Bayraq gunu tedbiri

Balakəndə Dövlət Bayrağı günü 2025 (10)

Balakəndə Dövlət Bayrağı Günü: Qürur, ehtiram və vətən sevgisi

Bayraq – bir millətin kimliyi, bir xalqın qürurudur. 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Balakən Bayraq Muzeyində keçirilən tədbir, bu qürurun canlı ifadəsinə çevrildi. Tarixlə duyğunun, ehtiramla vətən sevgisinin qovuşduğu bu gün, Balakənin yaddaşına qızıl hərflərlə yazıldı.Tarixə və şəhidlərə ehtiramla başlayan bu gün, bayrağımıza olan sonsuz sevginin ifadəsi oldu.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti həyata keçirən Turan Dibirov, RİH kollektivi, YAP Balakən təşkilatının sədri Azad Balayev, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil və səhiyyə sahəsinin nümayəndələri, Gənclər evi və idarəsi, bələdiyyə nümayəndələri, şəhid ailələri, qazilər, QHT-lər və digər ictimai qonaqlar iştirak edirdilər.

Tədbiri peşəkar aparıcı Arzu Ocaqverdiyev idarə edirdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca bayrağın tarixinə həsr olunmuş film nümayiş olundu – ekran qarşısında susqunluq və qürur bir araya gəldi.

Çıxışlar: Tarixə və duyğuya səyahət

İlk çıxış edən Turan Dibirov, Dövlət Bayrağı Gününün təsisindən danışaraq vurğuladı ki, son beş ildə üçrəngli müqəddəs bayrağımız dövlətimizin bütün bölgələrində dalğalanır. O qeyd etdi ki, Ali Baş Komandanın komandanlığındakı müzəffər ordumuzun suverenliyini və ərazi bütövlüyünü  bərpa etdiyi dövlətimizin hər bölgəsində bayrağımız əbədi dalğalanacaq…

Ardınca çıxış edən Turanə xanım, 2002-ci ildə Şəki şəhərində Ulu Öndər Heydər Əliyevlə görüşünü xatırladı. O zaman tələbə olan Turanə xanım görüş boyunca Azərbaycan bayrağını dik tutaraq sevgi və ehtiram nümayiş etdirmişdi. Bu davranışı Ulu Öndərin diqqətini çəkmiş, o Turanə xanımı yanına çağıraraq təşəkkür etmişdi. Turanə xanım həmin anları tədbir iştirakçıları ilə bölüşdü və bayrağa olan sevgisinin dərinliyini ifadə etdi.

“Bayraq yalnız bir simvol deyil – o, xalqın ruhudur. Mən o bayrağı tutarkən, sanki bütün Azərbaycanı qucaqlayırdım.” – Turanə xanım

Mədəniyyətin salamı: Bayrağa həsr olunmuş sənət

Tədbir Balakən Mədəniyyət Mərkəzinin hazırladığı bayraq gününə həsr olunmuş bədii kompozisiya ilə davam etdi. Musiqi, şeir və teatr elementləri ilə zənginləşdirilmiş proqram bayrağa olan sevgini sənətin dili ilə ifadə etdi, iştirakçılarda qürur və duyğusal təəssürat yaratdı.

                                                                                       Ramazan Abal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir