Balakənin tarixi sənətləri,tanınmış sənətkarlarından

Varansov Əhma

Papaqçı Əhma – Sənəti Yaşadan, Sənəti Yüksəldən İnsan.

1939-cu ildə Balakən rayonunun Gərəkli kəndində dünyaya gələn Varansov Əhma Məhəmməd oğlu, papaqçılıq sənətinin canlı siması idi. 21 yaşında əsgərlikdən qayıtdıqdan sonra Gürcüstanın Siqnaxi şəhərində tanınmış papaqçı ustanın yanında üç il şagirdlik etdi. Bu illər ərzində papaqçılığın incəliklərini öyrəndi və sənətə olan sevgisini peşəyə çevirdi.

Balakənə qayıtdıqdan sonra, indiki R.Səmədov küçəsində yerləşən papaqçı dükanında ömrünün sonuna qədər bu sənətlə məşğul oldu. Sovet dövründə “Məişət xidməti” qurumunda fəaliyyətini davam etdirən Əhma usta, 1975-ci ildə “Master  Zolotoy Ruk” – “Qızıl Əllər Ustası” medalı ilə təltif olundu. Bu mükafat onun bacarığının və sənətə verdiyi töhfənin rəsmi tanınması idi.
Əhma usta dövrünün məşhur papaqçıları – Səlimov Muxtar, papaqçı Fazil, Əli kişi ilə çiyin-çiyinə çalışmış, özünəməxsus müştəri kontingenti ilə seçilmişdi. Onun dükanına hər təbəqədən insanlar üz tuturdu. Qonşu Dağıstan Respublikasının Balakənlə sərhəd kəndlərində yaşayan dağıstanlılar yay aylarında at üstündə Balakənə gələrək xurcunlarda gətirdikləri motal pendirləri Əhma ustanın tikdiyi papaqlarla dəyişərdilər.Sənətkar ölkədən kənarda da məşhur idi.Rəhmətlik millət vəkili, xeyirxah iş adamı, Balakən Konserv Zavodunun direktoru Əli Ansuski də onun müştəriləri arasında idi.
Şəxsi Xatirə – Bir Papağın Hekayəsi
Usta Əhma ilə bağlı şəxsi xatirəm də var. Rəhmətlik atam onun müştərisi idi. Bir gün atamla dükanının qarşısından keçərkən vitrinə düzülmüş papaqlar diqqətimi çəkdi. Atama “mən də papaq istəyirəm” dedim. Dükanın içində bizi gülərüzlə qarşılayan Əhma usta, atamın işarəsi ilə mənə tərəf əyildi, sol əlini çiynimə qoyaraq “Necə papaq istəyirsən?” – deyə soruşdu. Mən “yoluçnu” materialdan şapka istədiyimi dedim, çünki həmin rəngdə paltom vardı. Usta sanki ürəyimi oxumuşdu – model qəlibdən bir şapka çıxarıb “bu sənin razmerindir” dedi. Həqiqətən də üzərimə biçilmişdi. O papaqla paltomun vəhdəti ayrı bir gözəllik idi.
Sənətkarın Şəxsiyyəti
Əhma kişi yalnız bacarıqlı sənətkar deyil, həm də nümunəvi şəxsiyyət idi. Onu tanıyanlar onun haqqında xoş sözlər söyləyirdilər. Şair Həybullah Şəhmiroğlu onu belə təsvir edir:
“Qeyri-adi, gözəl xasiyyətli, tərbiyəli, əxlaqlı insan idi. El arasında belə bir deyim yaranmışdı: ‘Köhnə kişilərə, Əhma betəyə baxıb nümunə götürün’.”
Həybullah Şəhmiroğlu ona həsr etdiyi misrada deyir:
İllərlə tikib satdın şapkadan qeyrət-namus,
Dedim, kişi tayfası qoy qalmasın binamus.

Yadigarlar və Xatirə

1998-ci ilin avqust ayında dünyasını dəyişən Əhma usta bu gün fiziki olaraq aramızda olmasa da, onun sənəti, şəxsiyyəti və qızıl əllərlə tikdiyi papaqlar bizlərə yadigar qalıb.Ali təhsilli, savadlı iki qız  və bir oğul övladı onun ailə mirasıdır.

Əhma usta sadəcə sənətiylə yüksələnlərdən deyildi – o, sənəti yüksəldənlərdən idi.

                                                         Ramazan Abal

P.S.”Yeni Balakən”qəzetinin bu cür yanaşması Balakənin mədəni irsini yaşatmaq üçün əvəzsizdir. Hər ustanın hekayəsi bir sənət məktəbi, bir həyat dərsi kimidir.

2 thoughts on “Balakənin tarixi sənətləri,tanınmış sənətkarlarından

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir