Balakən rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi, XTQ baş kəşfiyyatçısı Harun Məhəmməd oğlu Alqayevin anım günü münasibətilə onun qəhrəmanlıq yoluna həsr olunmuş “Əfsanəvi kəşfiyyatçı – türk Harun” adlı kitabın təqdimat mərasimi keçirildi.
Tədbir Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi, Balakən rayon Mədəniyyət Mərkəzi və Talalar kənd Sənətkarlıq Evinin birgə təşkilatçılığı ilə baş tutdu. Mərasimə Bakı şəhərindən dəvət olunmuş qonaqlar, kitabın müəllifləri — filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri Səkinə Bayramova və dosent Yeganə Qəhrəmanova, şəhid ailələri, qazilər, təhsil işçiləri və rayon ictimaiyyəti qatılmışdı.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başladı. Mərasimi Balakən Mədəniyyət Mərkəzinin direktoru, ustad sənətkar Arzu Ocaqverdiyev aparırdı.
Çıxış edənlər — Ağa Ağayev, Hacı Muradov, Harunun valideynləri Məhəmməd ata və Kifayət ana, gəlinbacısı Pirdas xanım, müəlliflər Səkinə Bayramova və Yeganə Qəhrəmanova — Harun Alqayevin igidliyindən, vətənə olan sonsuz sevgisindən və döyüş yolundan danışaraq onun qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu vurğuladılar.
Zaqatala rayonundan gəlmiş şəhid analarının çıxışları tədbirə xüsusi duyğusallıq qatdı. Onlar şəhid övladlarının cismən yoxluğunu mənən varlıqları ilə yaşatdıqlarını ifadə etdilər. Şəhid bacısı Mehparə Murtuzəliyevanın çıxışı isə iştirakçılara duyğulu, həzin anlar yaşatdı.
Harun Alqayevin müəlliməsi olmuş Ayşə Alqayeva çıxışında Harunun hələ məktəb illərində hərbiyə olan marağını xatırlayaraq, onun qəhrəman olacağını öncədən hiss etdiyini bildirdi və belə bir igidin müəllimi olmaqdan qürur duyduğunu söylədi.
Tədbirin bədii hissəsində şəhidin həyatına həsr olunmuş film nümayiş olundu, şeir kompozisiyaları təqdim edildi, vətənpərvərlik ruhunda mahnılar səsləndirildi və “Türk Harun” adlı səhnəcik nümayiş etdirildi.
Qəhrəmanlıq unudulmur, yaşadılır…
Bu təqdimat mərasimi bir daha sübut etdi ki, Harun Alqayev kimi igidlərin xatirəsi təkcə ailələrinin deyil, bütün xalqın yaddaşında əbədi yaşayır. “Əfsanəvi kəşfiyyatçı – türk Harun” kitabı onun döyüş yolunu, vətənə olan sevgisini gələcək nəsillərə çatdırmaq üçün yazılmış bir mənəvi körpüdür. Balakən bu gün bir daha öz qəhrəmanına baş əydi, onun ruhunu yaşatdı.
Yeni Balakən



Daha çox foto üçün üstdəki Facebook işarəsinə tıkla.









