. Ölkədə bərpaolunan enerji potensialı daha da genişləndirilməli, yeni generasiya gücləri əlavə edilməlidir. Bu çərçivədə 6 GW-a qədər külək və günəş enerjisi gücünün 2030-cu ilədək yaradılması, 2032-ci ilədək isə bu rəqəmin 8 GW-a çatdırılması planlaşdırılır ki, bu da ölkənin enerji təhlükəsizliyi və ixrac potensialını daha da artıracaq.

Göründüyü kimi Azərbaycan enerji siyasətində əsaslı dönüş edir. Bu dönüş həm də enerji sistemində struktur dəyişiklik və innovativ təşəbbüslərin davamıdır. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı enerji təhlükəsizliyinin artırılması, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və ölkənin davamlı inkişaf hədəflərinə çatması istiqamətində mühüm addımdır.

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı.

2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Balakən Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib

Hesabat
0

Yanvarın ayının 12-də rayon icra hakimiyyətinin inzibati binasında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Balakən Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev,  RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri,şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev yola saldığımız ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən danışıb. Bildirilib ki, ötən il bizim üçün ən mühüm hadisə Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlənilən sülh istiqamətində müsbət nəticələrin əldə edilməsi olub. 2025-ci il dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunması, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün böyük təntənə ilə qeyd edilməsi ilə əlamətdar olub. Eyni zamanda RİH başçısı ötən il sosial-iqtisadi sahədə Balakən rayonunda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, Balakən Rayon Statistika İdarəsinin müdiri Əsəbəli Alqayev, Meliorasiya və Suvarma Sistemlərinin İstismarı İdarəsinin rəisi Eldəniz Xudeynatov, rayon Elektrik şəbəkəsinin rəisi Sabit Məmmədov,        rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən, Balakən rayonunda ayrı-ayrı sahələrdə görülmüş işlərdən danışılıb.

Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

                                                                           Yeni Balakən

P.S. Tədbir Balakəndə 2025-ci ilin yekunuyla bərabər 2026-cı ilin görüləcək işlərini də əhatə edirdi. Tədbirdə millət vəkili Nəsib müəllimin çıxışı digər natiqlərin çıxışından fərqlənirdi.Onun səsləndirdiyi iradlar,nüanslar Balakənlə,balakənliylə bağlı olduğu qədər, mənim anonsunu verdiyim,üzərində işlədiyim,sadəcə saxlanılan sabiq başçının istintitaqı ilə əlaqədar yubanan yazımın motivində,mövzusunda da yer alır.Bu barədə silsilə,geniş yazılar olacaq.Balakənin problemlərini,məsələlərini işıqlandırmağa Balakənin yerli mətbuatı yetir də,artır da.Kənardan gələnlərə,yazanlara heç ehtiyac yoxdu.Kənardan gələn problem üzərindən özünə gün “ağlayarkən”,yerli mətbuat rayonun problemdən qurtulmasına çalışır.Niyyətlər fərqlidir.Korrupsiya,rüşvət həm alana,həm də verənə eyni dərəcədə cinayət məsuliyyəti yüküdür.Verən sanmasın ki,alan tutuldu deyə özü və aralıqçı qurtuldu.Rüşvətlə iş başına gəlib,mayasını çıxarmağa,əgər mümkünsə üntündə xeyrini də götürməyə çalışanlardan Balakənə heç zaman xeyir gəlməyəcək,Balakənliyə faydası toxunmayacaq.Birinci körpələrimizi,uşaqlarımızı qorumaqdan başlayacağıq ki,ilk yazımız da elə bəzi məktəblərdən, direktorlarından olacaq…

Ölkənin su təsərrüfatı sisteminin modernləşdirilməsi istiqamətində mühüm addım

Aktual məsələlər
0

Günümüzdə həm yerli, həm də qlobal səviyyədə iqlim dəyişikliklərinin təsirlərinin artdığı, su ehtiyatlarının azaldığı, eləcə də bu proseslərlə paralel fonda əhali artımının baş verdiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkənin su təsərrüfatının mövcud durumu, qarşıdakı planlara həsr olunmuş müşavirənin keçirilməsi olduqca vacib və aktual idi. Müşavirədə cənab prezident ümumilikdə ölkənin su təsərrüfatında mövcud olan vəziyyət, görülməsi lazım olan işlərə diqqət çəkməklə yanaşı, əsas diqqəti Bakı şəhəri və Abşeron yarımadasında uzun illərdir mövcud olan su təchizatı, kanalizasiya və yağış suları ilə bağlı problemlərə yönəltdi. Həqiqətən də paytaxtın kanalizasiya və yağış suları ilə bağlı mövcud olan problemi hər birimizi ciddi şəkildə narahat edir. Yağışlı hava zamanı həmin problemlər özünü açıq şəkildə büruzə verir. Dövlət başçısı haqlı olaraq ifadə etdi ki, sözügedən problemə kompleks və sistemli yanaşma ortaya qoyulmalıdır.

Müşavirədə bu sahədə mövcud vəziyyətin dərindən təhlil olunması, problemlərin açıq şəkildə ortaya qoyulması və uzunmüddətli həll yollarının müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, su təsərrüfatı təkcə kommunal məsələ deyil, həm də sosial rifah, əhalinin sağlamlığı, ekoloji təhlükəsizlik və dayanıqlı inkişafla birbaşa bağlı strateji sahədir. Bu baxımdan, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması və icrası ölkənin gələcək inkişafı üçün mühüm zəmin yaradır.

Yeni Dövlət Proqramının hədəfi məhz bu məsələlərin kompleks həllinə xidmət edəcək. Əhalinin ardıcıl və fasiləsiz içməli su təminatının reallaşdırılması, suların idarə olunması sistemlərinin yenidən qurulması, tullantı və yağış suları şəbəkələrinin müasirləşdirilməsi və ətraf mühitin qorunması kimi məsələlər də Dövlət Proqramında əksini tapacaq. Proqram ölkənin su təsərrüfatı sistemini modernləşdirmək üçün bir sıra mühüm tədbirləri nəzərdə tutur ki, bura çoxsaylı yeni rezervuarların inşa edilməsi, təxminən 30 yeni su anbarının tikilməsi daxildir. Hesb edirəm ki, bu da su çatışmamazlığı yaşanan bir dövrdə su ehtiyatlarının daha effektiv yığılmasını təmin edəcək.

Bundan başqa ölkə üzrə içməli su təchizatı və kanalizasiya şəbəkələri yenilənəcək, daha dəqiq desək, Bakı, Sumqayıt, Abşeron və ətraf 64 yaşayış məntəqəsində su təchizatı şəbəkələri ciddi şəkildə modernləşdiriləcək. Nəticə etibarilə, 95 faizə qədər fasiləsiz su təminatı hədəflənir.

İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatının yenidən qurulması, bu istiqamətdə görüləcək işlər də müşavirədə əsas diqqət mərkəzində olan məsələ idi. Düzdür, ötən 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda qeyd edilən istiqamətlərdə bir çox işlər görülüb, “Böyük Qayıdış” proqram çərçivəsində öz ata-baba yurdlarına qayıdan vətəndaşlarımızın su ilə təminatının təşkil eedilməsi məqsədilə infrastruktur layihələri həyata keçirilib. Ancaq qayıdış prosesinin sürətli xarakter alması və azad olunmuş ərazilərə köç edən vətəndaşlarımızın sayının çoxalması əlavə tədbirlərin görülməsini zərurətə çevirir. Bu mənada Cənab Prezident qeyd edilən istiqamətə diqqət çəkərək bildirdi ki, “Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda – Füzuli rayonunda “Köndələnçay” – üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq”.

Bir sözlə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən su təsərrüfatı ilə bağlı müşavirə yalnız cari problemlərin müzakirəsi deyil, həm də gələcək nəsillər üçün etibarlı, davamlı və müasir su idarəetmə sisteminin formalaşdırılmasına yönəlmiş strateji addım idi. Bu baxımdan, müşavirə həm bu günümüz, həm də gələcək perspektiv üçün olduqca vacib və aktualdır.

Yeri gəlmişkən Milli Məclisin plenar iclasında 2026-cı ilin Dövlət büdcəsinin müzakirəsi zamanı qaldırdığım məsələlərdən biri Bakı bulvarı ərazində kanalizasiya təsərrüfatının yenilənməsi, təmizlik qurğularının inşası ilə bağlı idi. Bəzi ərazilərdə müşaiyət olunan ifrat qoxular, vətəndaşlarımızın və şəhərə gələn qonaqların hiddətinə səbəb olur. Dünyada analoqu olmayan, hər bakılının fəxr etdiyi Bulvarın gözəlliyinə xələl gətirir. Daha əvvəl, “Yağış sularının idarə olunması haqqında” qanunun qəbul olunması təklifini irəli sürmüşdüm. Hesab edirəm ki, Bakı şəhərinin parklarının, yaşıllıq zonalarının suvarılması və digər məqsədlər üçün yağış sularının əhəmiyyəti olduqca böyükdür. Sinqapurda belə bir təcrübədən effektiv şəkildə istifadə olunur.

Bütün bunlarla yanaşı, bir məsələni xüsusi vurğulamaq istərdim. Dünyada gedən iqlim dəyişikləri, quraqlıq, meşələrin kəskin şəkildə azalması, içməli su ehtiyatlarının ildən ilə azalması ilə nəticələnir. Təsadüfi deyil ki, bir çox ekspertlər tərəfindən, gələcək müharibələrin, məhz su ehtiyatları uğrunda baş verəcəyi proqnozlaşdırılır. Cənubi Qafqazın üç Respublikası arasında isə, adambaşına düşən su ehtiyatlarına görə, ölkəmiz axırıncıdır. Deməli, hər birimiz su ehtiyatlarından səmərəli, qənaətlə istifadə etməyi, təsərrüfatlarda innovativ metodları tətbiq etməyi öyrənməliyik.

Nəsib Məhəməliyev,Milli Məclisin deputatı.

Tədrisdə İnnovasiyalar Mərkəzi

Tədrisdə İnnovasiyalar Mərkəzi
2

Balakən Mədəniyyət Mərkəzində Təhsil Bayramı 🎓✨

Bu gün Balakən Mədəniyyət Mərkəzində Tədrisdə İnnovasiyalar Mərkəzi maraqlı tədbir keçirdi. Tədrisdə İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə 28 dekabr 2025-ci il tarixində baş tutan bilik yarışında yüksək nəticə göstərən 148 şagird hədiyyə və sertifikatlarla təltif olunub.

Tədbir zamanı yalnız şagirdlər deyil, onların uğur qazanmasına zəmin yaradan müəllimlər də mükafatlandırılıb. Bu, həm gənc nəsil, həm də onları yetişdirən pedaqoqlar üçün böyük stimul olub.

Tədbirdə yüksək bal toplayan şagirdlər,valideynlər,onların müəllimləri və digər qonaqlar iştirak edirdilər.İştirakçılardan Balakən Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Turan Dibirov çıxışında təhsilin həyatımızdakı önəmindən danışaraq savadlı və bilikli gənclərin yetişdirilməsində Tədrisdə İnnovasiyalar Mərkəzinin rolunu yüksək qiymətləndirib. O, həm müəllimləri, həm də yüksək bal toplayan şagirdləri təbrik edib.

Çıxışının davamında Turan Dibirov valideyn kimi də söz alaraq, 600-dən yuxarı bal toplamış Canpolad Dibirovun atası olaraq mərkəzin fəaliyyətindən məmnunluğunu bildirib və işlərində uğurlar arzulayıb.

Tədbirə mədəniyyət mərkəzinin könüllüləri və şagirdlərin ifa etdiyi rəqs və mahnılar xüsusi rəng qatıb. Sonda isə iştirakçılar xatirə şəkli çəkdirərək bu unudulmaz günü yaddaşlara həkk ediblər.TİM rəhbərliyi tədbirin təşkilindəki dəstəyə görə Balakən RİH-ə,Balakən Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirir.

Son söz

Balakən Mədəniyyət Mərkəzində keçirilən bu tədbir bir daha sübut etdi ki, təhsil sahəsində əldə olunan uğurlar yalnız şagirdlərin deyil, həm də onların zəhmətkeş müəllimlərinin, dəstək verən valideynlərin və cəmiyyətin birgə zəhmətinin nəticəsidir. Tədrisdə İnnovasiyalar Mərkəzinin təşəbbüsü ilə reallaşan bilik yarışı gənclərin motivasiyasını artırmaqla yanaşı, bölgədə təhsilin inkişafına mühüm töhfə verdi.

Belə tədbirlər gələcəkdə daha çox savadlı, bilikli və yaradıcı gənclərin yetişməsinə zəmin yaradacaq. Balakən bu uğurları ilə bir daha göstərdi ki, elm və mədəniyyətin qovuşduğu məkan həmişə işıqlı gələcəyə aparır.

                                                                     Yeni Balakən

“ELMAS”da ilin son iş günü

“ELMAS”da ilin son iş günü
1

“ELMAS”da ilin son iş günü

“ELMAS” klinikasında 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirildi. Klinikanın təsisçisi və rəhbəri Əfqan Balayev giriş sözü ilə tədbiri açaraq iştirakçıları salamladı. O, 2025-ci ildə əldə olunan uğurlardan, həkim heyətinin peşəkarlığından və vətəndaşların məmnuniyyətindən danışaraq, 2026-cı ildə daha böyük nailiyyətlərə imza atmağı hədəflədiklərini vurğuladı.

Klinikanın baş həkimi, doktor Məhəmməd Herayev çıxışında rəhbərliyi və ictimaiyyəti əmin etdi ki, bu temp davam etdirilərsə, daha çox vətəndaşa yüksək keyfiyyətli, operativ və yerində tibbi xidmət göstəriləcək.

Tədbirin sonunda rəhbərlik bütün personalı 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə dəyərli hədiyyələrlə təbrik etdi, işlərində uğurlar arzuladı. İştirakçılar xatirə şəkli çəkdirərək tədbiri yekunlaşdırdılar.

P.S. “ELMAS” klinikasında bir sıra yeniliklərin şahidi olduq. Bu barədə növbəti nömrəmizdə geniş məlumat verəcəyik.

Yeni Balakən