Category: Xəbərlər

10 Noyabr-Vahidin ad gunu

Vahidin ad günü
1

“Vahid Həmişə Bizimlədir” – Şəhidin Doğum Günündə Xatirə Tədbiri

10 noyabr 2025-ci il tarixində Balakən Şəhidlər Xiyabanında şəhid Vahid Əlisoltanovun doğum günü münasibətilə anım tədbiri keçirildi. Beş ildir ki, Vahid doğum gününü cənnətdə qeyd edir, biz isə onun məzarı başında, dualarla, xatirələrlə və qürurla.

Tədbirdə Vahidin ailə üzvləri, Balakən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti həyata keçirən Turan Dibirov və əməkdaşları, millət vəkilinin köməkçisi Yusif Mirzəyev, şəhid ailələri, qazilər, din xadimləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Məzar önünə gül dəstələri düzüldü, ruhuna dualar oxundu. Gənclər və məktəblilər Vahidin qəhrəmanlığını əks etdirən şeirlər səsləndirdilər, rəhbərlik və şəhid valideynləri duyğulu çıxışlar etdilər.

Balakən Cümə Məscidinin dini ayinlərini icra edən Rövşən İbrahimov şəhidlərimizin ruhuna Quran ayələri oxudu. Ardınca Turan Dibirov Vahid Əlisoltanovun vətənə olan sevgisindən, fədakarlığından və gənclərə örnək olan həyat yolundan danışdı. Abşeron rayonundan tədbirə qatılan şəhid Qadir Heydərovun atası Ədalət Heydərovun çıxışında acı ilə yanaşı, qürur və fəxarət hissləri də duyulurdu. Oğlunun yüksəklərə dikdiyi Azərbaycan bayrağına baxan məğrur duruşu, şəhidlik zirvəsinin böyüklüyünü bir daha göstərdi.

Ədalət ata tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi. Turan Dibirov isə cavab olaraq Prezident İlham Əliyevin Qarabağla bağlı çıxışlarını xatırladaraq vurğuladı ki, bu zəfər şəhidlərin canı, qazilərin qanı bahasına qazanılıb. O, həmçinin qeyd etdi ki, dövlət başçısının gündəlik iş qrafiki ilə müqayisədə bizim etdiklərimiz sadəcə borcumuzun yerinə yetirilməsidir.

Şəhid Kamalın anası Zümrüd müəllimə isə respublika üzrə şəhid analarının bir-biri ilə əlaqədə olduğunu, birliyə sahib olduqlarını vurğuladı. Bu birlik, övladlarının Vətəni birlikdə azad etməsinin təbii davamıdır.Sonda Tahir ata Turan müəllimə,Nəsib müəllimə,tədbirdə iştirak edən hər kəsə Vahidin doğum günündə onlarla birgə,yanında olduqlarına görə təşəkkür etdi.

Tədbir boyunca duyğulu anlar yaşandı – göz yaşları ilə yanaşı, qürur dolu baxışlar da vardı. Vahid Əlisoltanovun adı Balakənin yaddaşına qəhrəmanlıqla yazılıb. Onun doğum günü artıq təkcə ailəsinin deyil, bütün rayonun xatirə gününə çevrilib.

Vahid bu gün fiziki olaraq aramızda olmasa da, onun ruhu, adı və əməlləri hər birimizin qəlbində yaşayır. Biz onu unutmadıq, unutmayacağıq. Çünki Vahid təkcə bir şəhid deyil – o, Balakənin qüruru, Azərbaycanın igid oğludur.

Ruhun şad olsun, Vahid. Adınla fəxr edirik.

                                                                                 Yeni Balakən

P.S.Tədbirin bir gözəlliyi də vardı ehsan süfrəsiylə bağlı,bu həm də ilkdir.Digər vaxtlarda tədbirdən sonra evə gedilməliydi,şəhid valideyni 2000 manata yaxın pul xərcləməli,(toyuq yiyən üçün xüsusi) cürbəcür yeməklər bişirməli,salatlar hazırlamalı,sular,şirələr alınmalı,ev batmalı,qazan-qab-qaşıb,stəkan-bölmə kirlənməli,bütün bunlar yuyulub-təmizlənməli,ev səliqəyə salınmalı və sairə..Saymaqla,etməklə bitməz ki şəhid ailəsinin ehsan verəcəyəm deyə çəkdiyi çilə,əziyyət.Bütün bunlar daha olmayacaq.Şəhidlər Xiyabanında böyük,geniş talvar var.Talvarın altında  iki samovar qaynadıldı,qəşəng çay dənləndi.Yaxınlıqdakı mağazadan biraz qənd,xurma-bir oturumluq,iki cür xırda şirniyyatdan hərəsindən bir kilo və birdəfəlik-ədədi 5 qəpik olan stəkanlardan-istədiyin qədər,vəssalam-şüttamam.Ehsan süfrəsi çay-şirniyyatla olacaq.Bu qədər.Tahir ata, Validə ana bu ilki etdilər və çox gözəl də alındı.

Seçicilərlə görüş

seçicilerlə görüş
1

Bayram günündə seçicilərlə görüş: Nəsib Məhəməliyev Balakənin Şambul və Meşəşambul kəndlərində vətəndaşların səsini dinlədi.

Bayram günündə istirahət etməyi seçmək əvəzinə, Milli Məclisin deputatı Nəsib Məhəməliyev Balakən rayonunun Şambul və Meşəşambul kəndlərinə səfər edərək vətəndaşlarla birbaşa görüş keçirdi. Bu addım, onun seçicilərə olan sadiqliyinin və daim əlçatan olmasının bariz nümunəsidir.

🗓 8 Noyabr Zəfər Günü və 9 Noyabr Bayraq Günü münasibətilə təbrik

Görüşlərin əvvəlində Nəsib müəllim kənd sakinlərini bu iki mötəbər bayram münasibətilə təbrik etdi. O, Balakəndə, doğma seçicilərinin arasında olmağın, bayram sevincini onlarla paylaşmağın onun üçün xüsusi önəm daşıdığını vurğuladı. Bu, sadəcə bir rəsmi qəbul deyil, həm də xalqla birgə olmağın, onların sevincinə və dərdinə şərik çıxmağın təcəssümüdür.

🗣 Vətəndaşların səsi eşidildi

Hər iki kənddə keçirilən vətəndaş qəbulu zamanı sakinlər müxtəlif sahələrdə üzləşdikləri problemləri, gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri deputata çatdırdılar. Nəsib Məhəməliyev:

•             Bəzi məsələləri yerindəcə həll etdi,

•             Bəzilərinin icrasını köməkçisinə tapşırdı,

•             Vaxt tələb edən müraciətləri isə aidiyyəti qurumlar qarşısında qaldıracağına söz verdi.

Bu yanaşma, onun seçicilərə olan məsuliyyətini və səmimi münasibətini bir daha nümayiş etdirdi.

📱 Fərqli platformalarda daima ünsiyyətdə

Deputatın seçicilərlə ünsiyyəti yalnız üz-üzə görüşlərlə məhdudlaşmır. O, köməkçisi vasitəsilə və sosial şəbəkə hesabları üzərindən də daima əlaqədə olur. Bu, müasir kommunikasiya vasitələrindən səmərəli istifadə edərək vətəndaşların səsini hər zaman eşitmək istədiyinin göstəricisidir.

🌿 Balakənin kəndlərində canlı ünsiyyət

Şambul və Meşəşambul kəndlərində keçirilən bu görüşlər, yerli sakinlərin deputatla birbaşa təmas qurmasına, problemlərini şəxsən çatdırmasına imkan yaratdı. Bu, həm də kəndlərin ictimai həyatında aktivliyin və vətəndaş iştirakçılığının artmasına xidmət edir.

                                                                              Ramazan Abal

Balakende zefer gunu

Balakəndə 8 Noyabr Zəfər Günü 2025
0

Balakəndə  Zəfər Günü silsilə tədbirlər və böyük coşqu ilə qeyd edildi

 Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin 5-ci ildönümü münasibətilə Balakən rayonunda silsilə tədbirlər keçirilib. Zəfər Günü ilə əlaqədar Balakən şəhəri dövlət bayraqları, “Xarı bülbül” təsvirləri ilə bəzədilib, rayon mərkəzində yerləşən monitorda “Xarı bülbül” embleminin, Vətən müharibəsi şəhidlərinin şəkilləri və adları nümayiş etdirilib. Rayonun rəhbər işçiləri tərəfindən şəhid ailələri ziyarət olunub.

Əlamətdar tarixi gün münasibətilə noyabrın 8-də Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri əvvəlcə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin hörmət əlaməti olaraq Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəman Vətən oğullarının xatirəsini yad ediblər.

Daha sonra 8 noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş yürüş və rəsm sərgisi təşkil olunub.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında davam etdirilən tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Turan Dibirov bildirib ki,  30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir.  Qeyd olunub ki, bu gün qürur, iftixar mənbəyi olan möhtəşəm Zəfərimizin 5-ci ildönümünü qeyd edirik. Artıq beş ildir ki, Azərbaycan xalqı yeni bir tarixin sevinci və qürurunu yaşayır. 8 Noyabr – Zəfər Günü tariximizin ən şanlı səhifəsidir və hər bir azərbaycanlı üçün müqəddəs bir gündür. Zəfər Günü – Azərbaycan xalqının mübarizliyinin, dövlət başçısının uzaqgörən siyasətinin, Ulu Öndər ideyalarının təntənəsi və qələbəsidir.

Tədbirdə çıxış edənlər- Milli Məclisin deputatı Nəsib Məhəməliyev, Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadə, Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev bildiriblər ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə möhtərəm Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi, şanlı Ordumuzun və qəhrəman Xalqımızın sarsılmaz birliyi və iradəsi ilə tariximizin ən böyük, ən ehtişamlı Zəfərini qazanmışdır. Yeniləşən, inkişaf edən, getdikcə qüdrətlənən Azərbaycan Respublikası möhtəşəm Zəfəri, qələbələri və nailiyyətləri ilə bu gün də öz şərəfli tarixinə yeni səhifələr yazır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bütün bu uğurlar, nailiyyətlər, qələbələr, zəfərlər isə müstəqil və qüdrətli Azərbaycanı, qalib xalqımızı daha uca zirvələrə daşıyacaqdır.

Tədbir konsert proqramı ilə davam etdirilib.   Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri izləyicilərə bayram ovqatı bəxş edib.

Konsert proqramından sonra Balakən Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Turan Dibirov və Milli Məclisin deputatı Nəsib Məhəməliyev bir qrup şəhid ailələrini ziyarət edərək Zəfər Günü münasibətilə onları təbrik etdilər.Balakənin Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri Olimpiya İdman Kompleksinin stadionunda Balakən və Bərdə futbol komandalarının yarışına start verilərək sona çatdı.

                                                              Yeni Balakən

Bayraq gunu tedbiri

Balakəndə Dövlət Bayrağı günü 2025 (10)
1

Balakəndə Dövlət Bayrağı Günü: Qürur, ehtiram və vətən sevgisi

Bayraq – bir millətin kimliyi, bir xalqın qürurudur. 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Balakən Bayraq Muzeyində keçirilən tədbir, bu qürurun canlı ifadəsinə çevrildi. Tarixlə duyğunun, ehtiramla vətən sevgisinin qovuşduğu bu gün, Balakənin yaddaşına qızıl hərflərlə yazıldı.Tarixə və şəhidlərə ehtiramla başlayan bu gün, bayrağımıza olan sonsuz sevginin ifadəsi oldu.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti həyata keçirən Turan Dibirov, RİH kollektivi, YAP Balakən təşkilatının sədri Azad Balayev, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil və səhiyyə sahəsinin nümayəndələri, Gənclər evi və idarəsi, bələdiyyə nümayəndələri, şəhid ailələri, qazilər, QHT-lər və digər ictimai qonaqlar iştirak edirdilər.

Tədbiri peşəkar aparıcı Arzu Ocaqverdiyev idarə edirdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca bayrağın tarixinə həsr olunmuş film nümayiş olundu – ekran qarşısında susqunluq və qürur bir araya gəldi.

Çıxışlar: Tarixə və duyğuya səyahət

İlk çıxış edən Turan Dibirov, Dövlət Bayrağı Gününün təsisindən danışaraq vurğuladı ki, son beş ildə üçrəngli müqəddəs bayrağımız dövlətimizin bütün bölgələrində dalğalanır. O qeyd etdi ki, Ali Baş Komandanın komandanlığındakı müzəffər ordumuzun suverenliyini və ərazi bütövlüyünü  bərpa etdiyi dövlətimizin hər bölgəsində bayrağımız əbədi dalğalanacaq…

Ardınca çıxış edən Turanə xanım, 2002-ci ildə Şəki şəhərində Ulu Öndər Heydər Əliyevlə görüşünü xatırladı. O zaman tələbə olan Turanə xanım görüş boyunca Azərbaycan bayrağını dik tutaraq sevgi və ehtiram nümayiş etdirmişdi. Bu davranışı Ulu Öndərin diqqətini çəkmiş, o Turanə xanımı yanına çağıraraq təşəkkür etmişdi. Turanə xanım həmin anları tədbir iştirakçıları ilə bölüşdü və bayrağa olan sevgisinin dərinliyini ifadə etdi.

“Bayraq yalnız bir simvol deyil – o, xalqın ruhudur. Mən o bayrağı tutarkən, sanki bütün Azərbaycanı qucaqlayırdım.” – Turanə xanım

Mədəniyyətin salamı: Bayrağa həsr olunmuş sənət

Tədbir Balakən Mədəniyyət Mərkəzinin hazırladığı bayraq gününə həsr olunmuş bədii kompozisiya ilə davam etdi. Musiqi, şeir və teatr elementləri ilə zənginləşdirilmiş proqram bayrağa olan sevgini sənətin dili ilə ifadə etdi, iştirakçılarda qürur və duyğusal təəssürat yaratdı.

                                                                                       Ramazan Abal

“Qəhrəmanlıqla yazılan tale: Şəhid Nəcməddin Sarkayevin anım günü Şərif kəndində qeyd olundu”

Nəcməddi Sarkayevin anım günü
0

Balakən rayonunun Şərif kəndində bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri – Sarkayev Nəcməddin Əli oğlunun anım günü keçirildi.

Tədbir şəhidin məzarı önündə, Şərif kənd qəbiristanlığında baş tutdu. Mərasimə Balakən Rayon İcra Hakimiyyətinin müvəqqəti səlahiyyətli rəhbəri Turan Dibirovun başçılığı ilə RİH nümayəndələri, din xadimləri, YAP Balakən təşkilatının və ASAN xidmətin əməkdaşları, Qabaxçöl Polis Bölməsi, şəhid ailələri, qazilər, məktəb kollektivi və kənd ictimaiyyəti qatıldı.

Çıxış edən Turan Dibirov Nəcməddin Sarkayevin Vətənə olan sevgisindən, dövlətə sədaqətindən və cəbhədə göstərdiyi rəşadətdən danışaraq onun bizə zəfəri bəxş edən igidlərdən biri olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin şəhidlərə olan ehtiramından və şəhid ailələrinə göstərilən diqqətdən də söz açdı.

Qabaxçöl Polis Bölməsinin rəisi Vilayət müəllim şəhidin anası Tinay müəlliməyə yaxınlaşaraq duyğulu bir çıxış etdi: “Ana, ağlama, başını dik tut. Sənin oğlun qəhrəmandır.” Bu sözlər tədbir iştirakçılarının qəlbində dərin iz buraxdı.

Tinay müəllimə oğlunun döyüş yoldaşlarının xatirələrindən danışarkən, Nəcməddinin qorxmazlığı və hünəri bir daha qürur hissi oyatdı. Əsgər yoldaşlarının “Nəcməddin, bir az istirahət edək, sonra yenə döyüşərik” sözlərinə o, “Yox, bütün postları almalıyıq, düşməni məhv etməliyik” cavabını vermişdi. Gün ərzində bir neçə postu, o cümlədən bir erməni generalının olduğu mövqeni ələ keçirən Nəcməddin, sonuncu post uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu. Lakin onun arzusu gerçəkləşdi: Vətən torpağı işğaldan azad edildi.

Şəhidin atası Əli Sarkayev tədbir iştirakçılarına təşəkkür edərək, oğlunun xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.

Tədbir şəhidin evində təşkil olunan ehsan süfrəsi ilə başa çatdı. Bu mərasim bir daha göstərdi ki, xalqımız öz qəhrəmanlarını unutmur, onların xatirəsini yaşadır və gələcək nəsillərə örnək kimi təqdim edir.

                                                                   Ramazan Abal

Balakəndə Zəfər Gününə Yaşıl Hədiyyə: Poştbinədə Ağacəkmə Aksiyası

Ağac əkmə aksiyası
1

Amin Novruzov adına humanitar və texniki fənlər təmayüllü liseyin “Zəfər müjdəli Azərbaycan” adlı tədbirindən

Liseyin tədbiri
0

Balakən şəhəri Amin Novruzov adına humanitar və texniki fənlər təmayüllü liseyin 05.11.2025-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində “Zəfər müjdəli Azərbaycan” adlı tədbiri keçirilib. Ədəbi, bədii kompozisiyanı liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Papaxova Sədaqət Seyfullah qızı  Vb sinif şağirdləri ilə birlikdə hazırlayıb. Tədbir 8 noyabr Zəfər gününün şanlı tarixinə, qəhrəman ordumuzun igidliyinə həsr olunub.

Tədbirdə Balakən RİH başçısı vəzifəsini müvəqqəti icra edən Turan Dibirov, rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmova, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən Sektorunun müdiri Mehparə Murtuzəliyeva, şəhid ailələri, qazilər, liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak edib. Tədbir şagirdlərin ifasında  Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Sonra canlarını vətənin bütövlüyü uğrunda fəda edən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir 8 noyabr “Zəfər günü”nə və 9 noyabr “Bayraq günü” həsr olunmuşdu. Səhnədə şagirdlər müxtəlif kompozisiyalar və vətənpərvər mahnılarla çıxış edərək tamaşaçılara xalqımızın qəhrəmanlıq salnaməsini, azad və müstəqil Azərbaycan uğrunda şirin canlarından keçən şəhidlərimizin, rəşadətli ordumuzun  misilsiz hünərlərini əks etdirdilər. Kompozisiyada Balakən şəhidləri haqqında videoçarx nümayiş etdirildi. Turan müəllim tədbirdə çıxışı ilə xalqımızın qəhrəmanlıq salnaməsində ən parlaq səhifənin 8 noyabr “Zəfər günü” olduğunu vurğulayaraq qeyd etdi ki, 2020-ci ilin payızında Azərbaycan ordusu Ali Baş Komandanın  rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Bu təkcə hərbi qələbə deyil, həm də xalqın birliyinin, inamının və vətən sevgisinin təntənəsi idi. O, qeyd etdi ki, dövlətimiz hər zaman şəhid ailələrinə dəstək göstərir.

Tədbirdə qonaqlardan Nəzakət Rüstəmova, şəhid bacısı Mehparə Murtuzəliyeva, liseyin adını daşıdığı Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun atası Tacəddin Novruzov, şəhid Elmir Kərimovun anası Gülşən Kərimova, 5-cilərin ibtidai sinif müəllimi  Kəmalə Abdullayeva öz çıxışlarında balaca fidanlara ifa etdikləri kompozisiya və mahnılara, rəqslərə və şeirlərə görə minnətdarlıqlarını bildirdilər. Sonda liseyin direktoru Şaban Abdullayev qənaqlara və tədbirin ərsəyə gəlməsində köməklik göstərən valideynlərə və 5-cilərin sinif rəhbəri Sədaqət müəllimə təşəkkürünü bildirdi.

                                                                                            Yeni Balakən

Zəfər günü ilə bağlı Balakən rayonunda ağac əkininə start verildi

Ağac əkini
0

Zəfər günü ilə bağlı Balakən rayonunda ağac əkininə start verildi.Beə ki, bu dəfə dağ,daşdan,yol kənarından  fərqli olaraq çoxmənzilli binaların həyətində əhalinin asudə vaxtının keçirdiyi park ərazilərində şam ağacları əkildi.Necə deyərlər,bu dəfə yaşıllığın,sərinliyin,bol oksigenin,gözəlliyin faydasını sakinlər görəcək..
Yeni Balakən

Vətən Müharibəsi Qəhramanı, şəhid Amin Novruzovun anım mərasimi

Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov
0

Balakən rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amin Novruzovun anım mərasimi keçirilmişdir. Şəhidlər Xiyabanında keçirilən tədbirdə şəhidin ailə üzvləri,  rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Turan Dibirov, hüquq – mühafizə orqanlarının rəhbərləri, idarə və müəssə rəhbərləri, Amin Novruzovun döyüş yoldaşları və rayon əhalisi iştirak etmişdir.

Tədbir Şəhidlər Xiyabanında şəhidlərin ruhuna oxunan dualarla başladı. Daha sonra rayon Mərkəzi Cümə məscidinin nümayəndəsi Rövşən İbrahimov şəhidlərin əziz xatirəsi üçün müqəddəs Qurani – Kərimdən ayələr oxudu. Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən  Turan Dibirov Amin Novruzovun igidliyi haqqında danışdı. Turan Dibirov qeyd etdi ki, Amin Novruzov öz canını vətən yolunda fəda edərək şəhidlik mərtəbəsinə yüksəlmişdir. Bu igid bütün Azərbaycan xalqının yaddaşında ədəbi qalacaqdır. Turan Dibirov  dövlətimizin şəhid ailələri və qazilərə olan diqqətindən söz açaraq  bu məsələnin birbaşa cənab prezidentin diqqətində olduğunu söylədi. Daha sonra tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin baş idarə rəisi, general – mayor Zaur Zeynalov ilk öncə Dövlət Sərhəd Xidmətinin rəisi, general – polkovnik Elçin Quliyevin salamlarını çatdırdı. Daha sonra çıxış edən general Amin Novruzovun döyüş yolundan söz açaraq onun igidliyinin gənc sərhədçilər üçün nümunə olduğunu söylədi. Qəhrəman şəhidin hər zaman nümunəvi xidməti ilə seçildiyini, onun xüsusi olaraq hər zaman öz döyüş yoldaşları arasında fərqləndiyini qeyd etdi. General Azərbaycan dövlətinin hərbçilərə olan dəstəyindən söz açdı. Dövlətimizin hər zaman şəhid ailələrinin, müharibə veteranlarının yanında olduğunu bildirdi. Zaur Zeynalov qeyd etdi ki, Amin Novruzov kimi igidlərin döyüş yolu böyük bir məktəbdir və onun adı daim yaşayacaqdır. Çıxış edən şəhidin atası Tacəddin Novruzov göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə və DSX rəhbərliyinə öz təşəkkürünü bildirdi. Oğlunu yad etmək üçün gələnlərə təşəkkür edən şəhid atası Aminin hər zaman igidlik ruhunda olduğunu, vətən üçün canını verməyə hazır olduğunu bildirdi. Aminin  böyük idealları olduğunu, vətənin bütövlüyü, torpaqların azad edilməsi arzusunu isə bütün ideallardan yüksəkdə durduğunu bildirdi. Tədbirdə çıxış edən Kortala kənd məscidinin imamı Həbib əfəndi rayonda vətən müharibəsi qəhrəmanı adına layiq görülən 5 nəfərin olduğunu, Amin Novruzovun isə uca Allahın ən böyük mərtəbəsinə, şəhidlik zirvəsinə yüksəldiyini qeyd etdi. Daha sonra şəhidin qardaşı, DSX – nın giziri Qabil Novruzov çıxış etdi. O, qeyd etdi ki, hərbiçilər hər zaman şəhidlərin igidliyindan danışırlar. Onun üçün öz qardaşının igidliyindən danışmaq başqa bir qürurdur. Qabil Novruzov qeyd etdi ki, qardaşının igidliyi gənc əsgərlər üçün bir örnəkdir. Anım mərasimi şəhidin evində ehsan süfrəsinin verilməsi ilə başa çatdı.

                                                                                       Tarixçi-Politoloq  Zeynal Əmralıyev

Balakən Rayon İcra Hakimiyyətinə kimin rəhbərlik etdiyi məlum oldu.

Turan-Dibirov-yeni
1

Balakənlilərin istəkləri və yeni ümidlər.

Balakən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətləri,rayonun idarə olunması müvəqqəti olaraq Balakən RİH-in birinci müavin Turan Dibirova rəsmən həvalə olunmuş,verilmişdir.

Qeyd edək ki,Balakən RİH-in başçısı İslam Rzayev 30.10.2025 tarixdə həbs olunmuş və həmin tarixdə də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilmişdir.

Dibirov Turan Eldar oğlu 1986-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olub.

2007-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını iqtisadiyyat və idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alıb.

Əmək fəaliyyəti bu ardıcıllıqla ilə davam etmişdir: 2008-ci ildə Balakən Rayonu Gənclər və İdman İdarəsində gənclərlə iş üzrə aparıcı məsləhətçi, 2011-ci ildə Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sosial-iqtisadi məsələlər şöbəsində aparıcı məsləhətçi,2016-cı ildə Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində müdir müavini, 26.09.2022-ci il tarixdə isə qulluqda yüksəliş yolu ilə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

2011-ci ildən YAP-nın üzvüdür. Evlidir, 2 övladı var.