Müasir dövrdə ali təhsil müəssisələrində tələbələrin imtahanlarda yüksək nəticələr əldə etməsi onların bilik səviyyəsinin göstəricisi kimi qəbul edilir. Lakin təcrübə göstərir ki, bir çox hallarda tələbə imtahanda yüksək bal toplasa da, eyni mövzu üzrə bir müddət sonra sual verildikdə “bilirəm, amma izah edə bilmirəm” cavabını verir. Bu vəziyyət təhsildə əzbərləmənin, amma dərk etmənin olmadığını göstərir.
Araşdırmalar və müşahidələr göstərir ki, bu problemin əsas səbəblərindən biri bəzi dərs vəsaitlərinin və mühazirə materiallarının tərcümə olunmuş, yəni orijinal düşüncə tərzindən uzaq və tələbəyə yad formada təqdim olunmasıdır. Nəticədə bəzi tələbələr mövzunu anlayışla deyil, əzbərləmə ilə mənimsəyir və qısa müddətli hafizədə saxladığı məlumatı tətbiq edə bilmir. Bu hal bütün universitetlərə aid edilməsə də, əhəmiyyətli sayda ali təhsil müəssisələrində müşahidə olunur və təhsilin səmərəliliyinə təsir edən əsas faktorlardan biri kimi qiymətləndirilir.
Əslində, tələbə evdən çıxaraq tələbə həyatına qədəm qoyur, məqsədi bir mütəxəssis olaraq yetişmək və gələcəkdə peşəkar işçi kimi cəmiyyətə fayda verməkdir. Bu yol isə daha ali məktəbə qəbul zamanı ixtisas seçimi ilə başlayır. Lakin bəzən şagirdin maraq dairəsi dinlənilmədən, araşdırılmadan, sadəcə topladığı bala uyğun olaraq ixtisas seçilir. Nəticədə illər sonra həmin gənc anlayır ki, ya maraq dairəsində olmayan bir ixtisas üzrə təhsil alıb, ya da müasir dövrün tələblərinə uyğun gəlməyən, perspektivsiz bir sahəyə yönəlib.
Halbuki müasir texnologiya və informasiya dövrü tələb edir ki, istənilən sahədə qərar verilərkən daha dərindən araşdırma aparılsın, şagirdlərin maraq və potensialı nəzərə alınsın. Əgər bir gənc gələcəkdə peşəkar kadr olaraq yetişmək və çalışacağı müəssisədə daha məhsuldar olmaq istəyirsə, bu prosesin ilk şərti onun ÖZ İŞİNİN VURĞUNU olmasıdır. Sevdiyi, maraq duyduğu sahədə təhsil alan tələbə həm dərsi daha yaxşı anlayır, həm də gələcəkdə yüksək peşəkarlığa daha tez çatır.
Müasir dövrdə isə iş tapmaq bəziləri üçün olduqca rahat, digərləri üçün isə ən ağır və dəhşətli bir mərhələyə çevrilib. Universitet illərində ixtisasını dərindən öyrənən, psixologiya biliyinə malik olan, ünsiyyət bacarıqları zəngin, müasir texnologiyalara açıq, xarici dil biliklərinə sahib və bütün bunlarla yanaşı, netvorkingi– yəni əlaqələr şəbəkəsi – geniş olan bir tələbənin işsiz qalmaq ehtimalı çox aşağıdır. Əks halda, bu xüsusiyyətlərdən məhrum olan bir gənc üçün iş tapmaq prosesi həm psixoloji, həm də praktiki baxımdan çox çətin olur.
“Turan Tədris Mərkəzi”
Nəriman İbrahimov